aile

Bir-birinizə vaxt ayıra bilirsinizmi?

Baxış sayı: 1. 155

İş həyatı, gərginliklər, yorğunluqlar… İşləyən ailələrin ən böyük problemlərindən biri də bir-birilərinə kifayət qədər vaxt ayıra bilməmələridir. Xüsusilə də, əgər uşaqlar varsa, “ata-ana” rolu istər-istəməz “həyat yoldaşı” rolundan ön plana keçir. Beləliklə, tərəflər arasında ünsiyyət demək olar ki, itir. Təəssüf  ki, təsvir etdiyimiz bu tablo həyatda tez-tez baş verir. Bu cür həyat tərzi təbii olaraq tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir. Halbuki, insan həyatda bütün rollarında səmimi olmalıdır. Üstəlik, bir fərd kimi roldan-rola keçməyi də bacarmalıdır. Yəni, iş yoldaşlarının yanında iş yoldaşı, uşaqlarının yanında ata və ya ana, həyat yoldaşının yanında həyat yoldaşı… Əgər bu keçiddə hər hansı bir problem varsa, bu, əvvəlcə fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir. Buna görə də, əgər ailənizdə ünsiyyəti bərpa etmək istəyirsinizsə, “Vaxtım yoxdur” bəhanəsinin arxasında gizlənməyin və bunu var gücünüzlə istəməyə çalışın. Digər tərəfdən, bəziləri üçün ailə həyat tərzi yox, vərdiş olsa da, siz bu “qayda”nı birdəfəlik unudun. Əgər bu vəziyyətə düşmək istəmirsinizsə, hər gün evli olduğunuzu xatırlayın və ən əsası ailə həyatının müsbət cəhətlərini yada salın.

sevgi

Bir şeyi də unutmayın ki, ailədə ünsiyyət üçün heç də uzun vaxta ehtiyac yoxdur. Bəzən mətbəxdə birlikdə yemək hazırlamaq və ya birlikdə kitab oxumaq da kifayətdir. Həmçinin, gün ərzində həyat yodaşınıza təkcə “Nə lazımdır?” sualı üçün yox, sırf onun üçün zəng edin. Hətta çox məşğul olsanız belə, arabir birlikdə gəzməyə çıxmağı unutmayın. Bu, yarım saatlıq bir gəzinti və ya bir axşam yeməyi də ola bilär. Bir-birinizin əlamətdar günlərini xatırlamaq üçün də işin az və ya çox olmasının bir fərqi yoxdur. Ona görə də, bu məsələdə bacardığınız qədər öz həssaslığınızı qoruyun. Digər tərəfdən, nə qədər yorğun olsanız belə, axşamlar bir yerdə söhbət etməyi unutmayın. Hətta, bu söhbət çox qısa olsa belə, hər axşam bir-birinizlə söhbət edin. Bir də unutmayın ki, həyat yoldaşınızla ünsiyyətiniz nə qədər möhkəm olsa, bu sizin ailə səadətinizə də müsbət təsir göstərər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir