Məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlərin görülməsinə baxmayaraq, bu məsələ cəmiyyəti hələ də narahat edir. Bu problem dünən Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda da müzakirə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər: “Nəzərinizə çatdırım ki, bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçun məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Bu, yerlərdə monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasına səbəb olur”.
Psixoloq Ramil Nəcəfli bildirir ki, nəinki Azərbaycanda, bütün dünyada kişilərlə qadınlar anlaşa bilmirlər: “Bir-birini tanımadıqlarına və bunun fərqinə varmadıqlarına görə. Qarşıdurmalar, zorakılıqlar hamısı ondan qaynaqlanır ki, kişi və qadın tipi çox fərqlidir. Həyata və dünyaya baxışları, reaksiyaları da fərqli olur. Cinslər gərək bir-birini tanısınlar ki, həyat onlar üçün asanlaşsın. Qarşı cinsi tanısalar, o qədər də əziyyət çəkməzlər”.
Nəcəfli qeyd edir ki, kişilərin qadınlara qarşı zorakılığı bütün dünyada var: “Dünyanın hər yerində kişilər qadınlara qarşı zorakılıq tətbiq edirlər. Kişilər məsələlərə konkret yanaşırlar. Qadınlar isə hiss və emosiyalara daha geniş yer verirlər, bu, onların fərqli özəllikləridir”.
Həmsöhbətimiz əlavə edir ki, qadınların etdikləri səhvlərlə bağlı kişi tənbeh və tərbiyələndirmək məqsədilə də qadına əl qaldıra bilər: “Öz aləmində cəzalandırmaq, mühakimə etmək məqsədilə qadını məişət zorakılığına məruz qoyur”.
Psixoloq Ruhiyyə Rüstəmova deyir ki, uşaqlar artıq bələkdən tərbiyə olunurlar: “Uşaqları zorakılığa özümüz də bilmədən kiçik yaşlarından öyrədirik. Belə ki, valideynlər adətən övladlarını “Səni vurdusa, sən də vur!” prinsipi ilə tərbiyə edirlər. Oğlan uşağı ağlayırsa, “Sənə ağlamaq olmaz, sən möhkəm olmalısan”, təsadüfən uşaq hansısa əşyaya toxunub ağlayırsa, əşyanı vurub uşağa “Sən ağlama!” fikrini çatdırırıq. Artıq bununla uşağa onu incidən obyekti incitməyi öyrədirik. Zorakılığa, işgəncə verməyə alışdırırıq”.
Onun fikrincə, kişilərin aqressiv olmasının digər səbəbi böyüdükləri ailədə valideynlər arasında olan ünsiyyətdir. “Məsələn, ata ananı döyürsə, ananın dözərək bu haqda heç bir tədbir görməməsi, susması, ailəni dağıtmaması belə uşaqlara mənfi bir nümunədir. Zorakılığa məruz qalan ananın hirsini uşaqlarından çıxması, onlara qarşı aqressiv davranması uşaqların travma yaşamasına səbəb olur. Bu şəraitdə böyüyən oğlanlar özləri də ailə qurduqda “Onsuz da həyat yoldaşım məni atmayacaq” düşünərək qadını çox rahat döyəcəklər”.
R.Rüstəmova qeyd edir ki, özlərini təsdiq edə bilməyən, zəif kişilər, eləcə də, müəyyən səbəblərə görə, özlərini istədikləri qədər güclü hiss edə bilməyən kişilər qadınları döyməyə meyilli olur: “Cəmiyyət arasında çox diqqətcil, nəzakətli görünə bilərlər. Daxilən özgüvən hissləri az olduqları üçün aqressiyalarını evə qayıtdıqda qadınların üzərinə püskürür, güclərini zəif qadının üzərində təsdiq edirlər. Onlara “mətbəx qəhrəmanları” da deyirlər. Mətbəxdə əlinin altında olan əşyaları atır, bıçağı stola sancır, qadını qorxudur, əl qaldırır və s.”
Müsahibimizə görə, bəzən sadizm xarakterli kişilər olur ki, onlar da qadını döyməyə meyilli olurlar və bunu qadın öz hərəkəti ilə “məni zorakılığa məcbur edir” kimi izah edirlər.
Rüstəmovanın fikrincə, qızlar belə ailələrdə böyüyürlərsə, boyun əyməyi öyrənirlər: “Çünki ana dözüb, susur. Qız da oxşar hadisə ilə üzləşdikdə bunu təkrarlayır, o da susur. Gələcəkdə həyatda hansısa bir problemlərlə üzləşərsə və ya həyat yoldaşı ona əl qaldırarsa, “mən susmalıyam, çünki mən qadınam” deyə mövcud vəziyyətlə barışacaq. Məişət zorakılığı, dava-dalaş, aqressiya içində olan ailədə böyüyən həm qız, həm də oğlan uşağı çox əziyyət çəkir və valideynlərini bu hərəkətlərinə görə qınasalar, nifrət etsələr belə, gələcəkdə özləri də bilmədən oxşar bir ailə modelini zəncirvari şəkildə yaradacaq”.
Aynurə MƏMMƏDOVA