tort

“Spartak” tortu – RESEPT

Baxış sayı: 2. 898

“Spartak” tortunun – şokoladlı ballı tortun hazırlanma qaydasını təqdim edirik:

xəmir: 

100 q kərə yağı
1 st. şəkər tozu
2 dolu x.q. bal
2 yumurta
1,5 ç.q. söndürülməmiş soda
1 ç.q. qabartma tozu
4 x.q. kakao tozu
2 st. un
10%-li qaymaq (korjların üzərinə çəkmək üçün)

krem:

1 banka qatılaşdırılmış süd
2 yumurta
200 ml süd
4 x.q. un
200 q kərə yağı

qlazur:

100 q şokolad
100 q qaymaq

Un, kakao, soda və qabartma tozundan başqa xəmir üçün olan digər ərzağı qarışdırın, su hamamına (yaxud qalın dibli qazanda ocağın üstünə) qoyun. 7 dəqiqə, eynicinsli kütlə alınanadək dayanmadan qarışdırın (yoxsa yumurta bişər). Soda əlavə edib daha 5-7 dəqiqə qarışdırın (köpüklənəcək). Ocaqdan götürün. Un, kakao və qabartma tozunu əlavə edib xəmir yoğurun.

Xəmir plastilin kimi alınmalıdır – nə çox bərk, nə çox yumşaq. Un bir qədər az və ya çox tələb oluna bilər.



Xəmiri 1 saat soyuducuda saxlayın.

Xəmiri 7-8 kündəyə bölün.



Xəmiri birbaşa perqament kağızının üzərində yayın. Xəmir yayılarkən parçalandığından fənd işlədin: üzərinə sellofan plyonka çəkib elə yayın. Sonra ya dairə, ya da dördbucaqlı formada kəsin (bütün korjlar eyni ölçüdə olsun deyə).

Korjları 180 dərəcə qızdırılmış sobada təxminən 3-4 dəqiqə bişirin.

Bişmiş korjları kağız salfetlərin üzərinə ayrı-ayrı qoyun, üzərlərinə qaymaq çəkin. Çox canfəşanlıq etməyin, qaymaq çox olanda korj çox islanır və tortu yığanda qırılır.

Kremi əvvəlcədən hazırlamaq məsləhətdir. Yumurta və unu eynicinsli hala gələnədək çalın. Əvvəlcə tədricən südü, sonra qatılaşdırılmış südü əlavə edib çalın. Bunu su hamamına qoyun, qatılaşınca bişirin (daim qarışdırın). Soyudun. Kərə yağını möhkəm çalın, sonra südlü kütlə ilə birləşdirin (hər ikisi eyni temperaturda olmalıdır).

Neçə korjunuz varsa, kremi də bərabər sayda bölün, amma nəzərə alın ki, sonuncu korjun üzərinə krem çəkməyəcəksiniz (məsələn, 7 korj alınıbsa, kremi 6 yerə bölün).

Aralarına krem çəkməklə korjları üst-üstə düzün. Üzəri hamar olsun deyə tortun üzərinə taxta lövhə qoyub bir neçə saat soyuducuda saxlamaq olar. Sonra isə üzərinə qlazur çəkmək lazımdır.

Qlazur: şokoladı qaymaqla birlikdə əridib tortun üzərinə çəkin. Zövqə görə bəzəyin.

Eyni tortun dördbucaqlı və dairəvi formaları:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir