evlilik

Evlənənlərin sayı niyə azalır? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 2. 264

Son illərdə ölkəmizdə ailə həyatı quranların sayı getdikcə azalır.  Təbii ki, belə üzücü mənzərənin yaranması heç də səbəbsiz deyil. Mütəxəssislər hesab edirlər ki, bu məsələdə psixoloji, sosioloji faktorlar ilə yanaşı iqtisadi faktorlar da rol oynanır.

Psixoloq Aİdə Səlim deyir ki,  evlilik öncəsi tibbi müayinə qədər psixoloji müayinə də mütləqdir. İnsan birini sevə bilər, onunla birlikdə xoş vaxt keçirə bilər, lakin burda psixoloji və psixofizioloji uyğunlaşmanın olması da şərtdir. Həmçinin, evlilik barədə hər iki tərəfin “Mən evliliyə hazıram mı?” düşüncəsi, yəni, evlilik sonrası həyata nə dərəcədə hazır olması da məsələyə təsirsiz ötüşmür. Çalışdığım bir cütlük psixoloji seansların birində qeyd etmişdi ki, yoldaşı ilə məhz söhbət edə bildiyi üçün ailə həyatı qurub, yəni onlar bir-birini artıq düşüncə baxımından da tanıyır, birlikdə müzakirə edə biləcəyi ortaq mövzular da kifayət qədər var. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, sırf “evlilik olsun” deyə ailə həyatı qurub, sonradan bir-biri üçün hər mənada uyğun olmadıqlarını görüb ayrılan cütlüklər də az deyil. Boşanmalar da gənclərimizi evlilikdən uzaqlaşdırır. Evliliklərində daimi konflikt yaşayan cütlüklərin həmin gənclərə pis nümunə olması amili də qaçınılmazdır. Yaxud güzəran psixologiyasında yayılan məşhur “Subaylıq sultanlıqdır” ifadəsi. Təbii ki, sultanlığı tam olaraq dərk edib o zamandan faydalı şəkildə istifadə edən insan ailə həyatında da uğurlu və xoşbəxt ola bilər.

Psixoloqun sözlərinə görə, insanlarda belə bir yanlış düşüncə var ki, ailə həyatı qurduqdan sonra əvvəlki sən olmayacaqsan, həyatın bütünlüklə dəyişəcək. Təbii ki dəyişikliklər baş verəcək, ancaq bu, hər iki tərəfin evliliyə olan münasibətindən bilavasitə asılıdır. Evliliyə “əlavə məsuliyyət” kimi deyil də, sadəcə sevdiyin insanla ortaq həyat kimi baxılmalıdır. Dünənə qədər tək yaşadığın həyatı, artıq ikili formada yaşayırsan.

İkinci faktor kimi, bəzən insanlar ailə həyatı qurduqdan sonra “azadlıq”larının əllərindən alınacağından ehtiyat edirlər. Subay ikən getdikləri məkanlar olsun, görüşdükləri insanlar olsun, iştirak etdikləri tədbirlər və s. bu kimi hallarda azalma müşahidə olunacaq, yaxud bunların heç birini edə bilməyəcəklər. Azadlığını itirmə qorxusu evlilikdən insanı uzaqlaşdıra bilir.

Üçüncü faktor olaraq , maddiyyat burda əsas rol oynayır. Yəni , ailə həyatı qurduqdan sonra xərclərin artması da bu məsələyə öz təsirini göstərir. Çünki evliliyə qədərki prosesdə o qədər əlavə xərclər çıxır ki, dost-tanışlarında bunu görən gənclər normal olaraq evlənmə prosesini bir az daha uzadır. Gənclərin bu cür davranmasını normal qarşılamaq olar, ancaq təəssüf ki əksər mövzularda olduğu kimi kənar təzyiqlər öz sözünü burda da deyir. Misal olaraq, cütlük sadə bir toy istəyir, valideynlər, qohumlar isə təbii ki əksini.

evlilik

Aidə Səlim həmçinin qeyd edir ki, insan evliliyə həm psixoloji, həm də maddi baxımından özünü hazır hiss edəndə ailə həyatı qurmalıdır. Ola bilər ki, gəncin 24 yaşı var, ətrafına görə o, artıq “evlilik yaşı”ndadır, amma reallıq onu göstərir ki, həmin gənc özünü hal-hazırda evlilikdə görmür. Bu zaman ona əlavə təzyiqlər əks təsir də göstərə bilər. Valideynlər və qohumlar icazə verməlidir ki, gənclər özləri öz ayaqları üzərində dayanmağı bacarsınlar, daha sonra ailə həyatı qursunlar. Hətta humanistik psixologiyanın nümayəndəsi A.Maslonun “Tələbatlar piramidası”nda da özünü aktuallaşdırma əsas pillədir, yəni insan özünü tam olaraq dərk edə, özünü təsdiq etmədikcə digər mövzularda da müəyyən mənada problem yaşaya bilər. Bu, bilavasitə evliliyə də aiddir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir