RESTORAN

Bakıdakı qeyri-adi restoranlar və inanılmaz qadağaları – FOTOLAR

Baxış sayı: 1. 864

Son illər bir çox sahələrdə geriləmə olsa da, xüsusilə turistlərin gəlişindən sonra restoran biznesində güclənmə qeydə alınır.

Nizami küçəsində günü-gündən restoranların sayı artır, ancaq insanlar yenə də ayaq üstdə qalır və yeni məkan axtarışına çıxır.

Məkanların artması seçimlərin artması deməkdir. Bəs restoranlar böyük rəqabətin içində müştəriləri necə cəlb edir?

Qeyd etmək istəyirik ki, müştərilərin zövqünə görə məkan seçimləri dəyişir. Kimi daha “cool” və sakit, kimi isə qlamur və səs-küylü yerləri sevir.

Restoranlar seçimlərin çox olmasına rəğmən, qeyri-adi yenilikləri, dizaynları və qaydaları ilə müştəri yığır.

“Gencaile.az” seçimlərinizi asanlaşdırmaq üçün paytaxt Bakının ən maraqlı dizayna malik və qeyri-adi qaydaları olan restoranlarının siyahısını təqdim edir:

“Buddha Bar Baku” – Şəhərin ən qlamur məkanlarından sayılır. Müxtəlif şərab və suşi növləri, həftəsonu maraqlı əyləncələri ilə qonaqlarını sevindirir.

İdman geyimində və açıq ayaqqabı ilə girmək olmaz. Əgər əyləşəcəksinizsə, həftəsonu adam başına depozitin qiyməti 50 manatdır.

“90-lar” – 1990-cı illərin ab-havasını hiss edəcəyiniz, köhnə əşyalarla əhatələnən bu restoranda yazı makinası, lampa, kitablar, qədim kreslolar, qarmon, patefon və başqa əşyalar var.

Siz burada 2,5 manata çay və şokoladlı tost sifariş verə bilərsiniz. Kafedə domino oynamağa da icazə var, amma gərək masada xanımlar olsun.

“Barell Play Ground” – Bulvarın ortasında yaradılan ən dinamik məkan.

Qiymətlər baha olsa da, giriş pulsuzdur. Bir masanı bron eləmək üçün 175 manatınızdan keçməlisiniz. Ancaq oturmaq sizin üçün elə də vacib deyilsə, ayaq üstdə və çox az büdcə ilə əylənə bilərsiniz.

Məkanın digər qeyri-adiliyi həftədə yalnız iki gün işləməsidir. Belə ki, hər cümə və şənbə axşamı səhərədək əylənmək istəyənlər bu məkana üz tuta bilər.

Qeyd edək ki, kişilər məkana sandalet və çəkələklə buraxılmır. Ayağınızda mütləq bağlı ayaqqabı olmalıdır.

“Gate 25” – 25-ci mərtəbədə möhtəşəm şəhər mənzərəsi ilə əhatələnən bu məkanda dünyada kəsilən ağaclara və məhv edilən fauna örtüyünə diqqət çəkilib. Belə ki, məkanda saysız bitki və ağaclar var.

“Ay qonşu” – Milli mətbəximizin hakim olduğu restoran qeyri-adi stulları və dizaynı ilə diqqət çəkir. Qiymətlər isə münasibdir.

“Apartment 9” – Adama cəmi dörd manat ödəməklə bir saat ərzində limitsiz çay, kofe və şirniyyatdan istifadə edib, oyunlar oynaya biləcəyiniz məkandır.

“Mirvari kafe” – Bulvarda yerləşən bu məkanın ikinci mərtəbəsinə qalxırsınızsa, mütləq kabab yeməlisiniz.

“Kolorit kafe” – Bu restoran öz rəngarəngliyi ilə seçilir. Sakitlik istəyirsinizsə, restoranın “28 mall” AVM-dəki filialına gedin. Burada çayın qiyməti müraciət formasına görə dəyişir. Belə ki, “Zəhmət olmasa, çay ver”, “Çay ver”, “Tez ol, çay ver” deyərək siz aldığınız çaya müxtəlif ödəniş edə bilərsiniz.

“The House by Emiland” – Bu məkana qadınların girişi qadağandır. Yalnız kişilər girə bilər.

“Vapiano” – Səbəbini bilməsək də, restoranda ofisiantlardan biri bilmədən qab sındırarsa, digər həmkarları onu alqışlamağa başlayır.

“Hard Rock” – Əslində, hər kəsə bahalı restoran kimi görünsə də, ödənişin qarşılığında verilən yeməklər müştəriləri tam qane edir. Adı ilə bağlı olaraq məkanda yalnız rok janrda olan mahnılar səsləndirilir. 

“Old School Cafe and Shop” – Bu restoran illərdir fəaliyyət göstərməsinə rəğmən, aktuallığını itirmir. Nostalji yaşamaq istəyirsinizsə, mütləq buraya baş çəkməlisiniz. Əsasən, caz və 60-70-ci illərin musiqiləri səsləndirilir. Qədimi əşyaların marağındasınızsa, restoranda satışda olan əşyalardan ala bilərsiniz.

“Boho Tea Room” – Adı çayla bağlı olsa da, burada içki və yemək də var. Ancaq xüsusi çay günlərində endirimdən yararlana bilərsiniz. Maraqlı dizaynı ilə diqqət çəkən restoranda göydən asılmış çayniklər sizi valeh edəcək.

“Yuka Kaiten Sushi” – Suşi sevərlər üçün ideal məkandır. Suşilər çox vaxt suda üzən kiçik gəmilərin içərisində təqdim edilir.

“150 Grill and Bar” – Terası ilə diqqət çəkən restoranda maraqlı aksessuarlara rast gələ bilərsiniz. Canlı səslənən caz musiqisi isə məkana xüsusi ab-hava verir.

“Pivnaya Apteka” – Restoranın içərisində olan masaların yerləşdiyi xüsusi bölmələr diqqət çəkir.

“Enerji Club” – Bakının ən böyük əyləncə mərkəzi sayılır. Bu bəylər tək buraxılmır. Mütləq yanlarında qadın olmalıdır. Bundan başqa, məkana girmək üçün ya klassik, ya da yarımklassik geyinməlisiniz.

“Chayki” – Bulvarın ən qlamur məkanlarından sayılır.

Mebelləri və əşyaları ilə dəniz mənzərəsinə açılan restoranda sizi canlı musiqi müşayiət edir.

“Sherlock” – Zaqulbada dənizkənarında yerləşən restoranda bəyaz rənglər hakimdir. Restoran maraqlı dizaynı və mənzərəsi ilə diqqət çəkir.

“Port Wine and Grill” – ən ucuz yeməyin səkkiz, ən ucuz içkinin (badə) beş manat olduğu bu restoranda “Tomaqavk” steyki doxsan manata yeyə bilərsiniz.

“Cafe Park” – Yanınızda xanım yoxdursa, bu məkanda sizə çay vermirlər.

“Hollywood Cinema Club” – fərqli dizaynı ilə marağa səbəb olan klubda güllərdən, oyuncaqlardan və ayılardan ibarət xüsusi otaqlar var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir