otel

Bayramda istirahət üçün hara getmək olar?

Baxış sayı: 521

Qurban bayramı yaxınlaşdıqca ölkənin turizm bölgələrində hotellərə maraq daha da artır. Uzunmüddətli iş rejimindən sonra bir neçə günlük istirahəti fürsət bilən insanlar əsasən rayonlara üz tutmağa üstünlük verirlər. Xüsusilə ailəvi istirahət, təbiət mənzərəsi, dağ havası və SPA xidmətləri təqdim edən hotellər bu dövrdə ən çox seçilən məkanlar sırasında yer alır. Hazırda bir çox bölgə hotelində rezervasiyalar sürətlə davam edir, bəzi hotellərdə isə müəyyən tarixlər üzrə boş otaq tapmaq artıq çətinləşib.

Turizm sektorunda fəaliyyət göstərən şəxslərin sözlərinə görə, bayram günlərində ən çox maraq göstərilən istiqamətlər sırasında Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı, Gəncə və Mingəçevir yer alır. Qiymətlər hotelin təqdim etdiyi xidmətlərə, yerləşməsinə və otaq növünə görə dəyişir. Əksər hotellər paketə səhər yeməyi, SPA zonası, hovuz və müxtəlif əyləncə proqramlarını da daxil edir.

Xankəndidə yerləşən Ulus Oteldə bayram günlərinə maraq kifayət qədər yüksəkdir. Oteldən verilən məlumata görə, 27, 28 və 29 may tarixləri üzrə bütün otaqlar artıq rezerv olunub. Hazırda yalnız 30 may üçün məhdud sayda otaq mövcuddur. Həmin tarix üçün 1 “double” və 1 “twin” otağın boş olduğu bildirilir. 4 nəfərlik yerləşmənin qiyməti səhər yeməyi daxil olmaqla 200 AZN təşkil edir.

Qəbələdə yerləşən və turistlərin ən çox seçdiyi hotellərdən biri hesab olunan Yeddi Gözəl Oteldə isə 2 nəfərlik bir gecəlik istirahət paketi 185 AZN-dir. Təklif olunan paketə səhər yeməyi və axşam yeməyi ilə yanaşı, canlı musiqi proqramı, sauna və idman zalından istifadə də daxildir. Bayram günlərində xüsusilə ailələrin və cütlüklərin bu tip paketlərə üstünlük verdiyi bildirilir.

Qəbələdə fəaliyyət göstərən digər məşhur məkanlardan biri olan Qəbələ Garden Hotel-də də rezervasiya sıxlığı müşahidə olunur. Hotel əməkdaşlarının sözlərinə görə, 28 may tarixi üçün artıq boş yer yoxdur. Bayram günləri ərzində 2 nəfərlik standart otağın bir gecəlik qiyməti 213 AZN təşkil edir. Qiymətə səhər yeməyi və geniş SPA xidməti daxildir. Qonaqlar burada qapalı hovuz, sauna, türk hamamı, buxar otağı və fitnes zalından istifadə edə bilirlər. Bundan əlavə, 31 may tarixində qiymətlərdə müəyyən dəyişiklik tətbiq olunur və standart otaq 180 AZN-ə təklif edilir.

İsmayıllı istiqaməti də bayram günlərində ən çox seçilən bölgələrdən biridir. İsmayıllı Resort & Hotel-də standart otaqların bir gecəlik qiyməti səhər yeməyi daxil olmaqla 120 AZN-dir. Təbiətlə iç-içə yerləşən hotellər xüsusilə sakit və şəhər səs-küyündən uzaq istirahət axtaran şəxslərin diqqətini cəlb edir.

Şəki şəhərində yerləşən və turistlər tərəfindən tez-tez seçilən Şəki Palace Hotel-də isə bayram tarixləri üçün bütün otaqların artıq dolduğu bildirilir. Bu da bölgələrə olan marağın nə qədər yüksək olduğunu göstərən əsas nümunələrdən biridir.

Şəkidə yerləşən digər premium hotellərdən biri olan Marxal Resort & Spa-da isə 27–30 may tarixləri üzrə 2 nəfərlik yerləşmənin bir gecəlik qiyməti 220 AZN təşkil edir. Təklif olunan paketə açıq bufet səhər yeməyi, canlı musiqi proqramı, uşaqlar üçün oyun meydançası və xüsusi uşaq otağı daxildir. Bundan əlavə, qonaqlar hotelin SPA xidmətlərindən də yararlana bilirlər. Bayram günlərində uşaqlı ailələrin daha çox bu tip hotellərə üstünlük verdiyi qeyd olunur.

Quba istiqamətində yerləşən Shahdag Truskavets hotelində isə qiymətlər yerləşmə sayına görə dəyişir. 2 nəfərlik yerləşmə üçün qiymət 140 AZN, 4 nəfərlik yerləşmə üçün isə 240 AZN-dir. Paketə gündə üç dəfə açıq bufet yemək xidməti, gecələmə, bayram tədbirləri, canlı musiqi proqramı, qapalı aquapark, sauna, türk hamamı, hovuz və “Kids Club” daxildir. Xüsusilə uşaqlı ailələr üçün təqdim olunan əlavə əyləncə imkanları bu hotelləri daha cəlbedici edir.

Qubanın məşhur istirahət mərkəzlərindən biri olan Təngəaltı Resort-da isə otaq qiymətləri seçilən otaq növünə əsasən dəyişir. Ekonom otaqlar 110 AZN, standart otaqlar 125 AZN, deluxe otaqlar 155 AZN, junior suite otaqlar 175 AZN, jakuzzili otaqlar isə 180 AZN təşkil edir. Qiymətə səhər yeməyi, qapalı hovuz və SPA xidmətləri daxildir. Burada sauna, türk hamamı, qadın və kişilər üçün ayrıca fitnes zalları fəaliyyət göstərir. Hotel tərəfindən bildirilib ki, 0–12 yaş arası ilk uşaq üçün yerləşmə ödənişsizdir. 12 yaşdan yuxarı qonaqlar üçün isə əlavə 20 AZN ödəniş tələb olunur.

Mingəçevirdə yerləşən AğSaray Hotel-də də bayram günləri üçün rezervasiyalar davam edir. 27, 28 və 29 may tarixləri üzrə 2 nəfərlik otağın qiyməti səhər yeməyi daxil olmaqla 150 AZN-dir.

Gəncədə fəaliyyət göstərən Premium Hotel-də isə eyni tarixlər üzrə 2 nəfərlik otaqların bir günlük qiyməti 110 AZN təşkil edir. Qiymətə səhər yeməyi daxildir.

Qusar bölgəsində yerləşən Qusar Qala hotelində isə hazırda yalnız bir 2 nəfərlik kotejin boş qaldığı bildirilir. Həmin kotejin qiyməti 120 AZN-dir. Bölgədə yerləşən kotej tipli istirahət məkanlarına da marağın artdığı müşahidə olunur.

Turizm sahəsi üzrə mütəxəssislər bildirirlər ki, bayram günlərində hotellərə marağın artması daxili turizmin canlanmasına da müsbət təsir göstərir. Xüsusilə son illərdə insanlar xarici səfərlərlə yanaşı, ölkədaxili istirahətə də daha çox üstünlük verməyə başlayıblar. Rayon hotellərində təqdim olunan SPA xidmətləri, canlı musiqi proqramları, təbiət mənzərələri və ailəvi istirahət imkanları turistlərin seçimində əsas rol oynayır.

Mütəxəssislər eyni zamanda bildirirlər ki, bayram günləri yaxınlaşdıqca qiymətlərdə müəyyən dəyişikliklərin olması da mümkündür. Buna görə də istirahət planlaşdıran şəxslərə rezervasiyalarını əvvəlcədən etmələri tövsiyə olunur. Xüsusilə məşhur hotellərdə son günlər boş yer tapmaq daha çətin ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir