paltar

“Ölüm paltarları” və ya icarəyə verilən geyimlərin fəsadları

Baxış sayı: 1. 323

Son zamanlar həm paytaxtda, həm də rayonlarda icarəyə geyim verilməsi biznesinin miqyası genişlənib. Demək olar ki, əhalinin əksəriyyəti də bu sahəyə böyük maraq göstərir. Sanki insanlar gigiyenik qaydalara əməl edilməyən həmin geyimlərin mənfi təsirindən bixəbərdilər. Ona görə də məsələnin ciddiyətini nəzərə alaraq bu fonda ekspertlərlə araşdırma aparıb, onlara bir neçə sual ünvanladıq.

İlk olaraq suallarımızı cavablandıran Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov bildirdi ki, bu məsələ sonda ortaya böyük poblemlər çıxaracaq:

“İnsanların bu kimi neqativ hallarını çox müşahidə etmişəm. Hətta icarəyə verilən paltar üzərində yaxından yoxlama aparmışam. Həqiqətən həmin paltarların natəmizliyini görüb dəhşətə gəlmişəm. Təsəvvür edin ki, bir şəxsə icarəyə verilən geyimlər geriyə qaytarıldıqda dezinfeksiya edilmir. Ümumiyyətlə, gigiyenik qaydalara əməl olunmur. Artıq ikinci şəxs həmin geyimi geydikdə paltarda olan mikrobları, xəstəlikləri öz üzərinə götürür.

Bu da onlarda dəri xəstəliklərindən tutmuş infeksiyalara qədər bir çox vəbaların başlanğıc nöqtəsinə çevrilə bilər. Belə məsələlərə insanlar çox diqqət etməlidir. Çünki bu kimi hallar çox dəhşətli problemlərə səbəb ola bilər. Fikrimcə, cəmiyyətin sağlamlığı naminə bu cür neqativ hallara nəzarət olunmalıdır. İcarəyə geyim verilən mağazalarda yoxlamalar aparılmalı və nəzarət mexanizmi tətbiq olunmalıdır. Əks təqdirdə vətəndaşlarımızın əksər hissəsi sonu xoş olmayan xəstəliklərin daşıyıcısına çevrilə bilər. Respublika Sanitar Epidemioloji Stansiyası və ya İstehlakçıların Hüquqlarının Müdafiəsi qurumu tərəfindən icarəyə geyim verən mağazalar nəzarətə alınmalıdır”.

 ehmed qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu söyləyir ki, bizim insanlarda sağlamlıq mədəniyyəti arzu olunan səviyyədə deyil:

“Sosiologiyada geniş öyrənilən sağlamlıq mədəniyyəti deyilən bir anlayış var. Amma Azərbaycanda bu məsələləri o qədər yaxşı bilmirlər. Əvvəllər də icarəyə paltar verilirdi. Lakin həmin dönəmdə icarəyə geyim adəti indiki dərəcədə qabarıq deyildi. Həm də o vaxtlar infeksion xəstəliklər də az idi. Amma hazırda bir icarəyə geyim mağazasındakı hər hansısa bir paltarı onlarla insan geyir. Bu, əhali arasında dəri xəstəliklərindən tutmuş minlərlə vəbanın yayılmasına yol açır.

Fikrimcə, icarəyə geyim biznesinin miqyasının genişlənməsi insanların bu kimi mənfi vərdişlərə marağının böyük olması ilə əlaqədardır. Yəni əhalinin sağlamlıq mədəniyyəti yaxşı durumda deyil. Ona görə də bu sahədə insanların arasında maarifləndirmə işlərinə ehtiyac var. İnsanlara problemlərin başlanğıc nöqtəsini aşılamaq lazımdır.

Çünki son zamanlar xəstəliklərin sürətinin artması insanların bir çox məqamlardan xəbərsiz olması ilə bağlıdır. Məsələn, vərəm xəstəliyinin daşıyıcısı olan bir insan icarəyə götürdüyü geyim üzərində olarkən asqırsa və ya öksürsə, onun üzərindəki geyimi sonradan geyən şəxs də həmin xəstəliyə yoluxacaq. Ona görə də bu məsələyə diqqət ayırmağa ehtiyac var”.

İqtisadçı-ekspert Natiq Cəfərli nəzərə çatdırır ki, icarəyə geyimin verilməsi və götürülməsi bir çox ölkələrdə baş verən hadisədir:

“Hər hansısa bir tədbirdə, əyləncəli proqramda və ya teatr konsertlərində icarəyə libasların götürülməsi normaldır. Lakin gündəlik, adi geyimlərin icarəyə götürülməsi o qədər də ürəkaçan deyil. Çünki öz geyim tələbatını ödəmək üçün insanlar icarəyə paltar götürməsi onların həm cibinə, həm də sağlamlığına mənfi təsir göstərir.

Hazırda bu tendensiyanın qarşısını almaq mümkün deyil. Yəni icarəyə geyim verən mağazalar vergilərini ödəyib, bəzi hallarda gigiyenik normalara əməl edirsə, bunun qarşısı alına bilməz. Bu da bir xidmət növüdür. Məsələnin tək çıxış yolu bu fonda fəaliyyət göstərən obyektləri nəzarətə almaqdır”.

 

Kənan Eynuroğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir