yemeye ne var

Toyuq və tərəvəzlərin möhtəşəm vəhdəti - "YEMƏYƏ NƏ VAR?

Baxış sayı: 530

Həm yüngül, həm də doyurucu yemək axtaranlar üçün isti salat yaxşı seçim ola bilər. Toyuq filesi, şirəli pomidor və bolqar bibərinin birləşməsi yeməyə həm zəngin dad, həm də rəng qatır. Kahı yarpaqları isə salatı daha təravətli edir.

Xüsusilə isti halda təqdim edilən bu salat əsas yeməyi əvəz edə biləcək qədər doyurucudur. Soya sousu və zeytun yağı isə tərəvəz və toyuğa fərqli, iştahaaçan dad verir.

Tərkibi:

400 q toyuq filesi

1 ədəd bolqar bibəri

300 q pomidor

1 dəstə kahı yarpaqları

1 xörək qaşığı küncüt

50 ml soya sousu

3 xörək qaşığı zeytun yağı

2-3 budaq təzə şüyüd

Duz və qara istiot – zövqə görə

yemek

Hazırlanması

Əvvəlcə toyuq filesini yuyub qurudun və orta ölçülü tikələrə doğrayın. Tavaya bir qədər zeytun yağı əlavə edib toyuq parçalarını qızılı rəng alana qədər qovurun.

Bolqar bibərini uzun və ya iri dilimlərə doğrayaraq ayrıca tavada qısa müddət bişirin. Bibərin tam yumşalmasına ehtiyac yoxdur – bir qədər diri qalması salata daha yaxşı tekstura verəcək.

Pomidorları da iri hissələrə doğrayın. Kahı yarpaqlarını əlinizlə iri parçalara bölüb boşqaba və ya geniş salat qabına yerləşdirin. Üzərinə doğranmış pomidor və bişmiş bolqar bibərini əlavə edin.

Hazır olan isti toyuq tikələrini tərəvəzlərin üzərinə qoyun. Soya sousunu və qalan zeytun yağını əlavə edib salatı ehtiyatla qarışdırın. Üzərinə küncüt və xırda doğranmış təzə şüyüd səpin.

Duz və istiotu isə soya sousunun duzluluğunu nəzərə alaraq zövqə uyğun əlavə edin.

Salatı toyuq hələ isti ikən süfrəyə vermək məsləhətdir. Beləliklə, isti toyuq, yumşalmış bibər və şirəli pomidorun dadı bir-birini tamamlayır.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir