sedi

“Qadınlar əsasən iki səbəbdən keysəriyyə əməliyyatına meyl edir” – MÜSAHİBƏ+VİDEO

Baxış sayı: 8. 528

Gencaile.az saytının “Həkimim” layihəsinin qonağı tibb üzrə fəlsəfə doktoru cərrah ginekoloq Sədi Allahverdiyevdir.

 

Qısa arayış

Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq, endoskopik ginekoloq-cərrah, onkoginekoloq, Sədi Allahverdiyev 1997-2003-cü illərdə Rusiya Dövlət Tibb Universitetində təhsil almışdır (Rusiya Federasiyası, Moskva şəhəri).

2003-2005-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında kliniki ordinatura keçmişdir.

2005-2008-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında əyani aspiranturada təhsilini davam etdirərək, 2009-cu ilin mart ayında “Uşaqlıq mioması olan xəstələrdə uşaqlıq arteriyasının embolizasiyası və histerektomiyadan sonra trombotik fəsadların proqnozlaşdırılması və profilaktikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Namizədlik dissertasiyasını Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında təsdiqləyərək tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq, endoskopik ginekoloq-cərrah, onkoginekoloq, Sədi Allahverdiyev 2003-2009- cu illərdə Rusiya Federasiyası, Moskva şəhəri, N.İ. Piroqov adına 1 nömrəli şəhər klinik xəstəxanasının mamalıq, ginekologiya və onkoginekologiya şöbələrində çalışmışdır.

2003-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən konqresslərdə iştirak edib.
2011-ci ilin fevral-marta aylarında Almaniyanın Aşaffenburq səhərinin “Klinikum Aschaffenburg” hospitalının ginekoloji, onkoginekoloji, endoskopik ginekoloji cərrahi bölümlərində praktika keçmişdir.2009-cu ildən etibarən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının mamalıq-ginekologiya şöbəsində fəaliyyət göstərir.

 

–         Bu gün Azərbaycan ailələrinin başlıca ginekoloji problemləri hansılardır?

–         Bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi əsas ailə problemlərindən biridir. Bunun səbəbi həm kişi, həm qadın faktorları ilə bağlı sonsuzluqdur. Bəzi hallarda eyni zamanda hər iki ailə üzvündə problemlə rastlaşa bilirik. Ayrı-ayrılıqda sonsuzluq yarada biləcək elmi sözlərdən və diaqnozlardan danışmaq fikrim yoxdur, o zaman bu intervyü elmi bir məqaləyə çevriləcək. Demək istədiyim əsasən bundan ibarətdir ki, sonsuzluq bir ailə problemidir, keçmişdə olduğu kimi ailədə uşaq olmazsa, qadını günahlandırmaq düzgün bir qərar deyil. Son zamanlarda dölsüzlük problemi ilə müraciət edən hər iki cütlükdən birində problem kişi amillərinə bağlıdır və ilk müayinəni kişidən başlamaq lazımdır.

Bir də ginekoloji problem dedikdə ancaq gənc xanımların problemləri gözümüz önünə gəlməməlidir. Hər yaş dövrünün öz problemləri vardır. Ona görə də yaşdan asılı olmayaraq hər bir qadının ildə bir dəfə profilaktik kontrola getməsini tövsiyə edərdim.

–         Gənclərin evlilik öncəsi müayinələrdən keçməklə bağlı, cütlüklərin bunu bir-birinə təklif etməklə bağlı kompleksləri var. Bu baryeri aşan xəstələriniz olurmu? Olurmu ki, hələ evlənməmiş cütlüklər birlikdə müayinənizə gəlsinlər? Və bir də maraqlıdır, bu steriotipləri dağıtmaq üçün nə etməliyik?

–         Günümüzdə xəstəliklərin əksəriyyəti çox cavanlaşıb. Xroniki xəstəliklər, hepatitlər, cinsi yolla yayıla bilən çoxlu sayda digər infeksion xəstəliklər. Bunların hamısı istənilən ailə qurmaq istəyən gənci düşündürməlidir. Nəticədə heç kim xəstə, problemli uşaq valideyni olmaq istəməz. Bəzi xanımlar hamilə qaldıqdan sonra müayinə olunduqda öz xəstəlikləri haqqında öyrənirlər, müəyyən hallarda hamiləlik həyatları üçün təhlükəli olduğu üçün onlara hamiləliyi sonlandırmaq tövsiyəsi də verilə bilir. Digər hallarda hamiləlik inkişafdan qalır və ya düşük baş verir, bu da gənc ailəni ciddi stressə salır.

Evlilikdən öncə ən azından terapevtik müayinədən keçmək, hepatitlər, HİV (insan immunodefisit virusu) yoxlamaq, şikayətlər varsa xanım üçün ginekoloq və kişi üçün uroloq müayinəsindən keçmək, xroniki xəstəliklər varsa, onları remissiya halına salmaq əlbəttə ki, çox yaxşı olardı.

Son zamanlar əksər cütlüklər ya ozlərinin, ya da valideynlərinin inisiativi ilə müayinə üçün evlilik öncəsi müraciət edirlər və belə cütlüklərin sayı günü-gündən artır. Bu, çox xoşagələn bir haldır və bu, yeni ailə quran gənclərin bir-birinə qarşılıqlı inancından, hörmətindən irəli gəlir.

Bu stereotiplərin dağıdılmasına ailədən, məktəbdən başlamaq lazımdır. Avropa, Amerika məktəblərində olduğu kimi bizim məktəblərdə də bu istiqamətdə maarifləndimək üçün dərs proqramları hazırlamaq lazımdır. Bu dərslərə vaxtaşırı həkimləri dəvət etmək lazımdır.

–         Bəs maraqlıdır, hansı yaşda ana olmaq qadın orqanizminin tarazlığına minimum təsir edir?

–         Amerika Reproduktiv Tibb cəmiyyətinin məlumatına görə optimal yaş 20-li yaşlardır. 30 yaşda sağlam qadının hər menstrual tsikldə hamilə qalma şansı 20% təşkil edir. 40 yaşdan sonra bu şans 5%-ə düşür. 18 yaşdan aşağı və 30 yaşdan yuxarı qadınlarda hamiləlik dövrü ağırlaşmaları ehtimalı daha da artır. Yaş artıqca genetik anomaliyalı uşağın doğulma ehtimalı da artır.

24206_373721608138_7458298_n (1)

 

Bütün bu məlumatlara baxmayaraq istənilən yaşda ana olmaq istəyən qadına bu xoşbəxtliyə qovuşmaq üçün kömək etmək bizim borcumuzdur və  hamiləliyin risk dərəcəsindən asılı olaraq hər hamiləyə individual yanaşma vardır.

–         Keysəriyyə, yoxsa təbii doğuş? Hansını daha çox tövsiyə edirsiniz? Bəs xəstələriniz hansına daha çox meyl edir?– 

–     Əlbəttə ki, heç bir əks göstəriş olmazsa, fizioloji doğuşa üstünlük verirəm. Normal doğuş yollarını keçərək vaxtında doğulan uşağın tənəffüs və bəslənmə problemləri keysəriyyə kəsiyi ilə doğulan uşaqlardan daha az olur. Doğum sonrası ana daha tez aktivləşdirilir. Normal doğum olan qadın əks göstərişi yoxdursa, istədiyi qədər uşaq dünyaya gətirə bilir. Keysəriyyə əməliyyatı keçirən qadının doğum sayı hər hamiləlikdə çapığın incəlmə və cırılma ehtimalı olduğu üçün məhduddur. Nəticədə Keysəriyyə bir əməliyyatdır və fəsadların olma ehtimalı normal doğumdan daha çoxdur. Lakin normal doğum ya ana, ya da uşağın həyatı üçün təhlükə yaradırsa, bu zaman Keysəriyyə əməliyyatı etməli oluruq. Təbabətin bugünkü inkişaf səviyyəsində bu əməliyyatın həm ana, həm də uşaq üçün ola biləcək fəsadları minimuma endirilmişdir.

Son zamanlar Keysəriyyə istəyi olan hamilə qadınların sayı artıb. Ana olmaq istəyən qadınların çox hissəsi normal doğumdan qorxur. Bu istəyin yaranmasına əsas səbəb ağrı sindromudur. Digər bir səbəb isə sosial şəbəkələrdə və xəbər portallarında doğumla bağlı baş verən fəsadların canlandırılması və bunların forumlarda aktiv müzakirəsidir. Tibbi savadı olmayan insanlar tərəfindən bu informasiyalar daha da şişirdililir, qadınlar arasında qorxu yaradır.

Birincisi, hər bir qadının ağrıya dözümlülük həddi müxtəlifdir. Günümüzdə epidural anesteziya ilə doğum böyük yer alır, bu da ananın ağrı sindromu ilə bağlı stresini xeyli azaldır.

İkincisi, demək istərdim ki, hər bir doğum individualdır, hamilə qadınlar öz hamiləliklərini və ya doğuşlarını digərləri ilə müqayisə etməməlidirlər,  doktorlarına daha çox güvənməli, bütün suallarını doktorları ilə müzakirə etməlidirlər.

–         Doktorlarına güvənmək demişkən, dünyaya uşaq gətirən ananın psixoloji gərginliyinin aradan qaldırılmasında ginekoloqun peşəkarlığı nə qədər rol oynaya bilər?

–         Təkcə ginekoloqa deyil, istənilən doktora gələn xəstə psixoloji gərginlik yaşayır ki, məndə nəsə qorxulu bir xəstəlik tapıla bilər. Biz doktorların ilk əsas vəzifəsi xəstəni sakitləşdirmək, müayinə ardıcıllaığını və hər bir müayinənin nə üçün edildiyini xəstəyə başa salmaq, alınan nəticələri xəstənin başa düşəcəyi tərzdə izah etməkdir.

Hamilə qadınlar digər xəstələrlə müqayisədə psixoloji cəhətdən daha həssas olurlar. Ginekoloqun qəbul otağında olan abu-hava, hamilə qadınla doktorun danışıq tərzi ilk növbədə gərginliyin aradan qaldırılmasına yönəlməlidir. Əlbəttə ki, bu cəhətdən ginekoloq seçimi də böyük rol oynayır. Əgər hamilə qadın bütün yönləndirdiyi suallara dolğun cavab alırsa, beynində özünün və bətnində inkişaf edən körpəsinin vəziyyəti haqqında başa düşmədiyi bir hal qalmırsa, doktoruna güvəni daha da artır, daxilən rahat olur.

–         Kişi ginekoloq ictimaiyyət tərəfindən necə qəbul olunur? Heç təəccüblənənlər olubmu ki, “kişi – ginekoloq?!”

–         Maraqlı sualdır. Əslində, doktorun kişisi, qadını olmaz. Müqayisə etsəm, 2009-cu ildə Bakıda praktiki fəaliyyətə başladığım vaxtlarda hər iki xəstədən biri ginekoloq seçimində hökmən qadın ginekoloq olmasını istəyirdilərsə, indi 10 xəstədən ikisində bu problemlə üzləşirəm və xəstəni qadın ginekoloqa yönləndirirəm. Deməli, bu yöndən son 5 ildə müsbət irəliləyiş var. Nəticədə hər bir xəstənin individual seçim haqqı vardır və bu seçimə hörmətlə yanaşmaq lazımdır.

–         Ölkəmizdə ginekologiya hansı inkişaf mərhələsindədir? Qonşularımızla müqayisədə nə demək olar?

–         Bu gün müxtəlif xarici ölkələrdə təhsil alıb vətənə dönmüş və illərcə ölkəmizdə yetişərək öz üzərində işləyib, hər zaman təhsilini artıran, təkmilləşən peşəkar ginekoloqlarımız çoxdur. Hər il müasir avadanlıqlarla təchiz olunan yeni xəstəxanalar açılır. Bütün bunların nəticəsində əminliklə deyə bilərik ki,  bizim sahəmiz də inkişaf edərək Avropa və Amerikadan heç də geri qalmır. Xəstələrin müayinə və müalicəsində dünyada tətbiq olunan bütün yeniliklər hal-hazırda Azərbaycanda da tətbiq olunmaqdadır.

 

Söhbətləşdi: Səbinə

 

 

 

 

 

 

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir