yemeye ne var

Badımcan ruleti belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 539

Badımcan mətbəximizdə həm isti yeməklərin, həm də müxtəlif qəlyanaltıların hazırlanmasında istifadə olunan dadlı və çox yönlü tərəvəzlərdəndir. Ondan hazırlanan fərqli reseptlər arasında badımcan ruleti də həm görünüşü, həm də qozlu içliyi ilə süfrəyə xüsusi rəng qatan təamlardan biridir.

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında hazırlanması asan, dadlı və süfrəyə qəlyanaltı kimi təqdim edə biləcəyiniz badımcan ruletinin reseptini təqdim edirik.

 

Badımcan ruleti üçün lazım olan ərzaqlar

2 ədəd badımcan

150 qram qoz ləpəsi

1 dəstə şüyüd

1 dəstə keşniş

2 xörək qaşığı mayonez

Duz və istiot – zövqə görə

Bitki yağı – qızartmaq üçün

BADIMCAN

Hazırlanma qaydası

Əvvəlcə badımcanların qabığını soyun və uzununa nazik dilimlərə doğrayın. Doğranmış badımcanları duzlu suda bir müddət saxlayın. Bu üsul badımcanın acılığının azalmasına və daha yumşaq dad almasına kömək edir.

Bu müddətdə ruletin içliyini hazırlayın. 150 qram qoz ləpəsini blenderdə xırdalayın. Şüyüd və keşnişi də yaxşıca yuyub xırda doğrayın. Qoz ləpəsini göyərtilərlə birlikdə uyğun bir qaba əlavə edin.

Üzərinə zövqə görə duz və istiot, həmçinin iki xörək qaşığı mayonez əlavə edib bütün ərzaqları yaxşıca qarışdırın. Beləliklə, badımcan ruletinin içliyi hazır olacaq.

Daha sonra badımcan dilimlərini sudan çıxarıb suyunu yaxşıca süzün və kağız dəsmalla qurulayın. Tavada bitki yağını qızdırın və badımcan dilimlərini hər iki tərəfi yumşaq və qızılı rəng alana qədər qızardın.

Qızardılmış badımcan dilimlərini bir qədər soyuduqdan sonra üzərinə hazırladığınız qozlu-göyərtili içlikdən yayın. Daha sonra badımcan dilimlərini ehtiyatla rulet formasında bükün.

Hazır badımcan ruletlərini süfrəyə düzərək istəyə görə göyərti və qoz ləpəsi ilə bəzəyə bilərsiniz.

Badımcan ruleti həm gündəlik süfrə, həm də qonaqlıqlar üçün hazırlana biləcək ləzzətli qəlyanaltıdır.

Nuş olsun!

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir