Bəzi insanlar var ki, yalnızlığı çox sevərlər, yalnız qalmaqdan zövq alarlar… Yalnızlıqda xəyala dalar, düşünərlər, bəzən qərar verər, bəzən də qərarlarını dəyişdirərlər… Yalnızlıq onları sakitləşdirər… Onların ruhlarını qidalandırar, rahatlaşdırar.
O isə təkliyi sevməyənlərdən idi. Heç sevməzdi tək qalmağı, qorxardı yalnızlıqdan. Hətta yalnızlığında olqun insan olanda belə eyni hissləri yaşayırdı. Ona qəribə gələn o idi ki, bacı və qardaşı da onunla eyni hisləri yaşayırdılar. Uzun zaman bunun səbəbini arasa da, niyə belə olduğunu başa düşməyə çalışsa da aylarla, illərlə anlaya bilməmişdi. Ancaq zamanla – olqunlaşdıqca və mütaliə etdikcə səbəbini anlamağa başlamışdı, bacı və qardaşı ilə niyə yalnızlığı sevmədkilərini…
Bütün klassik ailələrdə böyüyən uşaqlar evdə ata-analarını, nənə-babalarını görməyi sevərlər və bundan xoşbəxtlik hissi duyarlar. Bu cür ailələrdə baba ya nənənin hər ikisi olmasa da, ikisindən biri mütləq olar və ya bibi (lər), əmi (lər), əmilərin xanımları, onların övladları və başqaları olar. Bəzi ailələrdə isə bunlar olmasa da, ata və ana olar və ən azından uşaqlar məktəbdən evə gələndə ata və analarını görər, üstlərinə atlanar, “ata, məni göyə qaldır!” ya da “anacan, məni qucaqla!”- deyər… Bəzən uşaqlar dərsdən gələndə atalar evdə olmasalar da, anaları evdə olar, övladlarını qarşılayar. Axşam süfrəsində hamı bərabər olar. Amma elə ailələr də var ki, orda atalar olmaz. Axşamlar da gəlməz atalar… Analar tək böyüdər övlad (lar)ını. Uşaq dərsdən gələndə anasını görər, ürəklənər, qaçar üstünə və körpə əlləri ilə anasına sarılar, atasının iyini də anasından alar.
Onun həyatında bu sadalananların heç biri yox idi… Heç biri! Hə, anası vardı! Amma o, bacı və qardaşı kimi anasının üzünə də həsrət qalardı… Səhər dərsə gedəndə şirin çayla şor və yağ çəkilmiş (o da, olanda) çörəkdən dişləyərək anasının kasıbçılıqdan, övladlarına “nə tapıb yedizdirim?!” düşünməkdən birtəhər olmuş qüssəli üzünə həsrətlə baxar, “Kaş qayıdanda da anam evdə olaydı və beləcə bacı-qardaşımla qarşıımıza yemək qoyaydı!” -deyə düşünərdi… Amma bilirdi! Bilirdi ki, qayıdanda ananı evdə görməyəcəklər. Cünki müəllim olan anası da onlarla bərabər məktəbə yollanacaq və onlardan tez də qayıdıb tütün sahəsinə gedəcəkdi. Orda işləyəcəkdi, ta hava qaralana qədər. Hava qaralanda isə yorğun-arğın evə tələsəcəkdi – körpə üç balasının yanına. Anası tütün sahəsindən əlləri qapqara qır evə gələnə qədər onlar üçü də qorxudan titrəyəcəkdilər. O, dərs oxumağa çalışsa da, konsentrə ola bilməyəcəkdi.. Ondan kiçik qardaşına və hələ körpə olan bacısına dəstək olmağa çalışacaqdı…
Evləri daşdan hörüldüyü üçün hər zaman (yaz, yay, payız, qış) soyuq olardı. Demək olar ki, evlərində heç zaman hazır yeməkləri olmazdı… Onlar üçü də bu böyük evdə səksəkəli idilər. Niyə?! Səbəbini bilmirdilər, amma bu evi sevdikləri qədər də qorxurdular… Anaları tütün sahəsində işləyəndə və onlar üçü də evdə tək qalanda hər tıqqıltı səsi gələndə onlar ölümü görüb qayıdırdılar. Kiçik ürəkləri qorxudan çırpınırdı… Sakit otaqda üçü də bir-birinin ürək döyüntüsünü duyurdular… O isə böyük kimi bacı-qardaşına məsuliyyət daşıyaraq onları sakitləşdirməyə çalışsa da qorxunu onlardan daha çox hiss edirdi… Balacalar onu yanlarında görüb ürəklənirdilər, o da böyük kimi məsuliyyətini anlayır, ancaq körpə ürəyi qorxudan tir-tir tirəyirdi. Çöldə hər xışıltı səsi, hər qapı döyülməsi onun ürəyini ağzına gətirirdi… Evlərinin bir tərəfi dağ çayı, digər tərəfi maşın yolu, digər iki tərəfi isə qonşular idi. Amma hər iki qonşunun evi o qədər uzaqda idi ki, nəsə olsa, qışqırsaydılar belə, onların səsini duyan olmayacaqdı… Həyətlərinin qırağı yaxşı bağlanmamışdı. Sökük, köhnə çəpərdən adam da, heyvan da rahat keçib həyətə girə bilərdi. Bir tappıltı səsi gələn kimi üçü də qorxudan böyümüş gözləri ilə bir-birinə baxır, bir-birinə sığınırdılar. Bir də baxırdılar Ayın pəncərəyə düşən işığında ya inək keçdi pəncərərənin önündən, ya da it hürərək qaçdı. Amma qoxurlaının səbəbləri heyvanlar deyildi! Dəfələrlə həyətdə öskürək, addım səsləri eşitmişdilər. Sanki onları qorxutmaqdan zövq alırdilar bəziləri. Kənddə o qədər vicdansız vardı ki…
Beləcə, qorxudan titrəyə-titrəyə analarını gözləyərdilər, üçünün də gözlərindən yaş axardı yanaqlarına. Beləcə illər keçmişdi… Və zamanla nifrət yaranmışdı onlarda təkliyə, yalnızlığa qarşı… Onun isə 10 yaşı olsa da, 70 yaşı dərdli insan sanardı özünü… Özündən başqa həm də bacısına və qardaşına dəstək olmalı idi o. Köməksiz, dəstəksiz, yiyəsiz…“Yalnızlıq, sən niyə bu qədər qəddarsan?!”- deyə düşünürdu… Birdən anasının həyətdə səsi gələrdi. Onda bütün dünya onlara hədiyyə olardı. Üçü də yerindən qalxaraq qapıya qaçar və qapının arxasındakı uzun dəmiri qaldıraraq açardılar. Qapının arxasındakı bu uzun dəmir onların qılınc qarşısında duran “qalxanı” idi sanki. Qapının arxasında bu dəmir var olduqca onlar özlərini az da olsa təhlükəsizlikdə sanırdılar. Dəmiri qaldıran kimi anaları içəri daxil olardı. O içəri girən kimi üçü də gözləri yaşlı analarının köhnə, tozlu-torpaqlı paltarının ətəyindən qucaqlayardılar. Anaları tütün sahəsində işləməkdən suluqlamış və sonradan qup-quru qurumuş və cadar-cadar olmuş əlləri ilə onların başını sığallayar, üzlərinə sürtərdi. Əlinin cadarları üzlərini cırsa belə bundan çox böyük xoşbəxtlik hissi duyardılar…
Analarının onlarla keçirməyə vaxtı olmazdı və onun qabar-qabar olmuş əlləri balalarının başını, üzünü hər an, hər dəqiqə sığallamaq istəsə də buna vaxtı olmazdı. Onlar da digər uşaqlar kimi bu sığalı, bu nəvazişi hər an görmək istəsələr də bu sığala, bu qayğıya həsrət idilər… Çünki analarının onlarla keçirtməyə zamanı yox idi. Övladlarına həm ata, həm də ana olan bu gənc qadın, onlar ac qalmasın deyə, sutkanın 24 saatının 17-18 saatını işləyirdi: günün birinci yarısını məktəbdə, ikinci yarısını da tütün sahəsində. Onlar üçü də haqları olan nəvazişi istəyirdilər. Ancaq… Ancaq anaları onlara zaman ayırmırdı, ayıra bilmirdi! O, övladlarına ya sevgi verəcəkdi, həmişə yanlarında olacaqdı, amma yarıac qalacaqdılar, məktəbə yeni təhsil ilində təzə paltar geyməyəcəkdilər, ya da nəvazişləri və sevgiləri olmayacaqdı, yalnız qalacaqdılar, qorxacaqdılar yalnızlıqdan, səssizlikdən, amma əvəzində yeməkləri olacaqdı; hər gün məktəbdə xərcləməyə pulları olacaqdı və onlar da digər yaşıdları kimi məktəbə təzə paltarla gedəcəkdilər, hər həftənin şənbə günü kənd klubuna gələn filmə baxmağa gedə biləcəkdilər…
Anası övladlarının ağlamaqdan üzlərində cığır əmələ gəlmiş üzlərinə baxar, onların nəvaziş və qayğı istəyən gözlərindən utanardı… Onlar da analarının yorğunluq və məzlumluq yağan üzündən və gözlərindən, övladları ac və paltarsız qalmasın deyə, çıxış yolu axtaran, çıxış yolu tapmadığı üçün özünü bədbəxt sanan bu insandan nəvaziş istəyirdilər… Haqları olan nəvazişi… Amma nəvaziş yox idi, əvəzində isə sonsuz bir yalnızlıq vardı… Bitib-tükənməyən, illərin yalnızlığı…
Mehriban Nəsib