hundurdaban_ayaqqabi_00

Hündürdaban ayaqqabılar niyə məsləhət deyil?

Baxış sayı: 2. 154

Bəzi xanımlar hündürdaban çəkmə üzərində rahat, ağrısız gəzməyi bacarsa da, bir çoxları çəkmənin çəkdirdiyi əziyyəti açıq-aydın nümayiş etdirirlər. Duruşun dəyişməsi, dizlərin bədəndən önə əyilməsi, burxulmalar, zədələnmələr hər zaman hündürdaban geyinən xanımların ayaq problemləridir.Amerikalı ortoped mütəxəssislər hündürdaban çəkmələrin ayaqlara verdiyi zərərləri araşdırıblar. Araşdırmanın nəticələri barəsində hazırlanan qrafikə görə, hündürdabanlı çəkmələr geyən insanın duruşu, eyni zamanda ayaqlara həddən artıq yük düşdüyü üçün ayağın quruluşu dəyişir. Ayaqqabının burun qisminin dar olması nəticəsində isə üçüncü və dördüncü barmaqlar arasındakı sinirlər qalınlaşır və bu da ayaq barmaqlarında ağrı və hiss itkisinə gətirib çıxarır.Dar və dikdaban ayaqqabılar baş barmağın digər barmaqlara təzyiq etməsinə və ayaqların yan tərəfində sümük kimi şişin ortaya çıxmasına gətirib çıxarır. Aparılan son araşdırmalara görə, dikdaban ayaqqabı geyən qadınlarda oynaq ağrıları 26 faiz artır.

Əlverişsiz, dar və dikdaban ayaqqabılar bədənin də quruluşuna təsir edir. Ayaqlarla yanaşı onurğada da aşınma və forma pozuntusu meydana gəlir. Ortoped Mahmud Hacıyevin sözlərinə görə, 5 sm yüksəkliyindəki dabanda normal gediş pozulmağa başlayır. 7,5 sm-lik yüksəkliyində olan dabanda isə ayaqdakı yük və təzyiqin miqdarı 7 qat artır. “Gündəlik həyatlarında yüksəkdabanlı ayaqqabı geyinən xanımlar gün ərzində 6 km getmiş qədər ayaqlarını yükləmiş olurlar. Hündürdaban çəkmələr ayaqda ağrı və forma pozuntusu ilə yanaşı topuq, diz və belə də zərər verir. Tarazlıq tez pozulduğu üçün ayaqda burxulma riski artır və ayaq biləyindəki bağ və oynaqlarda zədələnmələrə gətirib çıxarır”.

Əgər mütəmadi olaraq hündürdaban çəkmə geyinirsinizsə, geyindiyiniz ayaqqabı dar və ayağınıza kiçikdirsə, özünü müəyyən problemlərə də hazırlamalısınız. Belə ki, dar ayaqqabılarda ayaqqabı ilə ayağın sürtünməsi nəticəsində ayaqda sərtləşmə yaranır və döyənək meydana gəlir. Döyənək daha çox barmaq altında və ya barmaq aralarında yaranır. Ortoped bildirir ki, hündürdaban çəkmələr ayaqda dırnaq problemləri də əmələ gətirir. Barmaqlar ayaqqabının ucuna doğru itələndiyindən barmaqlar formasız olaraq qıvrılır və barmağın orta oynağı bükülərək ayaqda ağrı yaradır. Hacıyevin sözlərinə görə, əgər qadın hündürdaban çəkmədən vaz keçə bilmirsə, ayaqlarının yorulmaması və ayaq problemlərinin yaranmaması üçün müəyyən məsləhətlərə əməl etməlidir. “Öncə çalışın ki, hündürdaban ayaqqabılardan çox az istifadə edəsiniz. Əgər işə gedərkən hündürdaban geymək məcburiyyətindəsinizsə, ya da geymək istəyirsinizsə, yanınızda dabansız bir ayaqqabı aparın. Oturan zaman ayaqqabılarınızı dəyişin ki, ayaqlarınız rahatlasın. Yox, əgər iş yerində hündürdaban geyinmək məcburiyyətindəsinizsə, o zaman işə gedib-gələrkən dabansız ayaqqabılara üstünlük verin. İş yerində fasilələr zamanı ayaq əzlələrinizi rahatlaşdırmağa çalışın. Axşamlar ayaqlarınızı ilıq suda 5-10 dəqiqə saxlayıb, sonra masaj edin”.

Mütəxəssis məsləhət görür ki, hər bir qadın özü üçün ayaqqabını axşam saatlarında almalıdır. Çünki gün boyu ayaqlarınıza yük düşdüyü üçün axşam ayaqlar şişər və genişlənər. Axşam alınan ayaqqabı rahat olduğu üçün gün boyu ayağınızı incitməz. Ayaqqabının uzunluğu və genişliyi ayaqla mütənasib olmalıdır. Yaş irəlilədikcə ayaq altında çökmə nəticəsində ayaqlar uzanar və ya genişlənər. Buna görə də mütəmadi olaraq ayaq nömrənizə diqqət edin.

Mütəxəssislərin fikrincə, ayaqqabı alarkən ayaq nömrəsi ilə almaq yanlış fikirdir. Çünki model və istehsalçılardakı qəlib nömrələri fərqli ola bilər. Ayaqqabını ayağa geymək və gəzərək sınayıb seçmək lazımdır. Ayaq problemlərinin qarşısını almaq üçün seçilən ayaqqabının dabanı 2,5 sm-dən yüksək olmamalıdır.

Ayaqqabının iç qismi çox sürüşkən və sərt olmamalı və ayağın təbii quruluşuna, yəni ayaq qövslərinə dəstək verəcək şəkildə olmalıdır. Ayaqqabının üst qismi ayaqqabının içində barmaqlarınızı qıvıracaq qədər yüksək və elastik olmalıdır.

Dikdaban ayaqqabılar gözəl və cazibədar görünə bilər, amma ağrı çəkmək dəbə uyğun deyil. /Ekspress.az/

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir