yeni il sufresi

Bizdə 7 günlük tətil, Avropa və Amerikada isə…

Baxış sayı: 1. 074

Yeni ildə Azərbaycanda 1 həftə iş günü olmayacaq. Belə ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Azərbaycanda 31 dekabr 2019-cu il – 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.

Maraqlıdır, bəs digər ölkələr Yeni il bayramı ilə əlaqədar neçə gün tətil edir?

İlk öncə qonşu Türkiyə dövlətindən başlayaq. Qardaş ölkədə Yeni il tətili, sadəcə, 2 gün, 31 dekabr və 1 yanvar tarixlərində olur.

Rusiyada isə rəsmi olaraq Yeni il tətili 10 gün davam edir. Belə ki, məlum olduğu kimi, xristian aləmində 25 dekabr müqəddəs Milad bayramıdır. Bir çox Avropa və Amerika ölkələri kimi Rusiya da 25 dekabrdan başlayaraq 10 günlük Yeni il tətilinə çıxır. Lakin bəzi rusiyalılar düşünür ki, bu qədər uzun-uzadı tətilə ehtiyac yoxdur, çünki bayram günlərinin sayının çox olması insanların iş rejiminə, fiziki durumuna təsir edir. Onu da əlavə edək ki, Rusiyada rəsmi olaraq 10 gün qeyri-iş günü olsa da, xalq arasında qeyri-rəsmi olaraq bayram yanvarın 13-nə, köhnə Yeni ilə qədər davam edir.

Eləcə də Gürcüstanda 25 dekabrdan, Milad bayramından başlayaraq, Yeni ilin ilk həftəsinə qədər tətil günləri davam edir.

Avropanın bir çox ölkələrində Yeni il tətili 24 dekabr-6 yanvar aralığında olur.

Amerikada isə bu təqvim fərqlidir. Bəzi ştatlarda tətil 24 dekabr – 6 yanvar, bəzilərində isə daha qısa və yaxud daha uzun olur.

Xatırladaq ki, pravoslavlar Milad bayramını 7 yanvar tarixində keçirdiyindən, bəzi ölkələr bayram günlərini yanvarın 10-dək davam etdirir.

 

Bəs Milad bayramı ilə Yeni ilin fərqi nədir?

Ümumiyyətlə, xristianlıqda iki böyük bayram var – Milad və Pasxa bayramı. Milad bayramında peyğəmbər İsa Məsihin insan bədənində dünyaya gəlməsi, doğulması qeyd edilir. Beləliklə, bu bayram simvolik olaraq 25 dekabrda keçirilir. 31 dekabrda isə yeni bir ilin, yeni başlanğıcın gəlişi qeyd edilir. Yəni Yeni ilin Milada heç bir aidiyyəti yoxdur.

yeni yıl tatili ile ilgili görsel sonucu

Yeni il bayramının yaranmasının isə ən azı 25 əsrlik tarixi var. Məlumata görə, ilin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. 12 gün davam edən təntənəli mərasim adətləri sonralar Yunanıstana və Qərbi Avropaya yayılmağa başlayıb.

 

Dünya ölkələri Yeni ili necə qarşılayır?

Hazırda dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə – xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləyir. Lakin hər ölkə bu bayramı müxtəlif adət-ənənələrlə keçirir.

yeni yıl tatili ile ilgili görsel sonucu

Məsələn, Fransada Yeni il axşamı Şaxta baba,  Per Noel (Noel ata) evlərin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Ümumiyyətlə, bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

İsveçrədə isə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı – ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdaraq, uşaqlara hədiyyələr paylayır.

İtaliyada isə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.

İtaliyada daha bir adət,  Yeni il bayramı ərəfəsində insanlar köhnə əşyalarını pəncərədən aşağı atır. İtalyanlar hesab edir ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Böyük Britaniyada isə Yeni il axşamı evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Artıq gecə olanda ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

yeni yıl tatili ile ilgili görsel sonucu

Almanlar isə Yeni il gecəsi saat 12-ni vurarkən, ovuclarında metal pul sıxaraq, tullanırlar. Bununla da inanırlar ki, yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba – Youlupukkidir.

İspaniyada Yeni il gecəsi hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə axışır.  Adətə görə hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir