3

Eskişehirdə təhsil alan həmyerlimiz: “Müəllim və tələbə arasında münasibət nə qədər səmimi olsa da…”

Baxış sayı: 2. 392

 “Gencaile.az” saytının “Tələbə bileti rubrikasının budəfəki qonağı Türkiyənin Eskişehir Anadolu Universitetinin İqtisad fakultəsində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili alan Məhəmməd Bayramlıdır.

 

– Bakalavr təhsilini Azərbaycanda almısınız. Magistr təhsilinizi isə Türkiyədə almaqdasınız. Necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz?

Bəli, Bakalavr təhsilimi Bakı Dövlət Universitetində Sosial Elmlər ve Psixologiya fakültəsi, Fəlsəfə ixtisası üzrə almışam. Magistraturada oxumaq bakalavr vaxtlarımda arzum idi. Ancaq bir şərtlə ki, Azerbaycandan kənarda oxuyacaqdım, çünki fərqli mühitdə, başqa çevrə təcrübəsi qazanmağımın mənim üçün sözün əsl mənasında yeni qatqıları olacağı düşüncəsindəydim.

 

Maraqlıdır,  Türkiyəyə yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Türkiyəyə yollananda çox da sevincli olduğumu deyə bilməyəcəm, çünki yeni mühit, yeni insanlar, fərqli bir təhsil sistemi və ən əsası ailəmdən uzaqda yeni bir heyata adoptasiya olub ola bilməyəcəyimin narahatlığını yaşayırdım. Ancaq zaman keçdikcə insan istədiyi hər şeyin öhdəsindən gələ biləcəyi potensialın onda olduğunu dərk edir. Türkiyədə oxuduğum müddət ərzində ən vacib olan şeyi yəni, dövlətlərimiz arasındakı yaxın, səmimi münasibətin rəsmi səviyyədə olduğu qədər, sivil insanlar tərəfindən də dəyər verilərək yüksək qiymətləndirildiyinin şahidi oldum.

 

– Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

Ümumiyyətlə magistr təhsil sistemi bakalavr təhsil sistemindən tamamilə fərqlidir. Bakalavr dövründə, əgər sən müəllimdən nələrsə öyrətməyini tələb edirsənsə ( gözləyirsən) magistr da isə tam əksinə, müəllimlər səndən həmişə nə isə etməyini gözləyirlər. Sənə tam bir elm insanı gözü ilə baxaraq, müraciət formalarında belə, özləri qədər bilikli bir fərd kimi yanaşırlar. Hörmət edib qiymət almağın nə olduğunu indiyə qədər heç təcrübə etməmişəm, bura tamam fərqli mühitdir, müəllim və tələbə arasında münasibət nə qədər səmimi olsa da, bir o qədər də rəsmiyyət var. Qısası, burda “hörmət” anlayışı yoxdur.

4

– Fərqli ölkə və təhsil mühiti gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

Ən əvvəl, tələbələr üçün maddi təmaninatların ( yemekxana və yataqxana) dövlət və ya Universitet tərəfindən təmin edilməsini istəyərdim. Universitet kampüsünün olmağını və bunun nənki tək Bakıda, bölgələrimizdə də tam “tələbə şəhərciyi” deyə biləcəyimiz təhsil ocaqlarının olmağın arzulayardım. Ən əsası tələbələri klassik ( mühazirə və seminar) orta məktəbdəki, əzbərlə və olduğu kimi nəql et zehniyyətindən fərqli, sərbəst araştırma etməyinə imkan yaradan, dialoqlar ilə keçən dərs metodlarının heyata keçirilməsindən yana olardım. 24 saat faziləsiz çalışan kitabxana sistemi də buraya daxildir.

 

–  Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Türkiyədə təəccüblə qarşılanır?

Hər nə qədər eyniyik desək də, bəzi məqamlarda, xüsusən də, bəzi davranış və etiket qaydaları (umumən mədəniyyət) baxımından biz yaxşı mənada fərqlənirik.  Bu mövzu ilə bağlı sizə yaşadığım maraqlı bir xatirəni danışa bilərəm.

İlk vaxtlar dərslərdə müəllimlər içəri daxil olarkən mən və digər həmyerlim hörmət əlaməti olaraq ayağa qalxırdıq. Bu proses bir neçə gün davam etdikdən sonra müəllim təəccüblə mənə  “nədən mən içəri daxil olarkən ayağa qalxırsınız?” sualını ünvanladı. Səbəbini açıqladıqdan sonra bizim müəllimlərə və ümumiyyətlə, böyüklərimizə qarşı necə böyük hörmət göstərdiyimizi görüb çox böyük memnunluq hissi keçirdiyini ve bizim mədəniyyətə indi daha çox heyran olduğunu vurğuladı.

 

– Bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursunuz?

Həftənin beş günü (şənbə və bazar istisna olmaqla) yeməyimiz universitet tərəfidən səhər, günorta və axşam olmaqla üç dəfə təmin edilir. Şənbə və bazar günləri isə əksərən azərbaycanlı dostlarımızla birgə evdə, milli mətbəximizə üz tutmağa üstünlük veririk. Paltar və ütü məsələsi kişi cinsi üçün olduqca çətin məsələdir. Ancaq otaq yoldaşlarımla müəyyənləşdirdiyimiz günlərə görə bu kimi vacib işlərimizi birgə yoluna qoyuruq.

 

– Öz hesabınıza təhsil alırsınız.  Maraqlıdır, aylıq xərclər kəllə-çarxa çıxanda vəziyyətdən necə çıxırsınız? Yoxsa belə hallara qarşı hansısa respetiniz var?

Doğrudur öz hesabınıza  başqa ölkədə oxumaq çətindir. Bu mənada mənə həmişə dəstək olan valideynlərimə, atama, anama və qardaşıma minnəttar olmalıyam. Mənim universitetdən başqa ( hemyerlilerimizlə görüşlər istisna olmaqla) elə bir fərqli heyatım olmadığı üçün maddi məsələlədə elə böyük çətinliyim olmur.

1

– Ümumiyyətlə, aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu, rəqəm maraqlıdır şübhəsiz ki.

Bu məsələ ən əsası oxuduğun şəhərin xüsusiyyətlərinə ( turizm bölgəsi və.s) görə dəyişkənlik göstərə bilər. Mənim aylıq xərcim, 300/350 azn arası təşkil edir. Mənə görə başqa ölkə də təhsil, kirayə, kommunal,yemək, geyim və.s. kimi ünsürləri nəzərə alsaq, bu o qədər də böyük məbləğ deyil.

 

– Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Ən əsası hansı ölkəyə qarşı yaxınlıq hissləri varsa, oranı seçmələri onlara görə daha yaxşı olar deyə düşünürəm. Ölkənin iqtisadi vəziyyəti öz hesabına təhsil alan tələbələr üçün ən vacib şərt olmalıdır. Ən əsası da eyni təhsil kefiyyetinə malik bir ölkənin daha ekonom heyat terzinə malik şəhərlərini seçmələrini tövsiyə edərdim. Daha sonra təhsil sistemini araşdırmaq və onlara bu universitetin nə vəd etdiyini əvvəlcədən müəyyən etmələri yaxşı olar.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Xaricdə oxusun və ya yaşasın fərq etməz, kimliyindən asılı olmayaraq hər kəs bir  fərd kimi Azərbaycanı təmsil edir. İlk dəfə tanış olduğu bir azerbaycanlı onda hansı təəssüratı yaradırsa, qarşı tərəf onu bütün  Azerbaycan olaraq görməyə başlayır. Bu mənada bizlər olduqca diqqətli olmalıyıq və ölkəmiziolduğu kimi, bütün yaxşı tərəfləri ilə təmsil edib göstərməyə çalışmalıyıq.

Qarabağ problemi, Xocalı Soyqırımı ve bunun kimi ölkəmizin lazımi haqqının verilmediyi bir çox məsələləri başda Eskişehir Azərbaycanlılar dərnəyi olmaqla burada yaşayan bütün soydaşlarımızla birgə xatırlamaq, nümayiş etdirmək və unutmamaq adına həyata keçirilən anma, yürüyüş və s. kimi tədbirlərdə yer almağı özümə borc bilmişəm.

Magistratura dissertasiyam Azerbaycanın xarici siyasətilə bağlıdır. Düzdür. bu mənada çox yazı işləri olub, ancaq düşünürəm ki, hələ də Azerbaycanın Dağlıq Qarabağ kimi böyük problemi varsa, deməli, yazılanlar dünya ictimaiyyətində hələ o qədər də güclü, istənilən formada öz əksini tapmayıb.

6

Bundan başqa, Facebook və İnstagram kimi sosial şəbəkələdə Azərbaycanla bağlı hər hansı bir tarixi günü paylaşmaqla dostluğumda olan Türk və digər ölkə mənsublarını maarifləndirmə adına paylaşımlar etməyə səy göstərirəm.

Dilimizi öyrətdiyim türk dostlarımla rahat Azərbaycanca danışmaq, əlimdən gəldiyi qədəriylə dilimizi, milli dəyərlərimizi ən əsası Azərbaycan xalqının necə böyük mənəvi dəyərlərə malik xalq olduğunu göstərməyə və təbliğ etməyə çalışıram.

 

 

Söhbətləşdi: Tural Məmmədov

5

2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir