tursu

Evdə, yoxsa sənayedə hazırlanan turşu-mürəbbələri yeyək?

Baxış sayı: 1. 009

Yay mövsümü olsa da indidən bir çox evlərdə, xüsusən də bölgələrdə qış tədarükü ilə bağlı hazırlıqlar aparılır. Belə ki, müxtəlif mövsüm meyvələrindən, hətta bitkilərdən mürəbbə, kompot, tərəvəzlərdən isə turşular hazırlanır. Lakin o da məlumdur ki, evdə hazırlanan bu cür konservlər bəzən özümüzün və ailəmizin təhlükə mənbəyinə çevrilə bilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı açıqlamasında ev şəraitində hazırlanan konservlərin təhlükə mənbəyi olduğunu dedi: “Azərbaycanda evdə konserv hazırlamaq mədəniyyətinə son qoymaq lazımdır. Ümumiyyətlə, ev şəraitində konservləşdirilmiş, turşuya qoyulmuş məhsullar zərərli qidalardır. Çünki onları hazırlayarkən standartlar gözlənilmir. Təəssüf ki, bu cür təhlükəli qidalar uzun illərdir ki, Azərbaycan mətbəxində özünə yer tutub. Bu, arzuolunmazdır. Əgər istifadəsindən əl çəkilə bilmirsə, heç olmasa sənayedə hazırlanan konservlərə üstünlük verilməlidir. Çünki onların təhlükəsizliyi müəyyən qədər təmin olunur. Məlumdur ki,  evdə hazırlanan turşulardan vaxtaşırı zəhərlənmələr baş verir. Təəssüf ki, bəzən bu,faciə ilə də nəticələnir”.

Ä°lgili resim

Qurum sədri onu da qeyd etdi ki, bəzən sənayedə hazırlanan konserv məhsulları da təhlükəli ola bilir: “Məsələn, konserv məhsulları düzgün saxlanılma şəraitində olmadıqda, müddəti keçdikdə bu məhsullar təhlükəli ola bilər. Xüsusən də göbələk, balıq konservləri düzgün saxlanılmadıqda təhlükə saçır”.

Qeyd edək ki, ötən illərdə Qida Təhlükəsizliyi Agentliyi evdə qidaları konservləşdirmə zamanı yol verilən səhvlər barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, botulizm bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Bu bakteriya torpaqda geniş yayılıb. Yüksək temperatura dözümlüdür, havasız mühitdə isə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən “əlverişli” mühitdir.

mürəbbələr ile ilgili görsel sonucu

Bu toksin insan orqanizminə daxil olduqda, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, o, dünyasını dəyişə bilər. Bu səbəbdən sadalanan əlamətləri (və onların hər hansı birini) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edilməli və ya “təcili yardım” çağırılmalıdır.

Botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilən xəstəlikdir. Bu xəstəliyə yoluxmamaq üçün ev şəraitində konserv hazırlayarkən gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir: konservləşdirmə üçün istifadə edilən meyvə və tərəvəzlər diqqətlə seçilərək axar su altında fırça vasitəsilə yaxşı yuyulmalıdır. Əks halda, yaxşı yuyulmamış meyvə və tərəvəzlərdə torpaqdan həmin məhsullara keçmiş botulizm törədiciləri qala bilər. Meyvə və tərəvəzlərin yığılacağı bankalar əvvəlcədən yuyulub 10 dəqiqə müddətində qaynadılmalıdır. Bunun üçün istiliyə və təzyiqə davamlı şüşə qablardan istifadə edilməlidir. Əgər hazırlanan konservin içərisindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, həmin konserv məhsulları istifadə edilməməlidir.

ev, yoxsa sənaye turşusu ile ilgili görsel sonucu

Agentliyin məlumatında o da qeyd edilirdi ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, ticarət şəbəkələrində satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər: “Bu səbəbdən dükanlardan tərəvəz, balıq, ət və s. konservləri aldıqda, qablaşmaya fikir verilməlidir; məhsul təzə olmalı (yararlılıq müddətinə fikir verilməli), qapağı ”şişməməli”, metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır.

Ä°lgili resim

Bəs eş şəraitində turşu məhsulları hazırlayarkən hansı məqamlara diqqət etmək lazımdır?

Mütəxəssislər bildirir ki, ilk növbədə balonu düzgün seçmək lazımdır. Konserv hazırlayarkən mütləq şüşə balonlar seçilməlidir. Bundan sonra balonun heç bir yerdə çatı olmamasına diqqət etmək lazımdır. Çünki belə olan halda balona hava sıza və nəticədə konservləşdirilən məhsul xarab ola bilər. Balonu seçdikdən sonra bağlanılacaq qapaqlara diqqət etmək lazımdır. Konserv hazırlanmazdan əvvəl qapaq və balon 15-20 dəqiqə qaynadılmalıdır. Belə olmadıqda balonda və yaxud qapağa hopmuş bakteriyalar sonradan sağlamlığımız üçün problem ola bilər.

Məhsulu balona yığarkən əlavə ediləcək su və digər əlavələr üçün bir az boşluq buraxmaq lazımdır.

Ä°lgili resim

Konservləri hazırladıqdan sonra içəri çöküb vakuumlanan qapaqları 1-2 gün sonra açmağı yoxlamaq lazımdır.  Qapaqları açmaqda çətinlik olarsa, deməli, konservdə heç bir problem yoxdur. Əgər qapaq asan şəkildə açılsa, məhsulu təkrar qaynadıb konserv hazırlamaq məsləhət görülür.

Bu məqamda bir faktı da qeyd edək ki, turşu məhsullarının insan orqanizminə ziyan olduğunu bilsə də əksəriyyət bu məhsulları xoşlayır və daim xörəklə birgə süfrəyə verir. Bəs turşu məhsullarının orqanizm üçünü hansı zərərləri var?

Məlum məsələdir ki, turşu məhsulu hazırlayarkən çoxlu duzdan istifadə olunur ki, bu da xeyli miqdarda natrium deməkdir. Natrium orqanizmdə mayeni saxlayır və bu da orqanizmdə dövr edən qanın miqdarını artırır. Nəticədə ürək-damar sistemi çox gərgin rejimdə işləyir, arterial təzyiq qalxır. Bundan başqa, turşulara çoxlu miqdarda ədviyyatlar və sirkə daxildir. Bu isə mədə-bağırsaq sisteminə olduqca mənfi təsir edir – selikli qişaları zədələyir, iltihab yaradır, xoraların əmələ gəlməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, xora vaxt keçdikcə xərçəngə çevrilə bilər.

Turşular iştahanı artırır və insan daha çox qida qəbul edir. Bu isə artıq çəkiyə səbəb ola bilir.  Orqanizmdə duzun miqdarının çox olması qaraciyər üçün də çox təhlükəlidir. Duz orqanizmdən kalsiumun yuyulmasına səbəb olur ki, nəticədə bizim sümüklərimiz daha zəif və kövrək olar. Bu, yaşlı insanlar üçün xüsusilə təhlükəlidir.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir