bina

Mənzil bazarında qiymət artımının səbəbi nədir?

Baxış sayı: 1. 416

2017-ci ilin oktyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,46 faiz artıb. Bunu Trendə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ötən ay torpaq bazarı, eləcə də mənzil və kommersiya obyektlərinin icarəsi bazarı artım nümayiş etdirib.

O qeyd edib ki, hesabat dövründə torpaq bazarında qiymətlər 1,61 faiz, mənzil kirayəsi bazarında 6,06 faiz, kommersiya obyektlərinin kirayəsi 4,73 faiz bahalaşıb: “İlkin mənzil bazarında qiymətlər 0,41 faiz, təkrar mənzil bazarında 0,75 faiz, kommersiya obyektləri bazarında 4,88 faiz azalıb”. Ekspert bildirib ki, ilin əvvəlindən bazarda qiymətlər 9,16 faiz azalıb. Onun sözlərinə görə, ümumilikdə qiymətlərin ucuzlaşması bir qədər azalıb, torpaq bazarı və mənzil kirayəsi bazarında qiymətlər ilin əvvəlindən bəri müvafiq olaraq 4,71 faiz və 16,22 faiz artıb. Bazarın digər seqmentləri azalma nümayiş etdirib: “İlkin və ikinci mənzil bazarlarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 10,46 faiz və 4,31 faiz, kommersiya obyektləri bazarında 19,01 faiz, obyektlərin icarəsi bazarında isə 15,38 faiz azalıb”.

N.İbrahimov əlavə edib ki, oktyabr ayında qiymətlərin artımı mövsümi xarakter daşıyır: “Bu, adi haldır, yayda bir qədər azalmadan sonra payızda bazar fəallaşır. Biz bu il də bu prosesi müşahidə edirik. Fikrimcə, noyabr və dekabr aylarında qiymətlər artmaqda davam edəcək. İlin sonunadək qiymətlər daha 3-5 faiz bahalaşa bilər”.

Bəs görəsən, daşınmaz əmlak bazarındakı bu qiymət artımı tendensiyası mövsümi xarakterlilikdən çıxaraq, gələn il də davam edə bilərmi?

Məsələ ilə bağlı Nüsrət İbrahimovun özü ilə əlaqə saxladıq. O bəzi məqamları qeyd etdi və bildirdi ki, ilin sonuna kimi qiymətlərdə müəyyən artım istisna deyil: “Qiymətlərdəki bu artım mövsümlə əlaqədardır. Payız ayları daşınmaz əmlak bazarı üçün mövsümi aylar hesab olunur. İkinci bir məqam isə struktur dəyişikliyi ilə bağlıdır. Bəzi aylar bazara bahalı, bəzi aylar isə nisbətən ucuz mənzillər daxil olur. Belə struktur dəyişiklikləri zamanı ümumi orta qiymət dəyişməsi olur. Qiymət artımları adətən payızdan başlayaraq ilin sonunadək davam edir. Qeyd edim ki, ilin sonuna qədər 3-4 faiz də qiymət artımı ehtimal edilir”.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, əslində bu rəqəm daşınmaz əmlak bazarı üçün o qədər də böyük əmsal hesab edilmir: “Bu, əslində nisbi qiymət dəyişməsi kimi qiymətləndirilə bilər. Nisbi qiymət dəyişməsi isə bazar üçün elə də ciddi əhəmiyyət daşımır. Yəni göstəricilər ümumilikdə bazarın dinamikasına təsir göstərə biləcək səviyyədə olan qiymət artımı deyil. Məsələn, aylıq göstərici üzrə bazarda qiymət artımı təqribən 4-5 faiz həddinə çatarsa, bu zaman bazarda əhəmiyyətli dəyişiklikdən danışmaq olar. Yalnız o halda artımın baş vermə səbəbləri və göstəricilərini təhlil etməyə dəyər. 1-1,5 faizə qədər qiymət artımları dinamikanı dəyişmir. Orta qiymətlə götürsək, ən aşağı göstərici mənzil bazarı üçün təqribən min manatdan yuxarıdır. Yəni, min manatlıq göstəricidə 0,46 faiz dəyişmə elə də böyük əhəmiyyət kəsb etmir. Məsələn, kommersiya sahələrində və torpaq bazarında orta göstərici daha böyükdür. Bu sahələrdə 1-1,5 faizlik dəyişmələr, artımlar effekt verir. Mənzil bazarının indiki vəziyyətinə gəldikdə isə, hazırda mövsümlə əlaqədar olaraq dinamika müşahidə olunur. Amma bu dinamika ümumi göstəricilərə təsir edəcək həddə deyil. İndi gələn ilki ipoteka kreditlərinin şərtləri müzakirə edilir. Gələn ildən şərtlərin dəyişəcəyi gözlənilir. O cümlədən ipoteka, sosial mənzil fonduna ayrılacaq vəsaitlərin həcminin artırılması ilə bağlı dövlət büdcəsinə təkliflər edilib. Düşünürəm ki, bu təkliflər təsdiqini taparsa, gələn il üçün bazarda nəzərəçarpacaq dəyişikliklər ola bilər. Çünki qeyd olunan rəqəmlər bir il üçün böyük rəqəmlər hesab olunmasa da, müəyyən qədər əhəmiyyətlidir. İndiki halda mövsümlə əlaqəli olan dinamikanı nəzərə almasaq, bazarda hər hansı bir ciddi dəyişiklik baş verməyib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir