peyvend

Qış qripi qapıda: peyvənd edək, etməyək?

Baxış sayı: 1. 393

Qış aylarında ölkədə ən çox yayılan xəstəliklər sırasında qrip və soyuqdəymə ön sırada gəlir. Bir çox əcnəbi həkimlər hesab edirlər ki, insanlar bu xəstəlikdən qorunmaq  üçün hər il peyvənd olunmalıdırlar. İsrailin məşhur terapevti Şimon Perets bildirir ki, qripə qarşı mütləq vaksin vurulmalıdır.

“İsraildə qrip virusu adətən iki mövsümdə yayılır. Ona görə də oktyabr və mart aylarında peyvənd vurulur. Çünki peyvənd qripə yoluxma təhlükəsini azaldır. Yoluxanda isə xəstəliyi daha rahat keçirtməyə yardım edir. Ona görə bütün xəstələrimə qripə qarşı peyvənd vurdurmağı tövsiyə edirəm. Həmçinin özümə və doğmalarıma da peyvənd vurdururam”, – deyə o qeyd edib.

Həkim həmçinin deyir ki, virus xəstəliklərində deyil, amma qrip zamanı pnevmoniyaya (ağciyərin sətəlcəmi -red.) yoluxma riski var: “Xüsusən də uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar bu müddətdə ehtiyatlı olmalıdırlar. Qrip əleyhinə vurulan peyvəndlər pnevmoniya riskini 70-75 faizədək azaldır”.

Azərbaycanda isə peyvəndə qarşı münasibət birmənalı deyil. Əksər valideynlər özləri bir yana, uşaqlarına da müvafiq peyvəndləri vurdurmaqdan çəkinirlər. İnsanlar ilk növbədə peyvəndin Azərbaycana hansı ölkədən gətirildiyini müzakirə edirlər. Hesab edirlər ki, dövlət poliklinikalarında vurulan peyvəndlər keyfiyyətsiz, özəl xəstəxanalarda vurulan vaksinlər isə keyfiyyətlidir.

Bəs əslində reallıq nədən ibarətdir? Böyüklər də peyvənd olunmalıdırmı?

Həkim-pediatr Hüseyn Mehdiyev deyir ki, Azərbaycana Belçikadan, Fransadan və eyni zamanda Hindistandan da peyvənd gətirilir: “İlk olaraq uşaqlara vurulan peyvəndlərdən danışaq. Deyim ki, əslində bütün ölkələrdən gətirilən vaksinlər eynidir. Əhali arasında belə bir fikir yaranıb ki, dövlət poliklinikalarında vurulan peyvəndlər pisdir. Ona görə də özəl xəstəxanalara gedib, uşaqlara bahalı peyvənd vurdururlar. Mənim özüm isə çox zaman nəvələrimə poliklinikada olan peyvəndlərdən vurdururam. Düşünürəm ki, hər halda bütün uşaqları ölümə verməyəcəklər ki? Çünki bu peyvənd bir uşağa vurulmur. Bəzən baxırsan ki, uşağın güclü allergiyası var, yaxud ürəyi zəifdir. Ona peyvənd vurmaq olmaz. Eləcə də nevroloji xəstə olan uşaqlara  peyvənd vurulmalı deyil. Bu baxımdan həkim müayinəsindən keçib, sonra peyvəndə getmək lazımdır. Peyvəndin vurulması ilə bağlı fikirlər birmənalı deyil. Vaxtilə çiçək xəstəliyi vardı ki, bu xəstəlik peyvəndlərin hesabına ləğv edildi. Vaxtında peyvəndlər olmasaydı, yəqin ki, əhalinin 60-70 faizi şikəst olardı. Eləcə də poliomielit xəstəliyi ilə bağlı uşaq, vaxtı-vaxtında peyvənd olunmasa, virus bədənə girən kimi iflic olar. Eləcə də digər uşaq infeksiyalarına qarşı da peyvənd olunmalıdır. Son dövrlərdə autizmin geniş yayılmasında peyvəndlərin rolundan danışırlar. Bu haqda da nəzəriyyələr var. Ancaq ortada yekdil fikir yoxdur. Hazırda Azərbaycanda Səhiyyə Nazirliyi peyvəndin vurulmasının lehinədir. Sözsüz ki, mənim təcrübəmdə də dəfələrlə olub ki, peyvənddən sonra uşaqda qıc olma başlayıb, temperatur yüksəlib. Hətta elə hal olub ki, uşağa peyvənd vurublar, bir neçə dəqiqə sonra uşaq ölüb. Yuxarıda da qeyd etdiyim kimi uşağa peyvənd vurmadan öncə həkim yoxlaması vacibdir. Bütün bunlara baxmayaraq, peyvəndin əleyhinə də olmaq mümkün deyil. Məsələ ilə bağlı birmənalı fikir yoxdur”.

peyvənd ile ilgili görsel sonucu

Həkim bildirir ki, böyüklərin peyvənd olunması uşaqlarla müqayisədə o qədər də təhlükəli deyil: “Böyüklər də peyvənd olunmalı, xəstəliklərdən qorunmalıdırlar. Ümumiyyətlə, virusun özü, paratipləri, tipləri var. Ona görə də bir iynə ilə orqanizmi virusdan qorumaq kimi təcrübə yoxdur. Bu, mümkün olan şey deyil. Eləcə də bir iynə ilə qripdən qorunmaq da mümkün deyil. Çünki bu xəstəliyin xeyli sayda növləri, paratipləri  var. Onların hamısının qarşısını bir peyvəndlə almaq çətindir. Ancaq hər bir virusdan sonra ən azı 6 ay ərzində bədənin immuniteti qalır. Bu səbəbdən də istər uşaqlarda, istərsə də böyüklərdə ilk növbədə bədənin immunitetinin qaldırılmasına diqqət edilməlidir. Qrip olan insan başını bürüyüb, evdə yatmalı deyil. Təmiz havada nə qədər çox olsa, otağın havası nə qədər çox dəyişdirilsə, o qədər yaxşı olar. Eyni zamanda otaq yaş əski ilə də silinməlidir. Xüsusilə də qış aylarında meyvələri, meyvə şirələrini, göyərtiləri çox qəbul etmək lazımdır. Ən azından mövsümi meyvələri qəbul etmək gərəkdir ki, müqavimət qalxsın. Bundan əlavə, soyuq-isti duş da qəbul etmək olar. Çox geyinib, bürünməklə əslində daha çox xəstəliyə qapı açmış oluruq. Eyni zamanda insanlar kollektiv içərisində qoruyucu maskalardan istifadə etməlidirlər. Bunlar edilərsə, qripə də yoluxma riski azalar. Təkrar peyvənd məsələsinə qayıdaraq onu da qeyd edim ki, bu vaksinlər barəsində kimsə konkret fikir söyləyə bilməz. Ancaq bu da realdır ki, peyvəndin yaxşısı, pisindən daha çoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir