Yay fəslinin ən unudulmaz hissəsi istirahətə ayırdığımız zamandır.İstirahət dedikdə isə ağıla gələn ilk şey səyahətdir.
Səyahət məqsədilə insanlar müxtəlif ölkələrə üz tutur. Azərbaycandan da mövsümü xaricdə keçirənlər az deyil. Bəs istirahət üçün hansı ölkələrə daha çox üstünlük verilir? Bu suala cavab tapmaq üçün turizm şirkətləri arasında mövzu ətrafında sorğu keçirmişik.
Trave Go Travel: “Müraciətlər daha çox qonşu ölkə, Türkiyə ilə bağlı olur. Xüsusilə İstanbul şəhərinə səyahət etmək istəyənlər daha çoxdur. Müraciət edən şəxslərin içində ailə birgə istirahət etmək istəyənlər üstünlük təşkil edir”.
Sunshine Travel: “Xarici ölkələrədən daha çox Çexiyaya üstünlük verilir. Qonşu ölkələrdən Türkiyə, Gürcüstana istirahət üçün yola düşənlər də az deyil”.
Sky Travel: “Müraciətlər əsasən Türkiyə üzrə daxil olur. Səyahət edən şəxslərin içərisində ailəvi olaraq xarici ölkələrə yollanmaq istəyənlər fərdi olaraq gedənlərdən daha çoxdur. Ölkədaxili müraciətlər az-az daxil olur. Müraciət edənlər də Qəbələ, Şamaxıda istirahət etmək istəyir ”.
Royal Travel: “Ümumi olaraq Avropa ölkələrinə maraq daha çoxdur. Xüsusilə İspaniya, Fransa üçün müraciət edənlər üstünlük təşkil edir. Türkiyəyə də səyahətlə bağlı aktiv olaraq müraciətləri qəbul edirik. Ailəvi olaraq səyahət edənlər daha çoxdur”.
Coral Travel: “Ölkədaxili səyahətlə bağlı müraciət olmur. Ölkəxarici isə Avropa ölkələrinə, Türkiyəyə səyahət etmək istəyirlər”.
Dream Travel Agency: “Türkiyə şəhərlərinə səyahət etmək istəyənlər daha çoxdur. Ölkə daxili istə Qəbələyə istirahət üçün yollanmaq istəyənlər üstünlük təşkil edir. Adətən müraciətlərin çoxu ailəvi olaraq istirahət etmək istəyən şəxslərdən gəlir”.
Ekspotravel: “Ölkə xaricinə Gürcüstan, Türkiyə, Praqaya səyahət etmək istəyənlər çoxluq təşkil edir. Ölkə daxili isə Qəbələ, Lahıc, Qubada istirahət etmək istəyənlər daha çoxdur. Müraciət edən şəxslər arasında fərdi və ailə ilə səyahət etmək istəyənlər bərabərlik təşkil edir”.
Safari Travel: “Trabzon, Batumidə istirahətlə əlaqədar daha çox müraciətlər gəlir. Ölkədaxili isə Oğuz, Qəbələ, Şəki, Qusar, Qubada istirahət etmək istəyənlər daha çoxdur. Müraciət edən insanlar arasında qrup şəklində, ailəvi səyahət etmək istəyənlər üstünlük təşkil edir”. (“Modern.az”)