kitab-oxumaq-stressi-azaldc4b1r

Bayram günlərində oxu: Mart ayı üçün 5 maraqlı kitab

Baxış sayı: 1. 023

Məktəblərin bağlandığı, virusların yayıldığı mart ayında evdən çıxmaq istəmirsinizsə, özünüzü təkmilləşdirmək və zamandan maksimum faydalanmağın yolu mütaliədir. Bayramlarla dolu, qeyri iş günlərinin sayı bol olduğu bu mart ayında sizə oxumaq üçün 5 kitab seçdik.

 

ALJİR

Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu… Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar…  Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr…

Qiymət: 10.00 azn

Bütün  bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və
onlarla digər ziyalı qadın.

Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.

 

İKİMİZ

Pərviz Seyidlinin əsərlərinin əsas qəhrəmanı uçurumlardır: insanlar arasında, ürəklər arasında, düşüncələr arasındakı uçurumlar. Onun tənha qəhrəmanları bütün varlığı ilə bu uçurumları adlamağa çalışır, lakin heç nə alınmır. Əlbəttə, uçurumlar reallıqda deyil, bizim beynimizdədir, əgər beynimizdəki uçurumları dəf edə bilsək, həyatdakı uçurumlar bizə su şırnağından da kiçik görünəcək.

İlqar Fəhmi

Qiymət: 7.00 azn

Pərvizin “Bayatı-Şiraz” adlı kinossenari formasında qələmə alınmış kiçik bir hekayəsini oxumamışdan əvvəl düşündüm ki, görəsən, Yusif Səmədoğlunun eyniadlı məşhur hekayəsindən sonra nə yazıb? Və tamam fərqli bir dünyayla qarşılaşdım… Pərviz Seyidli kino-serial təcrübəsini bədii nəsrə çevirməyi bacaran bir yazıçıdır.

Şərif Ağayar 

Bütün yaxşı yazıçılar sehrkar və hiyləgər olurlar. Pərviz hekayələrində alternativ dünyanı ustalıqla qurur və oxucu
onun “hiyləgər”liyinə aldanıb son cümləyə qədər mətni oxumağa məcbur olur. Orxan Pamukun iki kateqoriyaya böldüyü “saf və düşüncəli” yazıçı Pərvizdə birləşir. Gənc olmasına baxmayaraq, Pərviz artıq prozanın incəliklərinə
kifayət qədər bələd olan yazıçıdır.

Kənan Hacı

 

HÜDUDSUZ SEVGİ

Nik Vuyiçiç – dünyaca məşhur motivasiya ustası, bestseller kitablar müəllifi. Əlsiz-ayaqsız doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, iki uşaq atasıdır.

MÜKƏMMƏL SEVGİNİ TAPMAQ ÜÇÜN MÜKƏMMƏL İNSAN OLMAQ ŞƏRT DEYİL

Qiymət: 12.00 azn

Nik Vuyiçiç həyatında dəfələrlə kədərli anlar və uğursuz münasibətlər yaşadıqdan sonra gələcəkdə heç bir qadının onu sevib, onunla birgə yaşamaq istəməyəcəyini düşünərək narahatlıq keçirirdi.

Sonra Nik Kanayla qarşılaşır və hər şey dəyişir. Bir-birilərinə olan sevgiləri nə qədər güclü, hüdudsuz olsa da, onlar evlilik həyatlarında “mən”, “sən” anlayışlarını yox edərək “biz” olmağaçalışmaq üçün çox çətin mərhələlərdən keçirlər.

“Hüdudsuz Sevgi” kitabında Nik və Kana bir-birilərini necə tapdıqlarını, necə aşiq olduqlarını və sonra onların münasibətlərinə şübhə ilə yanaşan insanların bu şübhələrini aradan qaldırmaq üçün necə mübarizə apardıqlarını bölüşürlər. Evlənməyi düşünən, eləcə də evli cütlüklər üçün faydalı məsləhətlərlə, praktiki fikirlərlə dolu olan bu ilhamlandırıcı kitab Vuyiçiçlər ailəsinin evlilik və valideynlik həyatının ilkin dönəmlərini təsvir edir.

 

6.27 QATARINDAKI QİRAƏTÇİ

“Müasir nağıl –  fikrimcə, romanın ən yaxşı təqdimatı budur. Bütün detallar bir yerdədir: ağatlı oğlan, kafelli hücrəsində yaşayan şahzadə və vahiməli bir bədheybət. Roman belə də başlaya bilərdi: biri var idi, biri yox idi…”

Jan-Pol Didyeloran

Qiymət: 8.00 azn

“Zerstor 500” kağızların təkrar emalı sexində “işləyən” yırtıcı qətl maşınıdır. O, məzmununa fikir vermədən kitabları amansızlıqla üyüdür. Onu kitablarla “yemləyən” 36 yaşlı Gilen Vinyoldur. Gilen gördüyü işdən ağır vicdan əzabı çəkir. Bu əzabdan az da olsa qurtulmaq üçün, səhər-səhər 6:27 qatarı ilə işə gedərkən “Zerstor 500”ün “ağzından” xilas etdiyi kağız parçalarını ucadan sərnişinlərə oxuyur. Bir gün təsadüfən qatardan tapdığı fləş-kart onun boz həyatına canlılıq qatır və macəra da buradan başlayır…

İstedadlı fransız yazıçısı Didyeloran duzlu, amma bir o qədər də hüznlü personajlardan, novellasayağı süjet xəttindən, insanın dodağına xəfif gülüş qonduran əhvalatlardan bizə dadlı şuket hazırlayıb.

 

ZİRZƏMİ QUŞU

“Zirzəmi quşu”nu düşünürəm ki, hamı oxumalıdır. Gərək bu kitabı kişilər qadınlardan, evlilər subaylardan, subaylar da evlilərdən daha çox oxusun”.

Mustafa Məstur

Qiymət: 7.00 azn

“Zirzəmi quşu” romanında həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra sevginin öləzimək həqiqəti ilə barışıb bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından söhbət açılır.

Roman individual qadınlığın axtarılması və ortaya çıxarılmasına həsr olunub. Təhkiyəçi qadın həyatını, hisslərini, ətrafını diqqətlə araşdırır və onları bacardığı qədər dəqiqliklə təsvir edir. Roman inkişaf etdikcə qadın yadlaşma ilə təcridolunmadan addım-addım uzaqlaşır və ekzistensial böhrandan özünüdərk və özünükəşfə doğru hərəkət edir.

“Zirzəmi quşu” çap olunduğu il İranda çox böyük rəğbətlə qarşılanır. Vəfi elə həmin il romana görə “Qolşiri” və “Yəlda” ədəbiyyat mükafatlarına layiq görülüb. İranda 30 dəfədən çox çap edilən “Zirzəmi quşu” ingilis, italyan, ispan, alman və türk dillərinə çevrilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir