Əvvəl əgər gəlinlik seçimi üçün kirayə dükanlarına baş çəkmək lazım gəlirdisə, hazırda internet imkanlarından faydalanmaq ən optimal üsul sayılır. Elə buna görə də internetdə gəlinliklərin satışı, kirayəsi, tikilişi ilə bağlı xeyli sayda elan və reklamlara rast gəlmək olar.
“Bir elanın izi”ndə bu mövzunu araşdırmaq qərarına gəldik. Bunun üçün internetdə yerləşdirilən bir neçə elanda göstərilən telefon nömrəsinə zəng vurduq.
“Gəlinliyə pul xərcləməyə xəsislik etmirlər”
Diqqətimizi çəkən ilk elan İtaliya istehsalı olan məşhur “Pronoviaz” gəlinlik donu ilə bağlı oldu. 2500 manata təklif olunan geyimin satlıq olduğunu, kirayəyə verilmədiyini bildirən Rauf adlı şəxs onlarda olan bütün malların yalnız satış üçün nəzərdə tutulduğunu dedi: “İl ərzində cəmi 3-4 gəlinlik gətiririk, o da ancaq sifarişlə… Bəzən sifarişçilər imtina edir və məcburən geyimi satışa çıxarmalı oluruq. Materialından tutmuş tikilişinə qədər geyimin hazırlanması İtaliyada başa gəlir. Burada yalnız xırda düzəlişlər edirik”.
Geyimlərin 2500-5000 manata satıldığını söyləyən müsahibimiz eksklüziv gəlinlik üçün bunun elə də böyük rəqəm olmadığını düşünür: “Sifarişçilərimiz orta təbəqəyə məxsus ailələrdir. Ümumiyyətlə, əksər insanlar ömründə bir dəfə geyinəcəyi geyim üçün çox pul ödəməyə hazırdır. Bu geyimlər həm toyun, şənliyin gözəlliyini artırır, həm də şəkillərdə, videolentlərdə yadigar qalır. Birmənalı olaraq qəbul edilib ki, toyda hamının diqqəti gəlinin geyimində olur. Bu səbəbdən ailələr gəlinliyə pul xərcləməyə xəsislik etmirlər”.
Almaq, yoxsa kirayə götürmək?
Puluna qənaət etmək istəyənlərsə kirayə bazarına üz tuta bilərlər. Paytaxtın bir çox ticarət mərkəzlərində gəlinliklərin həm satışı, həm də kirayəsi ilə məşğul olan iri ticarət mərkəzləri var. Paytaxtda gəlinliklərin satışı və kirayəsi həyata keçirilir.
Əhali isə seçimini cibinə uyğun edir, yəni bir qədər imkanı olanlar brend mağazalara, aztəminatlı ailələr isə yuxarıda adlarını sadaladığımız ticarət mərkəzlərinə baş çəkməklə gəlinlik seçirlər. Əksər vaxtlarda isə gəlinlikləri kirayələməklə birgünlük geyimdən yararlanırlar.
Baxmayaraq ki, kirayə gəlinliklər çox vaxt geyilmiş olur ki, bu da gigiyenik baxımdan məsləhət görülmür. Çünki ticarət mərkəzlərində geyilmiş paltarları dezinfeksiya edəcək nə kimyəvi məhlullar, nə də avadanlıqlar mövcuddur.
Gəlinliklər bədbəxtliyin də başlanğıcı ola bilər
Respublika Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoloqu Laura Nağıyeva da təsdiq edir ki, kimyəvi təmizləməyə verilmədən təkrar kirayəyə verilən geyimlər, eləcə də gəlinliklər dəri xəstəliklərinə səbəb ola bilər: “Ona görə yox ki, onu geyinən şəxsdə hansısa xəstəlik var. Düzdür, bu da xəstəliyin yayılması üçün səbəbdir, amma kimyəvi təmizləmə bir qədər baha baş gəldiyi üçün mağaza rəhbərliyi adi qaydada paltarları yuyur, ya da heç yumur.
Bir müddət çirkli qalan paltarlar isə göbələk, dəmrov, dermosit kimi dəri xəstəliklərinin başlanğıcı ola bilər. Natəmiz, yəni geyildikdən sonra təmizlənməyən gəlinliklər qoturluq, göbələyin ağır forması kimi dəri xəstəlikləri törədə bilər”.
Dermatoloq deyir ki, gəlinliklərin kirayəsi zamanı bu amilə diqqət yetirmək lazımdır. Gəlinlik heç bir halda kimyəvi təmizlənmə aparılmadan təkrar başqasına kirayə verilə bilməz. Gəlinlik seçərkən gənc qızlar dəbə, gəlinliyin modelinə necə diqqət yetirirlərsə, bu amilə də fikir verməlidirlər.
Kirayə gəlinliklər bazarının fırıldaqları
Kirayə gəlinliklər bazarının problemi bununla bitmir. Mağazaya daxil olan kimi paltar kirayə verənlərin dəstə ilə müştəriyə yaxınlaşması heç kəsə sirr deyil. Hər bir sahibkar özünün malının kirayələnməsi üçün dəridən-qabıqdan çıxır, paltarın üzərində aksessuarların pulsuz verildiyini desələr də, sonradan əlavə ödənişlər tələb edirlər. Bu isə tərəflər arasında narazılıq yaradır və beh verdiyi üçün müştəri çıxılmaz vəziyyətdə qalır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə bu cür şikayətlərlə onlara müraciət olunduğunu deyir: “Kirayə geyim bazarında istehlakçıların aldadılması hallarına tez-tez rast gəlinir. Külli miqdarda pulun müqabilində götürülən geyim əşyaları geri qaytarılarkən mübahisələr yaranır, müxtəlif bəhanələrlə yenidən pul tələb edilir. Bəzən isə müştəri verdiyi behi geri qaytara bilmir. Bəzən şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlər girov qoyulur, tərəflər arasında mübahisələr yarandığı halda isə sənədlər geri qaytarılmır”.
AİB sədri deyir ki, kirayə geyim bazarında müştərilərlə müqavilələr bağlanılmır, göstərilən xidmətin müqabilində çek verilmir. Bu isə külli miqdarda vəsaitin vergidən gizlədilməsinə səbəb olur.
Köhnə, dəbdəbəli, zövqsüz…
Gəlinliklər bazarında vəziyyəti öyrənmək üçün gəlinliklər bölməsinə baş çəkdik. Qeyd edək ki, gəlinliklər bazarına ilk baxışdan nəzər yetirən kimi onu demək olar ki, indi hətta toy günündə belə gəlinlik kirayələmək və ya almaq o qədər çətin iş deyil, çünki hər cür zövqdə və imkanda olanlar üçün uyğun gəlinliklər var. Amma burada daha çox köhnə modellərin olduğu gözdən yayınmır. Satıcılar bunu tələblə izah edirlər. Zövqünə uyğun gəlinlik seçə bilməyənlər sifariş edə bilər, bu isə ən azı bir ay öncədən olmalıdır.
Birgünlük kirayə gəlinliklər 100-1000 manat arası dəyişir. 100 manata olanların tikilişi sadədir, üzərində bahalı daş-qaşlardan istifadə edilmir. Nisbətən bahalı donlarda isə bir qədər dəbdəbə hiss olunur. 1000 manata kirayələnən donların bəzəyi üçün svarovski kimi daş-qaşlardan istifadə edilir.
Satılan gəlinliklərin qiymətləri də fərqlidir. Burada 300 manatdan başlayan qiymətlər 10 minə qədər çatır. Daha bahalı gəlinliklər də var, amma bunlar sırf sifarişlə tikilir və ya xaricdən gətirilir.
Dəbdən geridə qalanlar
Şəhərin mərkəzində yerləşən mağazalardan birinə yaxınlaşdıq gəlinlik mağazasının satıcısı Dilarə ən ucuz kirayə gəlin paltarının 500, ən ucuz satlığın isə 2300 manat olduğunu deyir. Satıcının sözlərinə görə, bahalı paltarlar qiymətli daşlarla bəzədildiyi, bəziləri eksklüziv olduğu, bir qismi də sifarişlə Fransa və İtaliyadan gətirildiyi üçün bahadır.
Binəqədidə yerləşən başqa bir mağazada da satılıq geyimlərin qiyməti 500-2000 manat arasındadır. Bu geyimlərin kirayə qiymətləri 300-700 manat civarındadır. Satıcı Nərminə bu qiymətə ayaqqabı, aksessuarlar və qış ayları üçün nəzərdə tutulan xəzlərin də əlavə olunduğunu deyir. Baş çəkdiyimiz mağazalarda 2014-cü ilin gəlinlik modaları barədə də məlumat aldıq.
Öyrəndiklərimizdən belə nəticəyə gəldik ki, yeni ailə quranların heç də hamısı dəbə diqqət etmir. Belə ki, hər ilin, hər mövsümün yeni dəbi olsa da, bizim gəlinlər hələ də 2000-ci ilin dəbindən əl çəkə bilmirlər.
Satıcılar deyir ki, sifarişlərin əksəriyyəti yenə də gen ətəkli, dekolte paltarlardır. Halbuki bu üslubda geyim artıq on ildən çoxdur dünyada geridə qalmış sayılır.
Dekoltedən imtina
Modelyerlər isə 2014-cü ilin gəlinliklərinin dəbinə və rənginə görə yenilikləri sınaqdan keçirməyi sevənlərin seçmək şansının çox olduğunu deyirlər. Belə ki, ilin trendi açıq çəhrayı, mavi və solğun sarı rənglərdirsə, modeli də balıq formalıdır. İllərdir dünya ulduzlarının da müraciət etdiyi balıq modeli 2014-cü ildə də öz yerini qoruyub.
Bu mükəmməl bədən quruluşuna güvənən gəlin namizədləri üçün olduqca iddialı gəlinlik sayılır. İlin daha bir maraqlı dəbi qısa gəlinliklərdir və bu da ayaqlarına güvənən xanımlar üçün nəzərdə tutulub. Gəlinlik dünyasında illərdir liderliyini saxlayan dekolte formadan imtina isə əsl hadisə sayıla bilər. Elə moda özü də bunu diqtə edir. İlin və mövsümün dəbi uzunqollu gəlinliklərdir. Uzunqollu gəlinlik dedikdə isə incə və zərif krujeva yaxud, şəffaf parça növlərindən tikilən uzun qollu gəlinlik modelləri istənilən mövsüm üçün nəzərdə tutulub.
Əsas seçimi düzgün etməkdir
Toy təşkilatçıları hesab edirlər ki, gəlinlik seçərkən toy məkanı da nəzərə alınmalıdır. Toy açıq havada, oteldə və yaxud bağlı məkanda ola bilər. Açıq havada olan toylarda əsasən yüngül parçalardan olan, qapalı məkanlarda isə daş-qaşlarla bəzədilmiş gəlinliklərə daha çox üstünlük verilir.
Gəlinlərin özündən asılı olmayan səbəblərin – boyu və çəkisinin də gəlinlik seçərkən nəzərə almaları məsləhət görülür. Modelyerlər qısa boylu xanımların əsasən karsetli düz paltar seçmələrini məqsədəuyğun hesab edir. Düz paltarların da ən gözəl variantı sinənin altından kəsmə ilə olanıdır ki, bu formada geyimdə boy hündür görünür. Belə xanımlar balıq modellərdən uzaq olmalıdırlar. Çünki bu modeldə bədənin bütün ölçüləri qabarıq göründüyü üçün onların ayaqlarının qısa olmağı daha çox büruzə verir. Dəbin necə olmasından asılı olmayaraq hər kəs təkcə gəlinlik geyindiyi gün yox, bir ömür boyu xoşbəxt olmaq istəyir. Bunu isə nə geyim, nə də moda diqtə edir. /xezerxeber.com/