tehsil

Təhsildə gender bərabərsizliyini necə aradan qaldırmalı?

Baxış sayı: 2. 029

“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə” . Təhsil hamı üçün vacibdir. İnsanın özünü inkişaf etdirməsi, dünyagörüşünü genişləndirməsi, intellektual səviyyəsini artırması üçün təhsil ən lazımlı şərtdir. Yazının əvvəlində Hacı Zeynalabdin Tağıyevdən sitat gətirməyim əbəs yerə deyil. Lap qədim zamanlardan təhsilin həm qadın, həm kişi üçün olan əhəmiyyəti düzgün qiymətləndirilib. Xanım üçün təhsilin vacibliyi açıq-aydın görünür.

Bir xanımın elmli olması təhsilli nəslin yetişməsi deməkdir. Bunu anlayan valideynlər də övladlarının – həm oğlunun, həm qızının təhsil alması üçün hər bir şərait yaradır. Amma qəribə bir məqam var. Valideynlərlə söhbət zamanı bütün övladlarına oxumaları üçün eyni şəraiti yaratsalar da, qızlarında təhsilə marağın daha çox olduğunu deyirlər.

Həmsöhbətimiz Gülşən xanım oğlunun elmə olan marağından şikayətlənir: “Oğlumla qızım arasında 2 yaş fərq var. Oğlum 8-ci, qızım 6-cı sinifdə oxuyur. Yadıma gəlmir, qızıma bir dəfə də olsun deyim ki, get dərsini oxu. Amma bütün günü oğluma “dərs oxu” deyirəm. Daim onunla maraqlanmalı, nəzarət altında saxlamalıyam. Yoxsa kitab-dəftər yadına düşən deyil.  Qızımın qiymətləri də daha yüksəkdir. Səbəbi nədir, bilmirəm, amma hiss edirəm ki, oğlumda təhsilə maraq elə də yüksək deyil”.

Əslində Gülşən xanım bir çox valideynin yaşadığı situasiyanı dilə gətirdi. İndi əksər ailələrdə bu tip problem var. Valideynlər oğlan uşaqlarının təhsilə olan marağından razı deyillər. Hər iki övladları üçün eyni şəraiti yaratsalar da, oğlanlarından gözlədikləri nəticəni almadıqlarını deyirlər.

Görünür, Dövlət İmtahan Mərkəzinin apardığı araşdırmanın nəticəsi də bunu deyir. Belə ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, araşdırmaların nəticələrinə görə, qəbul imtahanlarında qızların hər bir fənn üzrə orta statistik nəticələri oğlanların orta statistik nəticələrindən daha yüksəkdir: “Amma müəyyən vaxt var idi ki, yüksək bal toplayanların arasında oğlanların sayı daha çox idi. Orta nəticələr göstərənlər isə əsasən qızlar olub. İndi isə bu tendensiya dəyişib. Artıq yüksək nəticə göstərənlərin sırasında qızların sayı çoxalıb. Yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə qızlar humanitar, oğlanlar texniki sahəyə meyil edir. On ildir ki, Azərbaycanda bu tendensiya dəyişib”.

Maraqlıdır, görəsən nəyə görə qızların təhsildə olan göstəriciləri oğlanların göstəricilərindən yüksəkdir? Sualımıza cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

 

Məktəb onlara pedaqoji-psixoloji cəhətdən elmi əsasla yanaşmalıdır  

Təhsil üzrə ekspert Əjdər Ağayev deyir ki, bu işdə valideyn və məktəb birlikdə iştirak etməlidir: “Bu məsələ Sovet dövründə də mövcud idi. Məktəblərin ən yaxşı oxuyan şagirdləri qızlar idi. Qızların əlavə işlərdə iştirakı olmur. Onlar bir evi işi görürlər, bir də məktəbə gedirlər.  Ona görə qızlar təlim-tərbiyə işində daha diqqətli və məsuliyyətli olurlar. Onlar çalışırlar ki, bu sahədə nailiyyətləri daha yüksək olsun. Amma oğlanların özünü göstərəcək sahələri çoxdur. Məsələn, idman, səyahətlər və s. bu kimi sahələrdə oğlanlar aktiv olduqları üçün elmə bir o qədər çox maraq yetirmirlər. Onu da deyim ki, məncə, elə belə olsa yaxşıdır. Çünki oğlan uşaqları ağır fiziki işlərlə də məşğul ola bilir. Amma qız zərif məxluqdur. Onların ağır iş görməsi məqsədəuyğun deyil. Yaxşı olar ki, qızlar təhsildə layiqli yerlərini tutub, yaxşı bir peşənin sahibi olsunlar. Düşdükləri mühit də oğlanların belə olmasına böyük təsir edir. Yəni yaxşı oxuyan oğlanın ətrafındakı pis oxuyanlar onu öz tərəflərinə çəkməyə çalışırlar. Və nəticədə onlar təsirə düşürlər. Amma qızlarda bu cür hal baş vermir. Bunun üçün də oğlanların aktivliyini təmin etmək üçün məktəb onlara pedaqoji-psixoloji cəhətdən elmi əsasla yanaşmalıdır. Oğlanların maraqlarını təmin edərək, təlimə cəlb etməlidirlər. Və bir də onların yoldaşlıq etdiyi şəxsləri öyrənmək lazımdır. Əgər o mühitdə tənbəl olan, müxtəlif xoşagəlməz vərdişlərə meyilli olan varsa, həmin insanlardan uşağı uzaq tutmalıyıq. Bu işdə məktəb də, valideyn də birgə iştirak etməlidir. O zaman oğlanları düzgün istiqamətdə formalaşdırmaq mümkün olar”.

 

Oğlanlar tez varlanmağa meyillidirlər  

Sosioloq Asif Bayramov bildirir ki, oğlanların təhsilə marağının aşağı səviyyədə olmasının səbəbi bir sıra amillərlə bağlıdı: “Bu amillərdən biri qloballaşma prosesidir. Digəri, postmodernizm düşüncəsinin Qərbdən Azərbaycana ötürülməsidir. Avropa ölkələrində böyüyən gənclər artıq demək olar ki, təhsilə az maraq göstərirlər. Çünki postmodern düşüncəsi gəncləri daha sürətlə pul qazanmağa, karyera qurmağa həvəsləndirir. Və bizim müasir gənclik, xüsusən də oğlanlar tez varlanmağa meyillidirlər. Təhsil sürətli varlanmaq, karyera qurmaq üçün əsas şərt deyil. Ona görə də biznes qurmaq marağı bizim oğlanların təhsilə olan marağını müəyyənləşdirən bir amilə çevrilib. Bu düşüncə Qərbdən qloballaşma adı altında ölkəmizə ötürülür. Bizim gənclərin şüuruna təlqin edilir. Ancaq qızlarımızın həyat tərzi və bizim milli əxlaqımız onların sürətli karyera qurmasını və zənginləşməsini əngəlləyir. Ona görə də bayaq saydığım amillər qızların təhsilə olan marağına ciddi təsir göstərmir”.

 

Oğlanlarda zəka, qavrama qabiliyyəti qızlara nisbətən daha yüksəkdir                             

Psixoloq Aydan Talıbova deyir ki, təhsil bizim ən yaralı yerimizdir, bu işdə ailənin rolu böyükdür: “Statistikaya baxanda, aydın görünür ki, ailələrdə oğlan və qız uşaqları arasında fərq qoyulur. Qız uşaqlarını daha çox sıxırlar ki, oxumalısan, təhsil almalısan. Valideynlər qızlarının təhsilli olmasına daha çox önəm verirlər. Bunun da səbəbi odur ki, sabah qızları ailə qurduqdan sonra nə isə bir problem yaransa, ya boşanarsa, ya həyat yoldaşı rəhmətə gedərsə, qızın əlində bir sənəti olsun. Özü ailəsini saxlaya bilsin. Digər bir tərəfdən, bizim mentalitetimizdə qızlara elə də çox sərbəstlik verilmir. Yeniyetməlik dövründə biz oğlanlarımızdan çox qızlarımıza qayda-qanun qoya bilirik. Ana oğlan uşağını ancaq yeniyetməlik dövrünə kimi tərbiyə edə bilir. Həmin yaşdan sonra bu işdə atanın rolu artır. Yeniyetməlik dövründən oğlanlar artıq başlayırlar dərs oxumamağa, internet klublara getməyə. Ona görə bu yaşda atanın nəzarəti vacibdir. Amma çox təəssüflə qeyd edim ki, yalnız 15-20 faiz ailələrdə ata övladı ilə maraqlanır. Bir məqamı vurğulayım ki, oğlanlarda zəka, qavrama qabiliyyəti qızlara nisbətən daha yüksəkdir. Sadəcə, oğlanların üzərinə düşülmədiyi üçün onların nəticələri zəif olur. Oğlanlar oturub qızlar qədər, hətta onların oxuduqlarının yarısı qədər oxusalar, nəticələri daha yüksək olar. Bundan başqa, uşaqlarımıza kimisə nümunə göstərəndə, çalışmalıyıq oxumuş, təhsilli insanlardan göstərək. Uşaqlarımızla vaxt keçirən zaman əyləncə mərkəzlərinin əvəzinə, kitabxanalara apara bilərik. Yəni uşaq görməlidir ki, valideyn onunla maraqlanır, onun təhsilli olması üçün çalışır. Bu zaman uşaq da elmə, təhsilə maraq göstərəcək”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir