oturaq is

Peşə xəstəliklərindən necə qorunaq?

Baxış sayı: 1. 855
Bir çoxlarımız günün böyük hissəsini işdə keçiririk. Bəzən hətta elə olur ki, işlərin çoxluğundan yemək yeməyi belə unuduruq. Ayaqüstü yeyilən qidalar, normadan az yuxu, bütün günü ofisdə kompüter başında hərəkətsiz formada saatlarla iş… Ola bilər ki, işin forması peşələrə görə fərqli olsun, amma çoxları işləyərkən sağlamlığını o qədər də diqqətə almır. Bütün bunlar isə sağlamlığımıza mənfi təsirini göstərir, bəzən peşə xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Hər peşə isə öz xüsusiyyətlərindən dolayı sağlamlığımızda bir xəstəlik yarada bilir. Bəs hansı peşə sahibləri hansı peşə xəstəlikləri ilə üzləşirlər? Bu cür xəstəliklərdən necə qoruna bilərik?
Bu suallarımıza Peşə Xəstəlikləri Klinikasının baş həkimi Sevda Xəlilova cavab verdi. O, ilk olaraq iş prosesi zamanı yarana biləcək peşə xəstəliklərindən söz açdı: “Əmək prosesində peşə zərərlərinin orqanizmə təsiri nəticəsində yaranan xəstəliklərə peşə xəstəlikləri deyilir. Bu xəstəliklər şərti olaraq 5 qrupa bölünür: kimyəvi, fiziki, bioloji amillərin, tozun və gərginliyin təsirindən yaranan xəstəliklər. Bundan başqa, etioloji qruplar da mövcuddur ki, bunlara peşə təbiətli allergik xəstəliklər aiddir”.
Mütəxəssis bildirdi ki, adətən peşə xəstəlikləri kəskin və xroniki olur: “Xroniki peşə xəstəlikləri əlverişsiz istehsal amillərinin uzunmüddətli təsiri nəticəsində yaranır. Kəskin peşə xəstəlikləri yüksək konsentrasiyalı zəhərli maddələrin qəfildən birdəfəlik təsiri nəticəsində yaranır. Yəni, kəskin zəhərlənmələr və allergik xəstəliklər əmək fəaliyyətinin müddətindən asılı deyil. Xroniki peşə xəstəlikləri isə 10-15 il müddətində tədricən inkişaf edir”.
Həmsöhbətim peşə xəstəlikləri ilə bağlı bəzi maraqlı məqamları da vurğuladı: “Bütün bu qeyd etdiklərimlə  yanaşı, bəzi peşə xəstəlikləri var ki, onlar hətta əmək fəaliyyətini dayandırdıqdan sonra da inkişaf edə bilir. Bunlara misal olaraq pnevmokoniozlar, peşə təbiətindən asılı olan onkoloji xəstəliklər aiddir”.
S.Xəlilova son iyirmi il ərzində peşə xəstəliklərinin miqdarında xeyli azalma müşahidə edildiyini söylədi: “Sovet dövründə Azərbaycanda zəhərli və təhlükəli istehsal sahələrinin çoxluğu bu sahələrdə çalışanlar arasında peşə xəstəliklərinin də artmasına səbəb olub. Müasir dövrdə sovetlər dövründən miras qalmış zərərli və təhlükəli istehsal sahələrinin yeni və müasir tələblərə cavab verən istehsal sahələri ilə əvəz edilməsi, peşə xəstəliklərinin də miqdarını xeyli azaldıb”.
S.Xəlilova bildirdi ki, elə  peşələr var ki, ağır iş rejimi olmasa belə, zamanla o işdə işləyən əksər şəxslərin orqanizmində bənzər neqativ hallar müşahidə edilir: ” Məsələn, müəllimlər, müğənnilər də peşə xəstəliyinə düçar olurlar. Onların əsas işi danışıq, oxumaqla bağlı olduğu üçün  peşə xəstəliyi səs telləri ilə bağlı olur. Hətta müğənnilərin boğazlarında “müğənni düyüncükləri” deyilən düyünlər yaranır. Uzun müddət soyuq şəraitdə ayaq üstə dayanmaq tələb edən peşələrdə çalışanlarda aşağı ətrafların varikoz damar genişlənməsi ola bilir. Psixiatrlar uzun müddət psixi xəstələrlə təmasda olduqları üçün çalışdıqları mühit, şərait onlarda peşə xəstəliyi – nevrozlar əmələ gətirir. Bu, psixoloqlara aid deyil. Laboratoriyada işləyənlər təhlükəli virus və bakteriyalarla təmas zamanı hər hansı virusa yoluxa bilərlər. Ancaq burada problemin həkim səhvindən, yoxsa şəraitdən dolayı yaranmasını araşdırmaq lazımdır”.
Həkimin sözlərinə görə, peşə xəstəlikləri erkən aşkar edildikdə onu tam müalicə etmək mümkündür: “Adətən belə xəstəliklərin müalicəsi üçün həmin şəxs öz peşəsindən müvəqqəti uzaqlaşdırılır. Bu müddət ərzində o, lazımi müalicə qəbul edir. Vaxtında düzgün diaqnozun qoyulması və müalicənin tətbiqi çox mühümdür. Bəzən xəstənin müalicədən sonrakı sağlamlıq durumundan asılı olaraq işçi, öz peşəsinə qayıda bilir. Xəstəliyin inkişaf etmiş və gecikmiş formalarında isə vəzifəsindən uzaqlaşdırmaqla, qismən müalicə etmək mümkündür. İşçi əmək qabiliyyətini itirdikdə isə həkim sosial ekspert komissiyasına göndərilir və əmək qabiliyyətinin itirilmə dərəcəsinin təyin edilir”.
Mütəxəssis peşə xəstəliklərindən necə qorunmağın yolları barədə də danışdı: “Peşə xəstəliklərinin profilaktikası məqsədi ilə ilk növbədə qanunverici akt və bu kimi digər sənədlərə mütləq  riayət edilməlidir. Əsas məqamlardan biri də sanitar texniki tədbirlərin həyata keçirilməsi məsələsidir. Peşə xəstəliklərindən qorunmaq üçün iş fəaliyyəti zamanı kollektiv və fərdi qorunma vasitələri, qoruyucu geyimlər, eynəklər, əlavə qidalanmalar da çox vacibdir. Ölkəmizdə işçilər «Bədbəxt hadisə və peşə xəstəliklərinə görə» icbari sığortalanıblar. Hər bir peşənin yerinə yetirilməsində insan orqanizminə təsir göstərən amillər müxtəlif olduğu kimi, onların törətdikləri xəstəliklər də müxtəlif olur. Məhz buna görə də zərərli amillərin azaldılması, ümumi xəstəliklərin qarşısının alınması, orqanizmin möhkəmləndirilməsi, fiziki aktivliyin artırılması hər növ stressin azaldılması peşə xəstəliklərinin qarşısının alınmasının əsas yoludur”.  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir