qarpız

Zəhərli qarpızı necə tanıyaq?

Baxış sayı: 2. 132

Yayın “simvol”larından olan qarpızın vətəni Cənubi Afrika hesab olunur. Bu günə kimi də qarpız orada yabanı şəkildə yetişir. Hələ qədim Misirdə insanlar qarpızın bir “mədəniyyət” olduğunu bilib onu yüksək qiymətləndirirdilər.

Qərbi Avropaya isə qarpız səlib yürüşləri zamanı gətirilib. Rusiyaya gəldikdə, bu məhsul orada yalnız 17-ci əsrdə peyda olub. Azərbaycanda da qarpız kifayət qədər sevilir. Ancaq son günlər qarpız və yemişdən zəhərlənmə hallarının artması, hətta bir müddət əvvəl bir gənc qızın qarpız zəhərlənməsindən həyatını itirməsi insanlarda narahatlıq yaradıb. Biz də paytaxt sakinlərinin daha çox üz tutduğu bazarlardan birinə Yaşıl bazara baş çəkib həm qarpız satışını müşahidə etdik, həm də satıcılardan zəhərli qarpızı tanımağın yollarını öyrəndik. Bazara ayaq basar-basmaz qarpız satıcılarının “gəl ay müştəri, bal kimi qarpızdan qalmadı”, “şipşirin Sabirabad qarpızına gəl” deyərək müştəri səsləməsi ilə qarşılaşdıq.

Maşının yük yerinə qarpız yığıb özünə müştəri səsləyən satıcıya yaxınlaşıb öncə qarpızın qiymətini soruşduq. Kilosunun 20 qəpiyə olduğunu deyən satıcı Emin Əzizov qarpızını tərifləməyə başladı: “Bacı, bu Sabirabad qarpızıdır. Özüm yetişdirmişəm, özüm də gətirib satıram. Alsanız, peşman olmazsınız”.

Hər gün səhər saat 7-dən axşam 8-9-a kimi qarpız satdığını deyən Emindən zəhərli qarpızı necə tanımağın mümkün olduğunu soruşduq: “Mən artıq 6-7 ildir ki, bu işlə məşğulam. Müştərilər qarpız alarkən onun saplağına fikir verməlidir. Əgər qarpızın saplağı tünd-yaşıl rəngdədirsə, deməli, qarpız təzədir. Təzə qarpızı tanımağın başqa bir yolu isə onu kəsdirməkdir. Əgər bıçaq vuran kimi qarpız bölünürsə, deməli, onu almaq olar”.

Elə bu vaxt bir alıcı gəlib bir qarpız çəkdirir. Daha sonra isə təzəliyinə əmin olmaq üçün onu kəsməsini xahiş edir. Satıcı qarpızı kəsir. Ancaq qarpız satıcının dediyi kimi bıçaq vuran kimi yarılmır və beləcə alıcı ilə satıcı arasında mübahisə başlayır. Alıcı qarpızın içinin ağ olduğunu desə də, satıcı israrla qarpızın təzə və dadlı olduğunu deyir. Nəhayət ki, satıcı Emin alıcını başqa qarpız verməklə razı salır.

Növbəti söhbətləşdiyimiz qarpız satıcısı Fikrət Quliyev isə deyir ki, hər dəfə müştərinin istəyinə görə qarpız kəsmək olmaz: “Elə qarpız olur ki, onun içi tam qırmızı olmur. Bu o demək deyil ki, o qarpız zəhərli və ya köhnədir. İçi ağ qarpızlar qırmızı qarpızdan da dadlı olur. Qarpızın təzə olduğunu ona çırtma vurmaqla da yoxlamaq olar. Çırtma vuranda səs çıxarırsa, deməli, o, səni öldürməyəcək. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Üzərindəki sarı ləkələr imkan daxilində az olmalıdır”.

Qarpız alıcılarına da yaxınlaşıb onların fikrini öyrəndik. Qarpız almaqda tərəddüd edən Xatirə xanım deyir ki, artıq bir dəfə qarpızdan zəhərlənib: “Bir ay əvvəl qarpızdan allergiya oldum. Həkimə getdim dedi ki, zəhərlənmisən. Qarpız yeməyi çox sevirəm. İndi yenə almaq istəyirəm. Amma qorxuram ki, yenə zəhərlənəm”.

Digər alıcı Səmra Məmmədova deyir ki, hər il qarpız mürəbbəsi bişirir: “Mənim 45 yaşım var. Bu yaşıma kimi qarpızdan zəhərləndiyimi xatırlamıram. Mən hər yay bunun mürəbbəsini də bişirirəm. Ailəmiz bunu sevir”.

Maraqlıdır, qarpız yetişdirilməsində hansı səhvə yol verilir ki, qarpız zəhərli olur.
Qarpızdan zəhərləndikdə nə etməliyik?

Tibb elmləri doktoru, professor Adil Qeybulla zəhərlənmə zamanı ev şəraitində çoxlu maye qəbul etməyin vacib olduğunu dedi: “Ümumiyyətlə, meyvə-tərəvəzlərin istifadəsi, yaxşı olar ki, hər fəslə uyğun olsun. Yetişdirilməsi üçün süni şəraitdən, maddələrdən istifadə olunan meyvə, tərəvəzlər, təbii ki, orqanizmə təhlükə törədir. Nəzərə almaq lazımdır ki, bunların yetişdirilməsi və zərərli həşəratlardan qorunması üçün müəyyən zərərverici maddələrdən istifadə olunur. Tərkibində çoxlu su toplayan meyvələr, məsələn, qarpız, pomidor və digərləri həmin zərərli gübrələri və yaxud da həşəratlar əleyhinə istifadə edilən maddələrin inqridentlərini özündə toplayır və son nəticə olaraq bunlar orqanizmə düşdükdə təsir göstərir.

Hesab edirəm ki, vaxtından əvvəl süni surətdə yetişdirilmiş meyvə-tərəvəzin istifadəsi məsləhət deyil. Xüsusilə də qadınlar, uşaqlar və yaşlılar bundan uzaq olmalıdırlar. Bəzən bu hallarda zəhərlənmə halını müəyyənləşdirmək olmur. Zəhərlənmə baş verdiyi vaxt ilk yardım zərərverici amilin orqanizmə sonrakı təsirinin aradan qaldırılmasıdır. Zəhərlənmə hansı meyvə-tərəvəzdən baş veribsə onun sonrakı qəbulu dayandırılmalıdır. Həmin vaxt ev şəraitində çoxlu maye qəbul etmək lazımdır. Daha sonra dərhal həkim çağırılmalı və ixtisaslaşdırılmış tibbi yardım göstərilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir