aile budcesi

Büdcənizi düzgün planlaşdırırsınız?

Baxış sayı: 1. 482

Büdcəyə nəzarət etmək və onu planlaşdırmaq fikrinə düşmək çox müsbət haldır. Lakin bunu düzgünmü edirsiniz? Bu zaman yol verdiyiniz səhvlər büdcə planlaşdırılmasının xeyrinizə işləmək əvəzinə ziyanla başa gəlməsinə səbəb ola bilər. Şəxsi və ailə büdcənizi planlaşdırarkən maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün aşağıdakı ən çox yol verilən səhvlərdən yayının.

 

Şəxsi keyfiyyətlərinizi diqqətə almırsınız:

Büdcəni real xərclər və davranışa əsaslanaraq planlaşdırmaq mütləqdir. Növbəti ay üçün büdcəni planlaşdırıb, sonra isə özünüzü və ailənizi bu çərçivəyə sığışmağa məcbur etmək məntiqli davranış deyil. Məsələn, büdcənizə nəzarət etmək qərarına gəldiniz, lakin əvvəldən bilirsiniz ki, bu büdcə planı hər hansı xırda alış-verişlərə pul xərcləməyə icazə verir. Bu halda ciddi məhdudiyyətlər heç bir işə yaramayacaq.

Bu o demək deyil ki, düşünmədən pul xərcləyə bilərsiniz. Büdcəyə nəzarət edilməsinin məqsədi – sadəcə olaraq xərclənən hər manatı izləmək deyil, maliyyə vərdişlərinizi yenidən nəzərdən keçirmək və düzəlişlər etməkdir.

 

Gözlənilməz xərcləri nəzərə almırsınız:

Büdcəni planlaşdırarkən mütləq olaraq bilmək lazımdır ki, bəzən adi zamanlarda olduğundan daha çox pul xərləməli olursunuz. Məsələn, təcili olaraq avtomobili təmir etdirmək və yaxud bahalı dərman almaq lazım gəlir. Həyatda hər şey baş verə bilər.

Hansısa ay ərzində müəyyən qədər sərbəst vəsaitə sahib olduqda bunu bayram etməyə tələsməyin. Bu məbləği gələcəkdə baş verə biləcək gözlənilməz hadisə və xərclər üçün saxlayın.

Şüuraltı olaraq büdcənizi qorumaq istəmirsiniz:

Maliyyə planlaşdırılması qaydalar üzrə yaşamağı bacarmayan şəxslər üçün kifayət qədər çətin işdir. Əgər siz də bu xüsusiyyətlərə maliksinizsə, adi büdcənin planlaşdırılması ideyasını tənqid edəcəksiniz və bu üsulun faydasına inanmayacaqsınız.

 

Qazandığınızdan daha çox xərcləyirsiniz:

Bu halda üç çıxış yolunuz var: xərcləri azaltmaq, gəliri artırmaq və yaxud hər ikisini birləşdirmək. Hazırda olduğunuz vəziyyəti təhlil edin və bunu necə yoluna qoymaq barədə qərar qəbul edin.

 

Tez-tez borc götürürsünüz:

Kimdənsə borc pul götürdükdə elə düşüncə yarana bilər ki, guya büdcəniz çərçivəsində qalırsınız. Lakin axı əvvəl axır bu borcu geri qaytarmalı olacaqsız. Üstəlik bu borclar üst-üstə yığıldıqda, gələcəkdə maliyyə vəziyyətiniz daha qəliz vəziyyətə düşəcək.

 

Əmanət toplamırsınız:

Əmanət toplamadan gələcəkdə maliyyə müstəqilliyinə nail olmaq mümkün deyil. Bu səbəbdən də hər ay heç deyilsə kiçik bir məbləği əmanət olaraq kənara qoyasınız.

 

Özünüzü həddindən artıq məhdudlaşdırırsınız:

Büdcəni planlaşdırmağa başlarkən lap əvvəldən həyatınızı kökündən dəyişmək düzgün qərar deyil. Bunu mütəmadi olaraq etmək lazımdır. Daha çox pula qənaət etmək üçün bütün əyləncələrdən imtina etməyin. Özünüzə biraz dincəlməyə icazə verin.

 

Büdcəyə nəzarət etmək üçün uyğunsuz zaman seçmisiniz:

Əgər bu yaxınlarınızda ailə üzvləriniz artıbsa və yaxud bahalı əməliyyat keçirmisinizsə öz maliyyə məsələlərinizi dəqiq olaraq planlaşdırmağa başlamaq çox çətindir. Yeni vəziyyətə uyğunlaşacağınız ana qədər gözləyin və vəziyyət stabilləşəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir