CEHIZ

Ailələrin cehiz dərdi – ARAŞDIRMA

Baxış sayı: 1. 530

“Üç il bundan əvvəl qızım ailə qurdu və borc-xərc edib 15 min manatlıq cehiz aldım. Qızımın övladı da olub, amma biz hələ də banka onun cehizinin borcunu ödəyirik”… Bu sözləri bizimlə söhbətində qızının cehiz pulunu ödəməkdə çətinlik çəkən bir müsahibimiz bildirdi.

Adının çəkilməsini istəməyən qız anası dedi ki, cehizi bankdan götürəndə həyat yoldaşı işləyirdi, indi isə işi ixtisara düşdüyünə görə bankın pulunu ödəməkdə çətinlik çəkirlər: “Qızım ailə quranda oğlanın valideynləri dedilər ki, çox cehizə ehtiyac yoxdur, evdə hər şey var. Amma biz razılaşmadıq ki, qızımız oğlan adamlarının yanında gözükölgəli olmasın. İndi də bankın kreditini ödəyə bilmirik”.

Göründüyü kimi, imkanı olan ailələr üçün cehiz alış-verişi toy hazırlıqlarının ən keyfli bir mərhələsi olsa da, imkansız ailənin qızları üçün cehiz bəzən kəfənə də çevrilə bilir. Bəzənsə imkansız valideynlər illərələ cehiz borcunun altından çıxa bilmirlər.

Hər il ölkəmizdə təxminən 70-90 min arasında nikah qeydə alınır. Yeni qurulan ailələrdə valideynlərin bəlkə də 70 faizi cehiz verməyə çətinlik çəksə də, qızlarına qabyuyan maşınacan cehiz verməyə çalışırlar. Bəlkə də yeganə millətik ki, qız anadan olan kimi ona cehiz almağa başlayırıq.

Əvvəllər toydan yığılan pul hesabına bunu etmək mümkün idisə, indi şadlıq evlərinin “at beli”ndəki yerpulu sayəsində qalan pulla nəinki cehiz almaq mümkündü, hətta bir çox hallarda toyun xərci-borcunu ödəməsi üçün cibindən pul da verməli olursan. Bəzi banklar da millətin bu zəif damarını tutub yüksək faizlə valideynlərə “cehiz kredit”i təklif edirlər. Bu kreditin altına girən valideynlər isə bəzən bunun altından çıxa bilmədikləri üçün evlərini, maşınlarını satmalı olurlar.

 

İki ədəd mütəkkə, mis aftafa-ləyən, nehrə…

Sosioloq Lalə Mehralının sözlərinə görə, keçən əsrin əvvəllərində maddi durumu normal olan ailələrin gəlinlik qıza verdiyi cehiz o qədər böyük olmurdu: “Bunlar bir neçə qab-qaşıq, iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşəkdən ibarət idi. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri, güləbətinli tirmə araxçın, ipək daraq qabı, saat qabı, zərxaradan on iki ədəd pul kisəsi, 20-30 cüt çarıqbağı, qələmdan qabı və s. də vardı. Məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt “tutqac” da cehizə daxil idi. Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara dabandaşı da cehizdə olurdu. Bunlardan başqa, bir-iki xalça-palaz, çamadan-xurcun, saxsı qab-qacaq, nehrə, küpə, kuzə, aşsüzən, yeddi taxta qaşıq, taxta boşqab, oxlov, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, qazan, mis aftafa-ləyən, hamam sətili (bir növ stul-L.M), altı kabab şişi və s. metal əşyalar da cehizə qatılırdı”.

 

Mebel yerinə rəsm və kitab şkafı

İndi isə cehizə mebellərdən, çeşid-çeşid yataq dəstlərindən tutmuş, qab-qacaq dəstinə, sokçəkən, paltaryuyan, qabyuyan, tozsoran, ətçəkən maşına, soğançəkən, dolmabükənə, süpürgəyə, xəkəndaza kimi hər şey daxildir. Bunların evdə istifadə edildiyini nəzərə alaraq yenə başa düşmək olar. Amma ən gülüncü odur ki, qızlara bəzək əşyası kimi ailədə heç vaxt istifadə edilməyən, ömür boyu mebelin içərisində və üstündə qoyulacaq lazımsız şüşə parçaları da verilir. Şüşə parçaları deyirk, amma bunların biri ortalama 500-2000 manata başa gəlir. Buna görə də Azərbaycan ailələrinin qonaq otaqları çox vaxt muzeyi xatırladır. Amma muzeydən fərqli olaraq cehiz verilən qabların heç bir tarixi əhəmiyyəti olmur.

Heç bir Avropa ölkəsində, heç qonşu Türkiyədə, Gürcüstanda belə içərisi müxtəlif bəzək qabları ilə dolu mebel görmək mümkün deyil. Gürcüstanda evlərin əksəriyyətində mütləq gözəl bir rəsm və kitab şkafı görə bilərsiniz.

 

Gürcüstanda və Türkiyədə qızlar nə aparır?

25 yaşlı gürcü Nina Burcanadzenin dediyinə görə, əvvəllər cehiz vermək məcburi idi: “Mənim valideynlərimin vaxtında hər bir valideyn qızına mütləq cehiz verməli idi. Onda da yataq mebeli, yorğan-döşək, qab-qacaq aparardılar. İndi isə qızın oğlan evinə cehiz aparması məcburi xarakter daşımır. Yəni Tbilisidə ailə quran qızların bir çoxu geyimlərindən və büjiteriyalarından, bir də varıdırsa, qab-qacaqdan başqa oğlan evinə, ümumiyyətlə, heç bir şey aparmır. Amma bəzi regionlarımızda, məsələn, Kaxetiyada hələ də adət-ənənələr qaldığından cehiz aparmaq onlarda mütləqdir”.

Bəzək üçün büllur, yaxud digər materiallardan olan qablara gəlincə, N.Burcanadze belə bir şeyin heç valideynləri tərəfindən də cehiz aparılmadığını bildirdi: “Bir şeyi ki istifadə eməyəcəyəm, onu evdə saxlamağın mənası yoxdur”.

Türkiyəli 23 yaşlı Saniye Teoman isə sorğumuza cavab olaraq bildirdi ki, qızlar cehiz kimi mətbəxdə istifadə edilən dəsmallar, qab-qacaq, yorğan-döşək, yataq örtükləri, ütü stolu kimi kiçik şeylər aparırlar: “Türkiyənin bəzi yerlərində yataq mebelini də qız tərəfi alır. Amma bizdə belə deyil. Mebellər oğlan tərəfindən alınır. Qızların əl hörgüləri, əllə hazırladıqları mətbəx dəsmallarından xüsusi boxçalar hazırlanır və sandıq düzəldilir. Qız adamı sandığın üzərində oturur, bəydən pul alandan sonra sandığın üstündən dururlar. Cehiz toya 1 həftə qalmış gəlinin yeni evində sərgilənir. Belə ki, yaxnları yeni evlənənlərə kömək məqsədilə əllərində ev əşyaları ilə cehiz gördüsünə gəlirlər”.

Onu da deyək ki, inkişaf etmiş Avropa ölkələrində, ümumiyyətlə, cehiz söhbəti yoxdur. Qız və oğlan evlənərək hər şeyi özləri alırlar.

 

Hansı bölgəmizdə cehiz oğlanın boynuna düşür?

Azərbaycanda isə yalnız Şəkidə qız cehiz kimi mebel və digər böyük əşyaları aparmır. Evi mebellə təmin etmək oğlanın boynuna düşür. Qız isə yalnız qab-qacaq, yataq örtükləri, dəsmal kimi əşyalar aparır. Şəkili İlham İsmayılov xanımının cehiz almadığını bildirdi: “Bütün mebelləri özüm aldım. Bizdə qadına o qədər yüksək qiymət verilir ki, onun özü elə yeni ailə quran oğlan üçün cehizdir”.

Digər rayonlarımızda isə vəziyyət “rusca”dır. Xüsusilə cənub zonasında cehiz məsələsi qız evi üçün xüsusi dərdə çevrilir. Qızını verən valideyn imkansızdırsa, qızı ailə qurduğuna görə sevinmək əvəzinə sanki yasa düşür. Çünki yaxşı cehiz apara bilməyən qız oğlan evindən başqa, qonum-qonşunun da qınaq obyektinə çevrilir. Lənkəranlı Gülşən Məhərrəmova bildirdi ki, onlarda hətta yastıqlar da sayla verilir: “cehizlik yastığın sayı 9 olmasa, o qıza getdiyi ailədə yaxşı münasibət olmur”.

Qeyd edək ki, təkcə cənub zonasında deyil, digər bölgələrimizdə də vəziyyət eynidir. Amma çox vaxt oğlan evinin tələbi olmadığı halda, imkansız valideynlər dəridən-qabıqdan çıxaraq qızlarını yaxşı yola salmağa çalışırlar – “qonum-qonşudan ayıbdır”, ya da “qızım qayınanasının yanında başıaşağı olmasın” şüarı ilə.

Müsahibimiz Şəfa Tapdıq qohumlarının qızlarını cehizlə təmin etmək üçün hətta 3 otaqlı mənzillərini sataraq 1 otaqlı mənzil aldıqlarını bildirdi: “Qızın qayınanası yaxşı cehiz tələb etdiyindən, qız evi məcbur qalıb 3 otaqlı mənzillərini birotaqlı mənzillə əvəzlədi”.

 

İnsanları idarə edən stereotiplər

Sosioloq Cavid İmamoğlu bizimlə söhbətində təəssüflə bildirdi ki, cəmiyyətimizdə toy öncəsi bəzi adətlərdə stereotiplər insanlarımızı idarə edir: “Nəticədə bu stereotiplər Azərbaycan insanının xoşbəxt olmasına mane olur. Hər şey ad-sana, yer-yurda, var-dövlətə görə qız alıb-verməklə başlayır. İnsanlarımız mənəvi insan yaşantısı olan ailəyə maddi prizmadan yanaşır və nəticədə ailə quran gənclər uğursuz bir ailənin təməlini qoyurlar. Ümumiyyətlə, bizdə valideynlərin fəxr və qürur mənbəyi qız evinin cehizinin bahalı olması, oğlanın isə pulunun və evinin olmasıdır. Əlbəttə, hər kəs öz qızına bahalı cehiz vermək istəyir. Lakin cehizlik belə insanın maddi durumuna görə olmalıdır. Bu gün cəmiyyətimizdə varlı və kasıb toy və yas mərasimləri bir o qədər də fərqlənmir. Sanki qəbul edilmiş toy standartı varmış kimi, hər kəs ona uyğun davranır. İmkansız valideynlər belə boğzından, əynindən kəsib ömür boyu qızının cehizlik kreditini ödəməyə hazır olurlar. Təki onların övladlarına kənar təsir olmasın, qayınana və oğlan evinin qohumları cehizi “bu da qızın gətirdikləri” kimi tənə etməsinlər”.

Cəmiyyətin bu kimi adət və ənənələrində islahatlara ehtiyac duyulduğunu deyən sosioloq bir çoxları üçün evliliyin böyük bir yükə çevrildiyini və bunun da gələcəkdə ailə quranların sayına təsirsiz ötüşməyəcəyini bildirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir