derman

Müalicənin qeyri-effektivliyinin səbəbi həkimlər, yoxsa dərmanlardır?

Baxış sayı: 1. 341

Son zamanlar xəstələr həkimlərimizin məsləhəti ilə daha çox  dərmanları xaricdən, qonşu Türkiyədən və ya Almaniyadan, eləcə də başqa ölkələrdən gətizdirməyə başlayıblar. Ekspertlər bildirirlər ki, yerli apteklərdə alınan dərmanların müalicəyə təsiri ilə xaricdən gətizdirilən dərmanların təsiri arasında yerlə göy qədər fərq var. Lakin bunu diaqnozun düzgün qoyulmaması ilə bağlayanlar da var.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycandakı dərmanların keyfiyyətsizliyi üzündən bir çox hallarda xəstələrin müalicəsinin effektiv olmaması ilə bağlı məlumatlara münasibət bildirib. Mərkəzin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov deyib ki, müalicənin effektiv olmaması dərmanın keyfiyyətsız olmasına görə deyil, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən ola bilər: “Hər bir insan orqanizmi fərdidir, buna görə də hər bir orqanizmə individual yanaşmaq lazımdır. Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən həmin dərman vasitələrinin müalicə üçün xeyri olmur. Çünki müalicə üçün düzgün dərman seçilməyib. Amma diaqnoz düzgün qoyulduqda həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə, müalicə öz effektini verir. Yəqin ki, dərman xəstəyə individual olaraq təsir göstərməyə bilər. Bu da insan orqanizmindən asılıdır. Hər bir təsiredici maddələr üçün alternativlər var” (“Trend”).

Tibbi ekspert Hüseyn Mehdiyev bildirir ki, Almaniyadan alınan dərmanların keyfiyyəti ilə Azərbaycandakı apteklərdən alınan dərman arasında fərq çox olur: “Bizim apteklərdəki dərmanlar nədənsə, bəlkə də müəyyən səbəblər üzündən daha keyfiyyətsiz çıxır. Bunu ancaq belə izah etmək olar ki, xəstə Almaniyadan alınan dərmanı içdikdə sağalacağına özünü psixoloji inandırır. Necə olur ki, Almaniyadan alınan dərmanı xəstə qəbul edəndə özünü yaxşı hiss edir? Amma bizim apteklərdən alınan dərmanlarla müalicə uzun sürür və az effekt verir. Bizim apteklərdə Almaniya istehsalı olan dərman adı ilə satılan dərmanlar belə o effekti vermir. Bunu yalnız həkimlər deyil, bütün insanlar da özündə hiss edir ki, apteklərimizdə satılan dərmanlar keyfiyyətsizdir”.

Mehdiyev hesab edir ki, dərmanların təsirinin gec və ya az hiss olunması bu gün kommersiya məqsədilə müxtəlif yollarla Azərbaycana gətirilən dərmanların keyfiyyətsizliyi üzündən, eləcə də, diaqnozun düzgün qoyulmaması səbəbilə də baş verə bilər: “Diaqnozun düzgün qoyulmaması da burada rol oynayır. Bu fikri də tam inkar etmək olmaz. Düzgün diaqnoz qoyulmadıqda həkimin təyin etdiyi dərmanlar, təbii ki, təsirini verməyəcək, hətta əksinə olacaq. Amma bu faktı da dana bilmərik ki, eyni həkimlər eyni adlı, lakin xaricdən alınan və ya öz apteklərimizdə satılan dərmanlarla müalicə edir və yerli apteklərdən alınan dərmanların az təsirli olduğunu görür. Bu təcrübəyə görə həkimlər dərmanların molekullarının adını yazır və deyir ki, bunu Türkiyədən və ya Almaniyadan gətizdir, buradan alma. Xəstəyə eyni diaqnoz qoymusan və eyni müalicə aparırsan, amma görürsən ki, xaricdən dərman gətizdirən xəstə daha tez sağalır”.
Həmsöhbətimizin dediyinə görə, bəzən şirkətlər ucuz qiymətə ölkəyə dərmanlar gətirir və apteklərə ötürürlər: “Bəzən həkimin heç yazmadığı dərmanı xəstəyə satırlar. Belə şeylər həqiqətən də olur”.

Oxşar hadisə ilə Bakı sakini Günay Məmmədli da rastlaşıb. O, bizə şikayət edib ki, “Azadlıq prospekti” metrostansiyası yaxınlığındakı apteklərin birindən həkimin dediyi bahalı antibiotik dərmanı almaq istəyib: “Aptekdəki satıcıdan dərman istədim. O da cavabında mənə dedi ki, belə antibiotik bizdə var. Dərmanı paketə büküb verdi və təriflədi ki, çox yaxşı dərmandır. Belə hallarla bir neçə dəfə rastlaşmışam. Eləcə də, apteklərdə həkimlərin təyin etdiyi dərmanları soruşanda deyirlər ki, həmin dərmanlar yoxdur, amma başqa dərmanları tərifləyir və onları almağı məsləhət görürlər”.

Tibbi ekspert Adil Qeybulla bildirir ki, diaqnozun qoyulması ilə bağlı çətinliklər dünyanın hər yerində var: “Diaqnozla bağlı xeyli çətinliklər var. Məsələn, ağciyər xərçənginin ilkin diaqnostikasında dünyanın hər yerində çətinliklər var”.

Onun dediyinə görə, bu sahədə sistemsizlikdən qaynaqlanan məsələlər də var: “Bir həkimin çoxsaylı sahələrlə məşğul olması, sahə mütəxəssislərinin öz işi ilə məşğul olmamasının da təsiri var. Bəzən xəstələr öz ixtisası üzrə olan lazımi həkimin yanına düşmürlər. Ona görə də diaqnozun səhv qoyulması ilə bağlı problemlər Azərbaycanda daha çox rast gəlinir”.

Müsahibimiz qeyd edir ki, bu gün ölkədə analizlər analizator deyilən aparatlarla aparılır: “Aparata qan və reaktiv verilir. Həmin analizlər müəyyən xətalarla çıxa bilər. Dünyada ayrı-ayrı ölklərin istehsal etdiyi firmaların reaktivlərin normativləri fərqlidir. Məsələn, adi şəkər aparatlarının, qanda şəkəri yoxlayan aparatların bəzilərində fərqli-fərqli normativlər var. Eləsində var ki, 80-140 norma sayılır. Eləsi var 80-110 norma sayılır. Ona görə də analizlər zamanı beynəlxalq normalara baxmaq lazımdır. Normativlərdən asılı olaraq analizlərin cavabı fərqli ola bilər. Amma bir tibb müəssisəsində analizdə virus hepatit çıxsın, digərində isə çıxmasın, başqa xəstəlik göstərilsin. Əlbəttə ki, bu ciddidir və araşdırılmalıdır”.

Poliklinikaların, digər dövlət xəstəxanalarının çox vaxt analiz üçün xəstələri özəl tibb müəssisələrinə yönləndirməsinə gəlincə, ekspert vurğulayıb ki, dövlət xəstəxanalarının təchizatı özəllərdən geri qalır: “Özəl klinikaların imkanları daha çoxdur, onlar daha müasir avadanlıqlar alırlar”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir