İnkluziv tehsil

İnklüziv təhsil niyə vacibdir?

Baxış sayı: 2. 129
Prezident İlham Əliyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. AZƏRTAC-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Təhsil Nazirliyi əlaqələndirsin. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Bəs görəsən sözügedən sərəncamın əhəmiyyəti nədir? Ümumiyyətlə, bu proqram necə icra olunmalıdır və burada əsas hansı məqamlar nəzərə alınmalıdır?
Təhsil eksperti, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov sərəncamın əhəmiyyətindən söz açdı: “Bundan əvvəl Birinci vitse-prezident Mehriban Əliyeva da öz çıxışlarından birində bildirib ki, biz inklüziv cəmiyyət yaratmalıyıq. İnklüziv cəmiyyət o demək deyil ki, burda ancaq xəstələr olsun. Bu cəmiyyətə digər inkişaf etmiş uaşaqlar da daxildir. Bildiyiniz kimi, müxtəlif cür, yəni aktiv, hiperaktiv, sağlamlığı ilə bağlı müəyyən problemləri olan elə uşaqlar var ki, bu uşaqlar üçün normal cəmiyyət formalaşdırılmalıdır. Əslində sağlamlıq məhdudiyyəti olan  uşaqlar da digərləri kimi təhsil almalıdırlar. Çünki təhsil almaq hamı kimi onların da hüququdur. Prezidentin bu günlərdə imzaladığı sərəncam da məhdud sağlamlığı olan uşaqların həm sosial müdafiəsi, həm də onların təhsilə cəlb olunması və təhsildən sonra müvafiq iş yerləri ilə təmin olunması məsələsini əhatə edir. Təhsil Nazirliyində sözügedən məsələ ilə bağlı müxtəlif addımlar atılmağa başlayıb. Həmçinin “ASAN” Xidmətdə də bəzi təşəbbüslər irəli sürülüb. Cəmiyyət bunu qəbul etməlidir ki, ağ və qara rənglər olduğu kimi, müxtəlif tip insanlar var. Heç kim bu xəstəliklərdən sığortalanmayıb. Ona görə də bu sahədə müxtəlif işlər görülməlidir ki, o uşaqlar təhsil ala və cəmiyyətdə özlərinə yer tapa bilsinlər. Sərəncamla peşə təhsilinə müxtəlif üstünlüklər veriləcək. Həmçinin ali təhsildə də bəzi məsələlərə diqqət yetiriləcək. Sağlamlığında qüsurlar olan uşaqlarla bağlı müəyyən texniki məqamlar təhsil müəssisələrində mütləq nəzərə alınmalıdır. Orta məktəblərdə, orta ixtisas və ali təhsil müəssisələrində vacib detalların hamısı nəzərə alınmalıdır. Həmin uşaqların fiziki və psxioloji sağlamlığına zərər verə biləcək həssas amillərə diqqət yetirilməlidir. Bu uşaqlar özlərini cəmiyyətdə digərləri ilə bərabərhüquqlu bilməli və bunu hiss etməlidirlər. Qeyd edim ki, proqramda nəzərdə tutulan tədbirlərlə yanaşı, müxtəlif müəssisələrin də üzərinə öhdəliklər düşür. Hər bir qurum proqrama uyğun öz daxili proqramını hazırlamalı və onu icra etməlidir”.
Təhsil eksperti Əjdər Ağayev deyir ki, inklüziv təhsilin kütləvi hal alması çox müsbət məqamdır: “Sərəncam bu uşaqların təhsilinə ayrılan vaxtı və formanı müəyyənləşdirəcək. Proqramla bunun üçün xüsusi ixtisaslı kadrlar təyin edilir. Çünki sağlamlığı ilə bağlı problemi olan uşaqların da müxtəlif tipləri var. Düşünürəm ki, sözügedən sərəncamın çox böyük əhəmiyyəti var. Məhdud sağlam uşaqların sayı ildən-ilə artır. Bu baxımdan inklüziv təhsilin kütləviləşməsi çox vacib məqamdır”.
“Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü mövzu ilə bağlı bəzi məqamları qeyd etdi: “Azərbaycanda 60 minə yaxın uşağın belə bir təhsilə ehtiyacı var. Təhsil Nazirliyi bu günə kimi inklüziv təhsilin inkişafı və mövcud problemlərin həlli ilə bağlı bir sıra layihələr icra edib. Amma prezident tərəfindən belə bir sərəncamın verilməsi və bu konsepsiyanın hazırlanması sağlamlığı məhdud uşaqlara bütövlükdə cəmiyyətin diqqətini cəlb etmiş olacaq. Düşünürəm ki, bu uşaqların təhsili, onların asudə vaxtlarının səmərəli təşkili, qida təminatı, müalicəsi, maddi-texniki təminatı istiqamətində sərəncamın böyük rolu olacaq. Sağlamlığı məhdud olan uşaqlar üçün bu çox böyük əhəmiyyət kəsb edir. Həmin uşaqlarla bağlı indiyə qədər həyata keçirilən layihələrində əsas məqsəd onların cəmiyyətə adaptasiya olmasıdır. Sərəncam isə onların müəyyən sosial vərdişlərə, bilik və bacarıqlara cəlb olunmasına gətirib çıxaracaq. Bu uşaqlar  özlərini cəmiyyət üçün faydalı və yararlı hiss edəcəklər və bu onlar üçün psixoloji baxımdan da çox vacibdir. Bizim də əsas məqsədimiz məhz budur”.
Şəbnəm Mehdizadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir