Usaq

Qaranlıqdan qorxan uşaqla necə davranmalı? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 518

“Gencaile.az” psixoloq-konsultant Məsumə Şahmərdanlının məqaləsini təqdim edir.

 

Qaranlıqdan, yüksək səsdən, heyvanlardan, həşəratlardan, hətta insanlardan da qorxan bir çox uşaq tanıyırıq. Bu qorxuların miqdarı həddi keçməzsə, müsbət hal sayılıb, hətta onların üzləşəcəyi xətərlərin qarşısını almaqda gözəl amillərdən sayılır. Deməli, uşaqlarda məntiqi olmayan, həddi aşan qorxularla mübarizə aparmaq lazımdır.

Uşaqlarda qorxu hissi 1-3 yaşlarından etibarən yaranmağa başlayır. Bu qorxular valideyndən ayrılma qorxusu, yüksək səslər (göy gurultusu, tozsoran və s.), tanımadığı insanlarla qarşılaşmaq və sair kimi səbəblərdən yaranır.

4-6 yaşlı uşaqlar div, şeytan, qaranlıq, gecələr eşitdiyi qəribə səslərdən qorxmağa başlayırlar. Həmçinin 6 yaşdan etibarən uşaqlar məktəbdən, təbii hadisələrdən (sel, zəlzələ və s.), xəstəlik və uğursuzluqdan çox qorxurlar.

Uşaq və yeniyetmələrin qorxularının artmasının əsas səbəblərindən biri valideynin laqeydliyidir. Övladının qorxduğunu bildiyi halda onu öz qorxusu ilə təhdid etmək bu qorxuları daha da artırır.

Bəzi valideynlər övladlarının qaranlıqdan qorxduğunu bilə-bilə onu qaranlıq məkanlara salıb, cəzalandırmaqla tərbiyə etməyə çalışırlar. Həmçinin övladı həkimdən və iynədən qorxduğu halda onu bu vasitələrlə qorxudan valideyn hələ də az deyil. Lakin həmin bu uşaq yeniyetməlik dövrünə çatdıqda valideyn onun qaranlıqdan qorxduğunu biləndə “bizim nəslimizdə qorxaq yoxdu, sən kimə oxşadın?”, “bunlar sənin qurmalarındı, istəsən qorxmazsan” kimi sözlər deyib, onları bu işdən çəkindirməyə çalışırlar. Halbuki bu qorxaqlığın bu qədər inkişaf edib, övladının bütün vücudunu sarmasına səbəb məhz özlərinin məntiqsiz davranışları olduğunu unudurlar. Buna görə də qorxutmaqdan tərbiyə vasitəsi kimi istifadə etmək qətiyyən olmaz.

Əgər övladınız öz qorxusundan sizə söz açırsa, onun sözünü kəsmədən diqqətlə dinləyin. Çalışın ki, onu öz qorxusuyla üzləşdirəsiniz. Məsələn, qaranlıqdan qorxan uşaqla birlikdə qaranlıq otağa girin. Gah işıqda, gah da qaranlıqda onunla bir yerdə oturub, heç də qorxulu olmadığından danışın. Tək otaqda yata bilməyən uşağın qapısını açıq qoyun. Dəhlizdə işığı yanıq saxlayın. Övladınızı özünüzlə yatızdırmaqla onun qorxusunu daha da artırmayın. Düzdür, siz onu öz yanınızda yatırdanda o, rahat yatacaq və qorxmayacaq. Lakin bu qorxusuna heç vaxt qalib gələ bilməyəcək. Yaxşı olar ki, bu vəziyyətlərdə onu qucaqlayın, başına sığal çəkin və “sən güclüsən”, “sən şücaətlisən” deyin.

Həmçinin, onlara bu cür qorxuların bəzi səbəblərdən yarandığını, lakin ötəri olduğunu mütləq söyləyin. Hətta özünüzdən və başqalarından ona misallar da çəkə bilərsiniz. Məsələn, “mən də sənin kimi balaca olanda bəzi şeylərdən qorxurdum. Lakin bir az böyüdükdən sonra qorxmadım” deməklə onu rahatlada bilərsiniz. Hətta övladınızın əvvəllər qorxduğu, lakin indi qorxmadığı hadisələri yadına salıb onu cəsarətləndirə bilərsiniz.

Bəzi uşaqlar isə daha çox tüklü heyvanlardan qorxurlar. Bunlar it, pişik, siçan, hətta toyuq ola bilər. Bu cür vaxtlarda ona “adam pişikdən qorxar?”, “ayıb olsun sənə”, “sən kişisən, qorxaq olma” kimi sözlər əvəzinə, belə demək olar: “Gəl, birlikdə pişiyin yanına gedək. Bax, o, bizi görən kimi qaçdı. Deməli, pişik bizdən qorxur. Elə deyilmi?”

Övladınıza “həmişə qorxursan”, “nə vaxta kimi qorxaq olacaqsan?” demək əvəzinə bunları deyə bilərsiniz: “Sən bu problemi həll edə bilərsən”, “səni başa düşürəm, lakin bilirəm ki, özün istəsən və çalışsan, mütləq müvəffəq olacaqsan”.

Əgər azyaşlı övladınız nədənsə qorxursa, onu oyun vasitəsiylə də qorxusuna qələbə çalmağa şövqləndirmək olar. Yetər ki, seçdiyiniz obraz oyunda öz qorxularına qalib gəlsin. Övladınız da bu oyunları müşahidə etmək və sizi təqlid etməklə öz qorxularına necə qələbə çalmağı öyrənəcəkdir.

Valideynlərin diqqət etməli olduğu məsələlərdən biri də övladlarına sakit mühit yaratmalarıdır. Çünki tez-tez baş verən ailə münaqişələri səbəbiylə uşaqlarda olan qorxular daha da artır və uzun müddətli olur.

Məsumə Şahmərdanlı adlı şəxsin şəkli.

Valideynlər nələrdən çəkinməlidirlər?

1. Övladınızı qorxduğuna görə lağa qoymayın və başqalarının da bunu etməsinə icazə verməyin.

2. Onun yanında qorxulu şeylərdən danışmayın. Öz qorxularınızı üzə vurmaqla onun qorxusunu daha da artırmayın.

3. Qorxaq olduğu üçün övladınızı təhqir etməyin.

4. Qorxaq olduğu üçün övladınızı həddindən artıq qorumayın.

5. O, qorxduğu zaman əsəbləşib, üstünə qışqırmayın. Xüsusilə də əgər hazırda qorxu içindədirsə.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir