gelin-toya-hazirliq

Ağ gəlinlik qorxusu

Baxış sayı: 1. 119

Sabah toydur. Budur, ayaqqabı hazır, salon hazır və gəlinlik. Uşaqlıqdan xəyalını qurduğu bəyaz gəlinlik… Güzgünün önündən asılmış ağ gəlinliyə doyunca baxdı. Ağ rəngin onun üçün xüsusi önəmi var idi. Uşaq saflığı ilə ağ rəngli paltarlarda “ağ gün”ə çıxacağını düşünürdü həmişə. Ağ gəlinlik onu xəyallara apardı. “Vağzalı” sədaları, əlində gözəl güllər və xoşbəxt sima. Uşağa konfet alınacağı söz verildiyi kimi, ona da yeni həyat alınacağı söz verilmişdi. Yeni bir həyat. Ancaq konfetdən fərqli olaraq, “alınan həyatlar geri qaytarılmır” nişanı var idi bu həyatda. Görəsən, bu yeni həyatda ağ gəlinlik də “ağ günlər”i vəd edir? Al-əlvan rəngli dünyası yeni həyatda boz olmayacaqmı? Bunlar haqqında heç düşünməmişdi. Gəlinlik qarşısında öz-özünə danışmağa başladı. Bunu çox yaxşı bacarırdı. Əvvəllər hiss etmədiyi bir duyğunu kəşf etdi. O, qorxurdu. Soyuq tər, üşüdüyünü hiss etmək və qorxu.

“Bu nədir? Dəli oluram nədir?! Mən qorxuram, çox qorxuram, yeni həyatdan qorxuram. Gülüşümün nə vaxtsa yeni həyatda saxta olacağından qorxuram. Gülüşümun gözəl olduğunu deyirdi. Mən baxmırdım güləndə dişlərim necə görünür, ürəkdən gülürdüm. Yeni həyatda ürəkdən gülə bilməməkdən qorxuram. Dünyamın boz olmasından qorxuram. Onu xoşbəxt edə bilməməkdən, onunla bir ömur bərabər addımlamamaqdan qorxuram. Verdiyim sözlərdən qorxuram. Yeni həyatda nəfəs ala bilməməkdən, qanadlarımın sınmasından qorxuram. İnsanlardan boğulub nəfəs ala bilməyəndə, özümü qanadlarımla buludların üstünə çıxaraq nəfəs aldığıma inandırırdım. Günahkar uşaq kimi heç nə demədən səssiz, sakit başımı qoyardım anamın dizinə. Yeni həyatda başımı qoyacağım bir dizin olmamasından qorxuram. Gələcək uşaqlarımın peşimançılığından, həyat yoldaşımın məyusluğundan qorxuram. İlk dəfədir ki, həyatdan qorxuram. Üzməyi bilməyən uşaq dənizə atıldığı kimi atılıram yeni həyata…

Bəlkə elə indi zəng edib ona qorxularımı deyim? O, hamı kimi deyil, tam başqadır, anlayar məni. Yox… O, anlasa da, digərləri anlamaz. “Gəlin dəlidir”, – deyə lağ edərlər. Bəlkə qaçım?! Hər şeyi qoyub qaçım. Olmaz. Əxlaqsızdır deyə, rişxəndlə, arsızcasına arxamca gülərlər. Yazıq anam dözməz buna. Ən yaxşısı, fikirlərdən qaçım, girim yerimə. Alınmır, qaça bilmirəm fikirlərdən. Gəlinlik rahat buraxmır məni. Ağ gəlinlik qara görsənir gözumə. Yuxu aparır məni. Kabus…”

Gəlin yuxudan ayılıb bütün bunların kabus olduğunu gördü. Bilirsiniz niyə? Çünki seçdiyi insanla heç nə onu qorxutmurdu. Gəlinliyinin ağ, ya da qara olması toyunun yaxşı, ya da pis olmasının fərqi yox idi. Seçdiyi insanın gülüşü unutdururdu hər şeyi.

Əziz “toydan qorxu sindromu” olan gəlinlər, gülümsəyin. Gülüşünüzün necə görünməyindən asılı olmayaraq, gülümsəyin. Heç bir makiyaj vasitəsi sizi gülüşünüz qədər gözəl göstərməz. Həyat yoldaşınıza şəfqətlə, yeni həyata məğrurcasına gülümsəyin. Şəkillərdə yaxşı görünmək üçün yox, xoşbəxt olduğunuz üçün gülümsəyin. Ağ gəlinlikdə yeni ağ günlərə gülümsəyin. Qorxularınızı gizlətmək üçün yox, qorxularınızı qorxutmaq üçün gülümsəyin. Əsas odur ki, GÜLÜMSƏYİN!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir