“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə İraq mətbəxi haqqında məlumatlar təqdim edəcəyik.
Çox qədim tarixi ənənələrə malik olan İraq mətbəxini Ərəb və Kürd mətbəxindən xeyli təsirlənmiş hesab etmək olar. Ümumiyyətlə, bu ölkənin mətbəxi ölkənin şimal və cənub zonalarında bir birindən çox fərqlənməsi ilə diqqət çəkir. Bütün bölgələr üçün xarakterik olan əsas özəllik isə ətdən geniş şəkildə istifadə olunmasıdır. İraq mətbəxində ən çox yayılmış ətlər toyuq və quzu ətidir. İraqın milli yeməyi Masqouf adlanır. İraq mətbəxində digər ərəb ölkələrinə nisbətən daha çox ədviyyatlardan istifadə edilir. Əsas ərzaq məhsullarına buğda, arpa, düyü və müxtəlif tərəvəzlər daxildir ki, onlardan da ən çox istifadə olunanı badımcandır.
Dolma da ən məşhur yeməklərdən biridir. İraq mətbəxi kababı ilə fərqlənir. Hətta sözügedən ölkənin mətbəxi tikka adlanan kabab növü ilə məşhurdur. Bundan əlavə, yerli əhali “dönər kabab”ı da çox sevir.
İraqda yerli əhali səhər yeməyinə xüsusi diqqət yetirməsi ilə seçilir. Məhz bunun nəticəsidir ki, bu ölkədə səhər yeməyi çox çeşidli olması ilə fərqlənir. Adətən, iraqlılar səhər yeməyində süfrəyə kərə yağı, zeytun, yumurta, pomidor, xiyar, qaymaq, pendir, sosiska, simit və s qidalardan istifadə edir. Bununla yanaşı, səhər yeməyi üçün açılan süfrədə müxtəlif şirniyyatlar da görmək mümkündür.
İraq mətbəxi haqqında danışırıqsa, yerli əhalinin şorbalardan çox istifadə etdiyini də qeyd etməliyik. Xüsusən qış aylarında şorabalardan, eləcə də, çeşitli baharatlardan və turşulardan istifadə olunur. Şirniyyatlardan ən çox paxlava məşhurdursa, içki kimi daha çox ayran istifadə olunur.
Aydan Kərimli