kollec_imtahan_mekteb1abarker_1

“Müəllimi görən kimi o qədər qorxurmuş ki…” – ARAŞDIRMA

Baxış sayı: 1. 346

Məktəbdə müəllimin, yaxud evdə valideynin uşaq və yeniyetmələrlə düzgün olmayan davranışları faciələrə yol aça bilir.

Son baş verən hadisələr bunu bir daha təsdiqləyir.

Amma bəzən məktəbdə şagirdə qarşı müəllimin və ya şagird yoldaşlarının normal olmayan sözü, davranışı həmin dəqiqə problem yaratmasa da zamanla yeniyetmələrdə depressiya, özünəqapanma yaradır. Qarşıdakı özü belə hiss etmədən bir şəxsin zehnində və dolayısıyla cəmiyyətdə fəsadlara yol açır.

Belə problemlər yaşayan bəzi şagirdlərin özləri ilə söhbətləşdik.

Onlardan öz başlarına gələnləri danışanlar da oldu, şagird yoldaşlarının yaşadığı sıxıntılardan bəhs edənlər də…

10-cu sinif şagirdi Elnur (ad şərtidir) deyir ki, sinif yoldaşlarının ona qarşı təzyiqləri 9-cu sinifdən sonra başlayıb:

“Təbiətcə sakit insanam. Bir oğlan var idi, sakit dayandığımı görən kimi başlayırdı mənə söz atmağa. İlk vaxtlarda  çox fikir verməsəm də, bir müddət sonra depressiyaya düşdüm. Sonra yavaş-yavaş düzəldi. Özüm vəziyyətdən çıxmağa çalışırdım. Həmin oğlanın öz ətarfı var idi. Onlar kimi ola bilmirdim. Bəziləri siqaret çəkirdi. Avara həyat tərzi keçirirdilər. Onlar özləri üçün ideal oğlan profili yaradırdılar və tələb edirdilər ki, mən də onlar kimi olum. Elə həmişə deyirdilər ki, oğlan sənin kimi hərəkət etməz, sən qızlar kimi hərəkət edirsən və s. Hamının içində dedikləri üçün pərt olurdum və pis vəziyyətə düşürdüm. Oğlana bu hərəkətinin xoşuma gəlmədiyini desəm də xeyri olmurdu. Allah ona boy-buxun versə də, ağıl verməyib. Nə etmək olar?”.

Şagirdin dediyinə görə, sinif yoldaşı bu söz və hərəkətləri çox vaxt hətta müəllimlərin yanında edirmiş:

“Çox az müəllim reaksiya verirdi. Demək olar ki, reaksiya vermirdilər. Həmin şagird yoldaşım ətrafına özü kimi olanları toplamışdı. Mən onların “tənqidlərinə” təslim olmadım və həmişə sakit şəkildə reaksiya verdim. Deyəsən, mənim ona reaksiya verməməyimdən yoruldu.

Bir dəfə internetdə ciddi şəkildə yazdım ki, mənimlə belə zarafat eləməyini istəmirəm. Bir daha etməyəcəyinə and içdi və sözündə durdu. Amma məndən əl çəksə də, sonra başqa şagirdlərlə eyni tərzdə davranmaqda davam edir”.

Elnur məktəbdə təzyiq edən və təzyiqə məruz qalanlara məsləhətlərini də verdi:

“Təzyiq edənlərə reaksiya verməsinlər, sakit dayansınlar. Belə etsələr, onların sözü havaya uçacaq. Əslində onlar da yaxşı oxumaq, bizim kimi olmaq istəyirlər. Bunu bacarmadıqları üçün qısqanclıqdan bizim kimiləri incidirlər”.

12 yaşlı Tariyelin problemi isə  atasının evin hər tərəfinə gizlicə kamera yerləşdirdiyini deməsindən sonra başlayıb:

“Atam hər yerə kamera qoyduğunu və mənim bütün hərəkətlərimə nəzarət etdiyini dedi. Bir müddət sonra bu vəziyyətdən yoruldum və əsəbiləşməyə başladım”.

Uşağın əsəbi vəziyyətə düşdüyünü görən valideyn məcbur qalıb onu psixoloqun yanına aparmalı olur. Tariyelin dediyinə görə, psixoloqla etdiyi söhbətlərdən sonra özünə gəlməyə başlayıb.

13 yaşlı Zəhra isə müəllimdən çox qorxduğunu, onu görən kimi əl-ayağının soyuduğunu deyir. Zəhranın dediyinə görə, müəllimi görən kimi o qədər qorxurmuş ki, dərslərini də danışa bilmirmiş. Nəhayət, atası onu psixoluqun yanına aparmalı olur. Psixoloqla söhbətdən sonra məlum olur ki, əslində Zəhranın qorxusunun səbəbi müəllim yox, evdə həddindən artıq ciddi qayda-qanun qoyan atası imiş. Onlara dərs demək üçün ciddi təbiətli bir müəllimin gələcəyini eşidən Zəhra özünü qorxudur və müəllimi görən kimi çətin vəziyyətə düşür.

10 yaşlı Gülnar sinifdəki oğlan şagirdlərdən gileylənir. Deyir ki, söyüş söyürlər:

“Sinifdə hamının yanında bir-birlərinə söyüş söyürlər. Sinfimizdə uzun saçlı bir oğlan var. Hamı onun arxasınca lağ edir. Qıza oxşadığını deyirlər. Heç kim də uzunsaç oğlana bu barədə heç nə demir”.

9-cu sinif şagirdi Lalənin dediyinə görə, saç rənginə görə müəlliməsi ona  uşaqların yanında iradını bildirib:

“Hamının yanında saçımın rənginin çox sarı olduğunu dedi. Elə tərzdə dedi ki, sanki məni ələ salıb gülür. Onun bu hərəkətindən sonra içimdə müəlliməyə qarşı kin yarandı. Daha sonra sinifdəki oğlanlar da saçımın rənginə söz atmağa başladılar”.

 

Psixoloq nə deyir?

Uzun illərdir uşaq və yeniyetmələrə psixoloji xidmət göstərən Asəf  Kərimov bildirdi ki, ailədə, məktəbdə, eləcə də həmyaşıd qrupunda xüsusilə psixoloji zorakılığa məruz  qalan uşaqların sayı kifayət qədər çox olur.

9 yaşından başlayaraq qızlarda  psixoloji və fizioloji dəyişikliklər baş verdiyini deyən psixoloq bu yaşdan sonra xarici görnüşləri ilə bağlı hətta zarafatla deyilmiş sözün qızların xətrinə dəydiyini, ciddi sarsıntı keçirdiklərini vurğulayır:

“Ələ salındığı üçün psixoloji sarsıntı keçirən posiyentlərim çox olub. Qəfil yetişkənlik nəticəsində görkəmdə yaranan dəyişiklik, hərəkətlər lağ hədəfinə çevrilir. Şagirdlər öz aralarında meydana çıxardıqları “yaxşı qız”, “yaxşı oğlan” ifadələri ilə biri-birilərini tənqid edirlər. Adətən intellektual imkanları aşağı olan qızlar və oğlanlar fiziki cəhətdən daha çox inkişaf edirlər. Yeniyetməliyin bu dövründə qız yaxşı geyinmək, fərqli görünmək istəyir. Bu zaman isə hətta müəllimlər tərəfindən psixoloji zorakılığa məruz qalırlar. Sinfin içərisində uşaqların ləyaqətini alçaldacaq sözlər deyilir. Məsələn, bəzənmisən, bu nə geyimdir geyinmisən və s. Peşəkar müəllim iradını bildirmək üçün uşağı kənara çəkir və fikirlərini bildirir. Qeyri-peşəkar, xüsusən səsinin gücü ilə hörmət qazanıb, nizam-intizam yaratmaq istəyən müəllim bu yolla uşağın yaralı nöqtəsinə toxunur.

Peşəkar müəllim bilir ki, artıq 6-7-ci sinifdən başlayaraq şagirdləri kollektivin içində təhqir etmək, əl qadırmaq, kobud söz demək olmaz. Dediyi təqdirdə uşaq üzünə qayıdacaq. Bəzən yaxşı təhsil almayan müəllimlər şagirdə tabe olan tərəf kimi baxır və bu zaman problemlər yaranır. Məsələn,  bir neçə il əvvəl bir qız uşağı var idi. Tanınmış müğənnilərlə bir yerdə duet də oxumuşdu. Hamı onun gələcək potensialının böyük olduğunu fikirləşirdi. Həmin uşaq özünü yüksəkmərtəbəli binadan  yerə atıb öldürmüşdü. O zaman təsadüfən uşağın atası ilə rastlaşdım. Belə məlum oldu ki, müəllimi uşağı təhqir edib. Hansısa oğlan sinif yoldaşı ilə əl-ələ tutduğunu görən müəllimi bu halı atasına deyəcəyi ilə bağlı uşağı şantaj edib. Müəllimin bir sözü uşaqların dilinə düşə bilər. Avtomatik olaraq uşaqlar eyni sözləri təkrar edirlər.

Çünki uşaqlar bunun nə nəticələr doğuracağını bilmirlər. Nəzərə alsaq ki, məktəbdə uşaqlar hamısı bir-birini tanıyır və bu hal uşağın kənarlaşmasına, risq qrupuna daxil olmasına səbəb olur. Sinfə yeni uşaq gələndə əvvəllcədən müəllim onu qəbul etmələri ilə bağlı uşaqlarla söhbət aparmalıdır. Bəzən uşaq sinfini dəyişir, uyğunlaşa bilmir, köhnə məktəbin ab-havası ilə yaşayır. Müəyyən problemlərlə rastlaşır. Belə uşaqlarla çox rastlaşıram. Uşaqların üstünə çox gedəndə həddən artıq aqressiv olur və öz danışığına fikir vermir. Bu da o uşağın tərbiyəsi haqqında müəyyən ittihamlar irəli sürmələrinə gətirib çıxarır. Oğlan şagirdləri isə bədəncə zəif olanda, tərbiyəli, sakit olanda ələ salırlar. “Sən qızsan, get qızlarla otur-dur” kimi fikirlər işlədirlər. Bir az fiziki cəhətdən güclü olanlar oxuyan uşaqlara “oçkarik” və s. deyirlər, bu da onun şəxsiyyətinə toxunur.

Eyni şeylər valideynlərə də aidir. Bəzən valideynlər oğlan uşağının sakitliyinə reaksiya verir. “Sənin yaşında mən nələr edirdim” – deyir. Fikirləşmir ki, bu yolla uşağı incidir. Əgər valideyn uşağı zorakılıqla qaydalara tabe edirsə, uşaq hər zaman qaydaları zorakılıqla qəbul edəcək”.

 

Yeniyetmələrin geyim problemi

Psixoloqun sözlərinə görə, yeniyetməlik dövründə uşaqlar hər sahədə ideal olmaq istəyirlər:

“Qızlar geyimdə ideal olmaq istəyirər. Oğlanlar çox zaman qara geyinmək istəyirlər. Özlərinə “böyük qardaş” axtarırlar. Bütün bunlar təbii prosesdir.

Qız qadına, oğlan kişiyə çevrilməyə başlayır. Təbii ki, onların biri-birinə marağı da olacaq. Valideynlər birdəfəlik bunu bilməlidir ki, yeniyetməlik dövründə, xüsusilə orta məktəb dövründə sevgi münasibətləri dostluqdan ibarətdir. Onlarda cins amili rol oynamır. Əbdül Əlizadənin “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi” kitabı müəllimin stolüstü kitabı olmalıdır”.

A.Kərimov bildirdi ki, bu və ya digər məsələlərlə bağlı uşaqları öz qruplarından kənarlaşdırdıqda məcbur başqa qruplara qoşulur.

Psixoloq uşaqlar arasında zərərli vərdişlərin formalaşmasında mağazalarda siqaretin ədədlə satılmasının da rolu olduğunu bildirdi:

“Qanunla qadağandır. Birinci gigiyenik baxımdan. Böyük qutunu almağa uşağın maddi gücü çatmadığı üçün tək-tək satırlar. Bu hala yol verilməməlidir. Bu gün televiziyada gigeynik paketlər, alkoqol, enerji içkilərinin reklamı olur. Məktəblərin əksəriyyətində internet var, filtirasiya yoxdur. İnternet klubunda olduğu kimi, məktəbdə rahat baxa bilirlər. Ona görə də bu gün baş verən hadisələr bir məktəbin, bir müəllimn üzərinə atılmalı məsələ deyil. Bu problem kompleks işlənməlidir. Bir-birini ittihamdan çox, müzakirə olunmalıdır. Məsələn, natamam ailənin uşaqları olur. Valideynlər öz uşaqlarına deyirlər ki,  onun anası belədir, atası bu cürdür və s. Yəni uşağı onun yanına getməməsi üçün öyrədirlər. Valideynlər uşaqların təmiz dünyasını qarışdırmasalar, uşaqlar özləri dil tapa biləcəklər”.

 

Qadın müəllimlərin say çoxluğu

Psixoloqun sözlərinə görə, məktəblərdə dedi-qodu vəziyyətinin yaranmasına səbəb qadın kontingentinin kişilərdən çox olmasıdır:

“Qadın kollektivi olduğu üçün onlar avtomatik olaraq sərbəstdirlər. Hər mövzuda rahat danışırlar. Amma gender bərabərliyi olsa, onlar hərəkətlərinə diqqət edərlər. Müəllimlər üçün geyim tərzi tərtib olunmayıb, amma müəyyən hədlər verilir. O həddi aşan müəllim, sabah şagirdi necə tənbeh edə bilər? Təəssüf ki, kişi müəllimlər az maaşa görə dərs demək üçün daha çox özəl kurslara gedirlər. Ya da az dərs götürür, gedib fərdi hazırlıqla məşğul olurlar”.

 

Bəs müasir dövrün məktəbi necə olmalıdır?

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, zaman artıq yeni təfəkkürü, yeni təhsil idarəetmə, şagirdə və məktəbə modern münasibəti istəyir:

“Prezident İlham Əliyevin təhsil sahəsində yürütdüyü məqsədyönlü siyasət Azərbaycanda  modern düşüncəyə, yeni dünyəvi təfəkkürə, eyni zamanda milli-mənəvi dəyərlərə, şüura əsaslanan təhsil strategiyasını həyata keçirmək, insan kapitalını inkişaf etdirmək, intellekt resurslarını artırmaq üçün kifayət qədər geniş imkanlar verir. Məktəb və məktəbdaxili psixoloji mühit heç zaman cəmiyyət həyatından təcrid edilmiş vəziyyətdə mövcud ola bilməz. Müxtəlif kənar düşüncə və əqli xüsusiyyətləri, xarakter və xasiyyətləri şagirdlər özləri ilə istər-istəməz məktəb mühitinə daşıyır. Bu mənada təhsil, təlim və tərbiyə müəssisəsi olaraq məktəb müxtəlifliyin burulğanında fəaliyyət göstərən təfəkkürlər, davranışlar və xarakterlər qalereyasına çevrilir.

Eyni zamanda bu proseslər məktəb rəhbərliyi üçün idarəetmə cəhətdən geniş imkanlar açır. Təəssüflər olsun ki, hazırda ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin  hamısı müasir çağırışlara cavab vermir. Məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti bu vəzifəyə təhsili inkişaf etdirmək, layiqli vətəndaş yetişdirmək yox, öz maddi vəziyyətlərini düzəltmək üçün gəlirlər.

Məktəb sabahın vətəndaş emalçısıdır və bu fikrin düsturunu ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti, mükəmməl insani və idarəetmə keyfiyyətləri ilə yaradıb, Azərbaycan vətəndaşında müasir düşüncənin, təfəkkürün önündə getmək missiyasını üzərinə götürmək prinsiplərini aşılayıb:

“Məktəbin, müəllimin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” ifadəsi müasir məktəbin ideoloji və fəaliyyət istiqamətini müəyyənləşdirir. Müasir nümunəvi məktəb şagird marağını və məmnunluğunu maksimum təmin etməyə çalışmalı, şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirərək cəmiyyətin inkişaf tempinə və tələblərinə cavab verən insan-vətəndaş formalaşdırmalıdır.

Bunun üçün strateji hədəflər müəyyənləşdirilməli, beynəlxalq əlaqələr minimum maddi vəsait hesabına ən azından internet resursları vasitəsi ilə həyata keçirilməli, şagirdlərin marağına cavab verən dərslər təşkil olunmalıdır. Şagirdə, əslində yeni düşüncə keyfiyyətlərinə malik modern insana əvvəlki üsul və metodlarla yanaşma sözün bütün mənalarında cücərən bu beynin sıradan çıxmasına gətirib çıxarar. Müəllim yeniliyi şagirddən əvvəl mənimsəməli, onun maraq və istəklərini təmin etməli, təhsil strategiyamızın müddəalarını ardıcıl, sistemli və məqsədəmüvafiq formada aşılamalıdır”. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir