evlilik

Evlilik qorxusu nədir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 542

“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?”

Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir.

Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa, “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.

Ərköyün böyüdülmüş, həyatın heç bir çətinliyindən xəbərdar olmayan , sanki, saraylarda yaşamış bir insanla evlənirsizsə, onun haqlı olaraq təlabatlarını, gözləntilərini düşünməlisiniz. Buna görə də evlənəcək olan insanların evlilikdən qabaq öz maddi durumlarını açıq və dürüst şəkildə çatdırmaları çox önəmlidir.

 evlilik teklifi

KİMİNLƏ EVLƏNDİYİMİZİ BİLMƏYİMİZ EVLİLİYƏ SAĞLAM BAŞLAMAĞIN İLK ADDIMIDIR

Ancaq bunu da bildirməliyəm ki, evlilikdə maddi qayğılardan çox sevgi ön plandadırsa sevgi davam etdiyi müddətdə maddi problemlər , gözləntilər ikinci planda qalır və cütlüklərin xöşbəxtliyinə maneə olmur.

Ümumilikdə isə araşdırmalarda daha çox rast gəldiyimiz evlilik qorxuları bunlardır:Ailədə ana ata arasında böyük problemlər yaşanıbsa, hələ ailə çevrəsində boşanmalar çox sıx baş vermişsə, bu vəziyyət evlənəcək olan insanlarda “Mən də evlənsəm eyni şeyləri yaşayaram” şəklində bir qorxuya səbəb olur. Bu düşüncə bir tərəfdən haqlı olaraq ortaya çıxır.

Bəzi evliliklərdə qız uşaqlarının oxudulmasını zəruri sayırlar. Çünki, düşünürlər ki, əgər qız məktəb , universitet oxuyarsa , gələcəkdə bir peşəyə sahib olarsa və ailəsində problemlər yaşansa, boşanmaq məcburiyyətində qalarsa heç olmasa əlində bir sənəti olsun, öz ayaqlarının üstündə dura bilsin. Burda da evliliklə bağlı müəyyən qorxuların olduğu açıq görünür.

Yenə də ailə içindəki sıxıntılar səbəbindən atasının yanlış davranışlarını görən bir qız “atam kimi bir yoldaşım olacaqsa, heç olmasın daha yaxşıdı” kimi fikirləşə bilər. Belə bir fikrin evlilik qorxusuna səbəb olacaq fikirlərdən biri olduğunu unudulmamalıdır.

Bir uşaq evliliklə bağlı qorxu və qayğılar yaşayırsa, bunun ana və ata ilə bağlı bir yönünün olduğu bilinməlidir. Bu vəziyyət eyni zamanda ana və atanın uşaqlarına yaxşı bir evlilik modeli göstərmədiklərinin açıq göstəricisidir.

 

 

Psixoloq Gülnar Həbibova