Aliment

Aliment problemini necə həll etməli? – EKSPERTLƏR DANIŞIR

Baxış sayı: 949

Son 6 ayda aliment borcunu ödəməkdən qəsdən yayınan 1020 nəfər həbs edilib. Təbii ki, boşanmalar və aliment ödənişindən yayınmaların zərbəsi ilk növbədə uşaqlara dəyir.

Image result for fazil mustafa

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa problemin həlli məqsədilə Aliment Fondunun yaradılmasını vacib sayır: “Bunun üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, valideyni aliment ödəmir. Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Aliment uşağın normal böyüməsi üçün vacibdir. Buna görə də alimenti ödəməyənlərin həbsi ilə məsələ çözülmür. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır”.

Mehriban Zeynalova

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələbinə görə məhkəmə qərarının icra olunmaması şəxsin həbsi ilə nəticələnə bilər:

“Əgər bir şəxs haqqında məhkəmə qərarı varsa, qərar icraata yönəldilməsinə baxmayaraq icra olunmursa, icradan yayınma halı baş veribsə, şəxs barəsində axtarış elan edilir və həbsə alınır. Alimentin ödənməməsi məsələsində şəxsə 1-2 ay möhlət tanınır. Gözləyirlər ki, bəlkə ödəyər. Amma artıq 4-5 ay keçir və aliment ödənmirsə, o zaman məsuliyyətə cəlbolunma məsələsinə baxılır.

Qoy alimentdən yayınanlar bilsinlər ki, bundan qaçmaq mümkün deyil. Əvvəl-axır ödəmək məcburiyyətində qalacaqlar. Lap həbs edilsələr də, həbsdən çıxandan sonra yenə alimenti ödəməli olacaqlar. Aliment günahlar kimidir. Ömrünün sonunadək insanın çiynindədir”.

M.Zeynalova bildirdi ki, aliment ödəməkdən yayınan şəxslər cinayət məsuliyyəti daşıyır:

“Alimentin ödənməməsinə görə qısa və ya uzunmüddətli azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Elə adamlar var qaçıb gizlənir, yaşayış ünvanını dəyişir. Elə kişilər var, qadınları illərlə süründürür. Guya ki, alimenti qadın alacaq. Aliment uşaq üçündür, qadın üçün yox. Qadını istəməyə bilərsən, birgə həyat qurmaq istəməyə bilərsən, amma uşaq varsa, ona aliment ödənməlidir. Bəziləri arayış təqdim edir ki, heç yerdə işləmirəm. Belə halda onlar işlə təmin edilir, təki alimenti ödəsin. Məhz bu problemlər nəzərə alınaraq Aliment Fondunun yaradılması zərurəti yaranıb. Çünki bəzən həqiqətən də qadınlar çətin, ağır durumda qalır. Körpəsi olduğu üçün işləyə bilmirlər. «Ata» da alimentdən yayınır”.

Alimentlərin ödənməməsinə gəlincə, M.Zeynalova millət vəkilinin təklifinin əvvəllər də qaldırıldığını dedi:

“Əvvəllər alimentin ödənməməsinə görə ən sərt cəza 6 aylıq həbs idi. Yəni sadələşdirilmiş cəza mexanizmi vardı. Amma hazırda alimentin ödənməməsinə görə CM-də 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq alimentin ödənilməsinə məcbur edəcək mexanizm hələ də yoxdur. Vətəndaş faktiki işləyir, amma əmək müqaviləsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyata alınmadıqlarından aliment ödənməsindən boyun qaçıra bilirlər. Zərərçəkənsə bütün hallarda uşaqlardır. Məsuliyyətsiz valideynlərin yükünü uşaqlar öz çiyinlərində, həyatlarında ağır şəkildə hiss edir, o ağrını yaşayırlar. Aliment Fondunun yaranmasını biz də təklif etmişik. Aliment Fondu aliment ala bilməyən uşaqlara yardım edə bilər. Onsuz da sonra o vəsait “aliment qaçağı” atadan alınacaq. Hökumət kiminsə əvəzinə vəsait xərcləyəsi deyil. Aliment Fondu sadəcə, yayınma halı olduqda, müvəqqəti ehtiyacları ödəmək üçün lazımdır. Hesab edirəm ki, bu məsələ üzərində ciddi düşünülməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir