“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı hazırda Sinqapurun Nanyanq Texnologiya Universitetində mexanika mühəndisliyi üzrə təhsil alan Fərman Dumanovdur.
– Ali təhsil üçün niyə Sinqapuru seçmisiniz?
Məktəbin son ilində universitet seçimi vaxtı catanda əvvəla özüm mühəndislik sahəsində dünyanın qabaqcıl universitetlərini araşdırmağa başladım. Daha sonra valideyn və müəllimlərimlə birlikdə daha dəqiq qərar verdik, Sinqapuru seçdik. Çünki Sinqapurdakı təhsil sistemi dünyada öndə gedən sistemlərdən biridir və tələbələrə onların gələcək karyerasında lazım olacaq bütün əsas bilikləri öyrədir. Həmçinin mənim oxuduğum universitet həmin vaxt cəmi 25 yaşı olmasına baxmayaraq artıq dünyada mühəndislik sahəsində ilk 50-liyində idi. Hal-hazırda isə həmin siyahıda 5-cidir.
– Artıq 3-cü kursu başa vurmusunuz. Azərbaycanla Sinqapurun təhsil sistemi arasında müşahidə etdiyiniz başlıca fərqlər nələrdir?
Əslində, Azərbaycanda ancaq orta məktəb təhsili aldiğımdan universitet həyatlarını müqayisə etmek mənim üçün bir az çətindir. Amma müşahidələrimə görə, Sinqapurdakı təhsil daha cox sənayeyə uyğun və təcrübələr əsasında qurulub. Yəni tələbə dünyanın ən savadlı professorlarından teorik bilikləri oyrənir ve daha sonra doktorantura səviyəsində təhsil alan tutorlarla labarotoriyalarda praktika edir. Həmçinin mühəndislər bir semestr məcburi təcrübə proqramı keçməlidilər. Bu, hansisa mühəndislik şirkətində olmalıdır. Sonuncu il isə tələbələr 1 il müddətinə universitetin araşdırma mərkəzlərinin birində öz elmi işlərini yazıb sonda onu mudafiə etməlidilər.
– Maraqlıdır, təhsil aldığınız ölkədə tələbə-müəllim münasibətləri hansı səviyyədədir?
Bildiyimiz kimi, Asiya xalqları avropalılara nisbətən daha çox özlerinə qapanandırlar. Bunun üçün onlarla münasibət qurmaq daha çətin olur. Əgər ancaq elmi tərəfi nəzərə alsaq, deyə bilərəm ki, professorlarla əlaqə qurmaq çox rahatdır və bütün suallarımızı rahatlıqla onlardan soruşa bilirik. Amma sosial tərəfdən baxanda bu bri az çətin olur. Çünki professorlar adətən, həm araşdırmalarla məşğul olur, dərslərə qatılır və adminstrativ vəzifələri olur. Buna görə professor tələbə münasibəti rəsmi səviyyədə qalır.
– İlk dəfə Sinqapura düşəndə nə hiss etmişdiniz?
Sinqapur tropik iqlimdə yerləşdiyindən havanın nisbi rütubəti bizimkindən hiss olunacaq qədər yuxarı olur. Bu amil isə bizim ölkədən gedənlər üçün nəfəs almağı çətinləşdirir. Ən azı ilk vaxtlar belə olur. Yeriyərken nəfəs aldıqca havada olan suyun miqdarı açıq şekildə hiss olunurdu. Həmçinin bizdə olan ümumi fikrə görə, həmişə qıyıq gözlü insanlar çox savadı və calışqan olurlar. Universitetdə təxminən, 90% insanın qıyıq gözlü olduğunu görəndə məni narahatlıq bürüdü ki, mən necə bu insanları qabaqlayıb yaxşı qiymətlər alacağam. Həqiqətən ilk günlərdən professorların çox tələbkar olduğunu və tələbələrin də bu qızğın marafona ciddi fokslandıgını hiss edirdim.
– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…
Birinci gedəndə heç cür yerli metbəxə uyğunlaşa bilmirdim. Amma onu vurğulamaq istərdim ki, əslində, Çin yeməklərinin fikirləşdiyimiz kimi qəribə tərkibləri olmur. Sadəcə qatdıqları sousların dadı fərqli olur. Buna görə də axırda yeməyin dadı bizimkindən fərqli olur. Bu səbəbdən ilk vaxtlarda əsasən fast-food yeyirdim. Texminen 2-3 ay sonra yerli yeməkləri dadmağa başladım. Əslində, indi bəzi Hindistan və Çin yeməklərini öz yeməklərimiz qədər sevirem. Mətbəxdə ən böyük fərqlərdən biri də onların çörəkdən istifadə etməməsidir. Əsasən düyü və ya spagetti yeyirlər.
– 2015-ci ildən Sinqapurdasınız. Razılaşın ki, orda olduğunuz dövr müəyyən qənaətlərə gəlmək üçün az zaman deyil. Sinqapurlu gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?
Sinqapur bahalı ölkə olduğundan burda insanlar çox vaxt genc yaşlarda evlənə bilmirlər. Onlar universiteti bitirib iş həyatına atılırlar və müəyyən qədər pul qazanmğa calişırlar. Sonra 30 yaşina catdıqda sevgili olduqları adama evlillik teklif edirlər və ailə qururlar. Topladıqları pula ev və imkan olsa, maşın alırlar. Onu demek istərdim ki, Sinqapurda da toylar bizimki kimi müəyyen qədər dəbdəbəli olur insanların yaxşı paltarlarını geyinib əvvəlcədən toy üçün hazırlaşırlar. Digər bir oxşar məqam isə odur ki, orda da qonaqarın toya pul salmağı deyilən anlayış var. Ümumi olaraq onu deyim ki, insanlar cox vaxt məntiq evliliyi edirlər və cəmi bir uşağın olmasına üstünlük verirlər.
– Yerli əhali ölkəmiz haqda hansı informasiyalara malikdir? Bizə münasibətləri necədir? Maraqlıdır, bizi Şərq, Asiya ölkəsi kimi, yoxsa avropalı kimi qəbul edirlər?
Qıyıq gözlü olmadığımız üçün bizi çox vaxt avropalı sanırlar. Amma bəzən buğdayı rəngli vətəndaşlarımızı görəndə ərəb olduğumuzu da fikirləşirlər. Amma hələ asiyalı olduğumuzu fikirləşənini görməmişəm. Sinqapurlular bizim ölkə haqqında cox məlumatlı olmasa da, Koreya vətəndaşlarının demək olar hamısı Azərbaycanı tanıyır. Asiyalı insanlar çox yumşaq qəlbli və yardımsevər olduğunundan hər hansı bir çətinliyimiz olanda əllərindən gələn köməyi göstərməyə calışırlar. Yəni onlar üçün bizim hansı ölkədən olmağımızın önəmi yoxdur.
– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Sinqapurda təəccüblə qarşılanır?
Ən qəribə olanı kimsə üçün hesabı ödəməkdir. Sinqapurlu dostlarım deyirlər ki, onlar bunu heç xoşlamırlar və bir növ özlərinə hörmətsizlik kimi qəbul edirlər. Onlar fikirləşir ki, əgər mən bunu özüm ala bilirəmsə, başqasının mənim üçün ödəniş eləməsinə ehtiyac yoxdur. Həmçinin bizim xalq adətən ailəcanlı olur meselən, biz evdekilərlə 4-5 gün ardıcıl skype ilə danışanda onlar bunu qəribə qarşılayır. Onlar üçün həftədə bir dəfə danışmaq yetəridir.
– Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla “Son şəhər” adlandırırlar. Sinqapurda həqiqətən də cərimələrin sayı-hesabı bitmir. Məsələn, yerə tüpürdükdə, ictimai yerlərdə siqaret çəkdikdə, zibili küçəyə atdıqda, nəqliyyatda yemək yedikdə insanları 500 dollarından başlayan cərimələr gözləyir. Ən gülməli cərimələrdən biri: gülləri suladıqdan sonra dibçəkdə su qalarsa, həmin şəxs cərimə edilir. Orda olduğunuz müddətdə hər hansı cərimə ilə üzləşmisinizmi?
Əslində, mən elə fikirləşirəm ki, Sinqapur kimi kiçik bir ölkədə böyük uğurlar qazanmaq üçün dövlət bu cür sərt qanunlar qəbul etməyə məcburdur. Məsələn, Sinqapur dünyada maşınların ən bahalı olduğu ölkədir, çünki sahəcə çox balaca olduğu üçün həddən çox maşını ölkədə saxlamaq mümkünsüzdür. Hətta siz maşın aldıqda belə o ömürlük sizin olmur o qədər pulu sadəcə 10 il maşın sürmək üçün ödəyirsiziniz. Sonra o maşın üçün yenidən o qədər pul odəməlisiz və ya hissə-hissə doğratdırıb satmalısınız. Bir dəfə çox acıydım metroda cantamdan bir meyvə çıxarıb yemək istəyəndə yerli vətəndaşlar hamısı mənə irad bildirdi və yeməməyimi tələb etdiler. Yeni ki, xalq da bu qanunlar çərçivəsində yaşamaqdan məmnundur və belə davam etmek istəyirlər.
– Sinqapurla bağlı daha bir maraqlı məqam isə odur ki, küçələrdə heç kim yerə zibil atmır, təsadüf nəticəsində əlinizdən yerə zibil düşsə, o sizə bütün səyahətin ümumi dəyərindən bir neçə dəfə baha başa gələ bilər. Maraqlıdır, orda gördüyünüz hansı qaydaların ölkəmizdə tətbiq olunmasını istərdiniz?
Əslində, Sinqapurdakı cərimə əlinizdən zibili saldığınıza görə deyil o zibili geridə buraxdıgınıza görə olunur. Belə hallara qarşı bizdə də nəsə tələblər olsa, yaxşıdır. Amma biz gərək qadağaları tətbiq eləməklə işimizi bitmiş saymayaq. Sinqapurda olan bəzi gözəl qanunlar var ki, onlar da bizdə olsa, daha yaxşı olar. Məsələn, dövlətin milli elmi araşdırma fondu olsa və dövlət buna özəl şirket kimi yanaşmasa, yəni mütleq hər layihədən sonda maddi xeyir götürməsə belə daha çox elm adamına şans verməlidir. Yəni ən adi işlərdə belə ideal həll yolunu tapmaq çətindir, nənki bugünkü elmi trendlərə bir cəhddə mükəmməl həll tapmaq. Həmçinin nəzərə almaq lazımdır ki, bizdə elm hələ dünyadakı kimi ən yüksək səviyyədə deyil. Buna görə də daha çox enerji sərf eləmək lazımdır uğur qazanmaq üçün. Hal hazırda ölkədə teqdirəlayiq bir neçə start-up merkəzləri var. Bu yaxşı haldır. Bunu davam etdirmək və genişləndirmək lazımdır.
– Sizcə, xaricdə təhsil almaq istəyində olanlar universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?
Onu demek istərdim ki, ilk növbədə getdikləri universitetin dünyadakı reputasiyasını araşdırsınlar və sonra həmin ölkədəki elmi şeraitlə tanış olsunlar. Həmçinin həmin ölkənin nə dərəcədə təhlükəsiz olması ilə maraqlansınlar. Həmçinin universiteti bitirdikdən sonra həmin ölkədə işləmək potensialını nəzərə alsınlar. Ən əsası ora getməmişdən öncə özlərini orda olacaq amansız rəqabətə hazırlaşsınlar. Üstəlik, əsas məqsəd sadəcə üniversiteti bitirmək olmamalıdır. Yəni demək istədiyim odur ki, mümkün qədər sonranı fikirləşməyə calışsınlar.
Söhbətləşdi: Tural Məmmədov