Bəzən Yeni il günlərində uşaqlarını əyləndirmək üçün müxtəlif şənliklərə aparan valideynlər belə tədbirlərdə övladlarının şənlənməkdənsə, daha aqressiv olması halları ilə rastlaşırlar. Yeni il şənliklərində Şaxta Baba ilə rastlaşan bəzi balacalar onu görən kimi qışqırmağa, ağlamağa başlayırlar.
Valideynlər elə şənliklərdə olarkən uşaqlarında yaranan bu qorxu hissini azaltmağa, onu sakitləşdirməyə çalışsalar da, bu, öz effektini vermir. Nəticədə də valideyn uşağı ilə birlikdə şənliyi tərk etmək məcburiyyətində qalır. Bəzi valideynlər uşaqlarının şənliklərə bu cür yanaşmasına laqeyd yanaşsa və bunu uşağının bir ərköyünlüyü hesab etsə də, əslində, bunun səbəbləri başqadır.
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı bildirir ki, belə hallar daha çox qapalı, bağçaya getməyən, dayə yanında böyüyən uşaqlarda olur:
“Yeni il şənliklərindən daha çox qapalı uşaqlar qorxurlar. Daim ev mühitində böyüyən uşaqlar Şaxta Babanın uzun saqqalını, onun görünüşünü gördükdə qorxurlar. Əslində, onları həm də şənlikdəki səs-küy qorxudur. Belə uşaqlar yalnız Yeni il şənliklərinə deyil, ilk dəfə qonaqlığa gedəndə də ağlayırlar. Nəzərə alaq ki, indi informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdür və uşaqlar planşetlərdən, telefonlardan daha çox istifadə edirlər. Ona görə də indi qapalı uşaqların sayı daha çoxdur”.