aqsin fateh

Aqşin Fateh: “Üzümə deyə bilməyəndə bu şəkildə yolumu kəsirlər” – MÜSAHİBƏ

Baxış sayı: 1. 798
Müğənnilərin bəzilərinin repertuarına diqqət yetirsək, meyxanalı musiqilərə üstünlük verdiklərini görürük. Bu mövzu zaman-zaman medianın da diqqətindən yayınmır.  Qonağımız vaxtilə meyxanaçı olaraq səhnəyə gəlsə də, bir müddət sonra səhnədən uzaqlaşmalı olub. Lakin dönüşü səs-küy yaradıb. Söhbət meyxanaçı-müğənni Aqşin Fatehdən gedir. Bugünkü qonağımız da məhz odur.
 Image result for aqşin fateh

– Aqşin, maşallah, səhnəyə qayıdan  gündən demək olar ki, adın qalmaqallardan ayılmır…

– Mən illər əvvəl sənətə gələn insanam. Qalmaqallara da marağım olmayıb. Sadəcə mənim qayıdışım nədənsə səs-küy yaratdı. Bilirsiz, düz söz danışanı hamı sevməz. Efirə gəlirəm. Sual verirlər, mən də düşündüyümü bölüşürəm. Əgər bunun adına qalmaqal deyirlərsə, bu onların problemidir.

 

 – Bu söz-söhbətlər sənin toy bazarına necə, təsir edirmi?

– Deyim ki etmir, yalan olar. Təbii ki, elə insanlar var ki, Aqşinin açıqlamaları onları narahat edir. Üzümə deyə bilməyəndə bu şəkildə yolumu kəsirlər. Misal üçün, məni toya dəvət etmək üçün axtarırlar, deyirlər ki, Bakıda deyiləm. Faktiki olaraq Bakıda oluram. Sonradan o insanlar təsadüfən başqa bir məclisdə məni görüb yaxınlaşanda bilirəm ki, axtarıblar, telefonumu verməyiblər. Çoxu məni sevmir. Çünki sözü üzə deyənəm. İstər müğənniyə, istərsə də meyxanaçıya qarşı eyni sifətdəyəm. Mənə 1 addım dala çəkildilərsə, mən o insanı əzib keçərəm. Müğənnilər trendə baxırlar ki, meyxanaçılar 1-2-3-cü yerləri tutublar. Onlar da 145 ildir sənətdə daban döyürlər, “Youtube”da trendə düşə bilmirlər. Ona görə də onlarda qıcıq yaranır.

 

– Bu gün  şou-biznesdə müğənnilərlə meyxanaçıların arasında rəqabət hiss olunur.

– Buna rəqabət deməzdim. Rəqabət sağlam olar. Buna paxıllıq deyirlər.  Sadəcə bəzi müğənnilər görürlər ki,  insanlar bizi dinləməyə maraqlıdırlar, sevənlərimiz çoxdu,  ifalarımız könüllərə yaxındı, qısqanclıq krizinə girirlər. Meyxanaya olan sevgini, diqqəti görürlər. Toylarda bizə olan hörməti görəndə, canlarına vəlvələ düşür.  Çünki elə müğənnilər var ki,  kölgədə qalmış olur, bu da onları hürküdür. Bundan qorxurlar. Onlarda bir xof yaranıb ki, meyxanaçıların toyu çoxalar, bunları yada salan olmaz. Baxın, bu gün hətta ən populyar müğənnilərin belə repertuarında meyxanalı mahnılar var. Aygün Kazımova Azərbaycanın estrada səhnəsində ən tanınmış  ulduzlarından sayılır. Əgər Aygün kimi məşhur müğənni meyxana üslublu mahnılara müraciət edirsə, demək ki, bu janra tələbat sözünü deyir.

 

 – Bəzən elə müğənnilər var ki, cəsarətli açıqlamalar verirlər. Sizcə, səhnədə olan sənətçi üçün cəsarət vacibdirmi?

– İndi elə bir dövrə gəlib çatmışıq ki, həyasızlığın adını cəsarət qoyublar. İnsan var ki, öz abrını qorumaq üçün harda susmaq lazım olduğunu bilir. İnsan da var ki, o sərhəddi, həddi bilməmək üçün harda gəldi bağırmaqla, qışqırmaqla, qalmaqalla insanların yadında qalmaq istəyir. Amma o çox bərəkətsiz, şou, şöhrətdir. Mənəm-mənəm deyə demirəm. Müğənni adına yaraşmayan bəziləri var ki, onlarda bu hal qıcıq yaradır ki, hansısa meyxana deyən 10 ildir ortalıqda yoxdur və yenidən səhnəyə qayıdanda mahnıları yenə də trenddə, yenə də insanlar tərəfindən sevilir. Bir adam çıxıb ciddi oturanda deyirlər ki, özünü dartır.  Mən o şeyi bacarmıram. Mənim xasiyyətim budursa, onlarla eyni səviyyəyə düşə bilmərəm. Onlar özlərinə bunu sığışdırırlar. Hər şeyə əl atırlar ki, “Instagram”da bunların şəklinə, videosuna yetərincə baxış sayı gəlsin.

 

– Efirdən bir çox kişi sənətçilərin görünüşünə rişxənd etmisiz, bəzilərini üzdəniraq adlandırmısız. Amma sizi də plastik əməliyyat etdiyiniz üçün qınayanlar oldu.

–  Kim nəyi necə görmək istəyirsə, elə təqdim etməyə çalışır. Baxın, mənim 39 yaşım var. Neçə illər idi burun çəpəri əyriliyindən əziyyət çəkirdim. Yata bilmirdim.  Həkim dedi ki, vaxt keçdikcə nəfəs almaqda daha ciddi problemlərin olacaq. Təngnəfəs olurdum, rahat yata bilmirdim, xoruldayırdım, halsızlaşırdım. Həkimlər dedilər ki, çox gecikdirmisən. Ona görə əməliyyat etdirdim. Yəni mən estetika üçün burun kəsdirməmişəm.

 

– Onsuz da heç kim demir ki, estetika üçün əməliyyat etdirmisən. Hamı deyir ki, burnumda problem var idi, əməliyyat etdirdin.

– Razıyam. Sizinlə əksər hallarda bu sözü hamı işlədir. Amma mən estetik əməliyyat etdirmək istəsəydim, 10 il əvvəl edərdim.

– Amma 10 il əvvəl kişilərin estetik əməliyyatı da az hallarda rast gəlinən hal sayılırdı. Hətta xanımlar belə başqa ölkələrə üz tuturdular. İndi elə deyil axı. Yəni zəmanə dəyişib, tələblər dəyişib. Siz də bununla razılaşın. 

– Bilirəm. Düz deyirsiz. Mən demirəm kişilər əməliyyat etdirməsin. Kim istəyir etsin. Əslində kim necə yaşamaq istəyir elə yaşayır. Mən desəm də, deməsəm də. Sadəcə bu qədər pafosla danışmasınlar. Onu deyirəm. Mən gedib üzümə, gözümə qulluq etmirəm ki. Sadəcə səhhətimlə bağlı əməliyyata ehtiyac  oldu, etdirdim. Vəssalam. Mətbuat da yazdı.  Mən də deyirəm ki, bunu gözəllik üçün etsəm, 5 il, 10 il bundan qabaq edərdim. Səhnədə ən gur vaxtlarımızda olarkən edərdim. Mən model deyiləm, podiuma çıxmıram ki, özümə fason verim. 40 yaşdan sonra durub gözəllik axtarasıyam?

 

– Ancaq burun çəpərindən əməliyyat olundunuz?

– Burunun çəpər əyriliyi belədir ki, bunu düzəldirlərsə, avtomatik burunu səliqəyə salırlar da. Mən də dedim olsun, onsuz da burnumu əməliyyat etdirirəm…

 

– Niyə hamıdan giley edirsiz. Bəlkə bir az da günah özünüzdədir. Efirdə olan aparıcıları, verilişləri də bəyənmirsiz, amma çıxırsız…

– Mən hər verilişə qatılmıram. Bunu birmənalı şəkildə bilsinlər. Dəvət olunan yerdə özümü görürəmsə, dəvəti qəbul edirəm. Qaldı xeyli vaxt çıxmamağımın səbəbi də sadədir.  Efirdə elə bir maraqlı layihə olmayıb ki, çıxasan, abır-həya ilə iştirak edəsən. Camaat şou axtarır, gündəm axtarır, mən də onu eləyən adam deyiləm. Mən çıxıb camaata meymunluq eləmirəmsə, o heç kimə maraqlı deyil axı. Bu birilər kimi çıxım efirdə nə isə şitlik eləyim – mənlik deyil.

 

– Toylara gedirsiniz yəqin?

– Toylara gedirəm, amma içki məclislərinə yox da..

 

– Axı toyların əksəriyyətində içki məclisi olur. Ev sahibindən soruşursuz ki, toyda içki içiləcək, ya yox.

– Soruşuram. Yenə deyirəm, bəlkə mən bilmədən içki məclisində oxumuşam. O barədə dəqiq söz deyə bilmərəm. Amma adətən soruşuram. Məni də əslində içki məclisi olmayan toylara dəvət edirlər.

 

– Adətən müğənnilərin toydan başqa gəlir yerləri olmur. Sizin başqa qazanc yeriniz var?

–  İnsanın qapısını Allah açsın.  Allah dolandırır da. Hamı toyla dolanmır ki, biz də toy olmayanda ac qalaq. Təbii ki, əsas gəlirimiz toydan olur.

 

Tahirə Məmmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir