nuriyye

Atalar övladlarına necə nümunə olmalıdırlar? – PSİXOLOQ YAZIR

Baxış sayı: 2. 693

Uşaqların həyatında ana-atalarının xüsusi yeri var. Uşağın davranışında, başqaları ilə rəftarında, xarakterinin formalaşmasında, təlim-tərbiyə qazanmasında valideynlər açar rolunu oynayır. Hər bir valideyn övladı üçün ən gözəl nümunədir. Bəzən Azərbaycan cəmiyyətində bu rol, vəzifə daha çox analara yüklənilir və uşağın tərbiyəsində ananın həlledici rola malik olduğu qəbul edilir. Lakin bu, belə deyil. Ana və ata olaraq hər bir valideynin öz övladı qarşısında vəzifə və öhdəlikləri var. Uşağın davranışına, tərbiyəsinə hər iki valideyn də cavabdehdir. Xüsusi bir məqama diqqət çəkmək istəyirəm ki, qız övladı daha çox anayla, oğlan övladı isə daha çox atayla vaxt keçirməli və ondan nümunə götürməlidir.

VALIDEYN

Bəs, valideynlər hər zaman övladları üçün yaxşı nümunə olurlarmı? Təəssüf ki, bu, bəzən belə olmur. Ata övladları üçün qoyduğu qadağalara bəzən özü əməl etmir. Və övladının bu qayda-qanunlara tabe olmamasından şikayətlənir, günahkar axtarır. Əslində isə o günahkar heç də uzaqda deyil. Ata əvvəlcə öz davranışını təhlil etməlidir. Bəzən belə bir hala rast gəlirik ki, ata özü hər hansı bir mənfi vərdişə malikdir. Məsələn, o, siqaret çəkir, amma övladına bunun zərərli bir vərdiş olduğunu izah etməyə çalışır. Əlbəttə, övladı onun bu izahını, qadağasını qəbul etməyəcək! Çünki ata bunu davranışında deyil yalnız sözündə ifadə edir. Onun özü bu cür mənfi davranışa yol verdiyi üçün onun sözü övladı üçün təsirli olmayacaq.

valideyn

Bundan başqa, ən çox rastlaşdığımız problemlərdən biri uşaqların çox aqressiv, əsəbi olmasıdır. Bu zaman ilk olaraq valideynlə işləmək lazımdır. Uşaq evin güzgüsüdür. Onun aqressiyasının səbəbkarları arasında valideynləri də var! Bu cür problemlərdə ailənin uşağa fiziki cəza verdiyini, qışqırdığını və s. görürük. Əslində uşaq onları təqlid edir. Valideyn uşağa səsini yüksəldərək qışqırmağın yanlış bir davranış olduğunu söyləməyə çalışır. Amma o, özü artıq davranışı ilə mənfi nümunədir. Çünki uşaq düşünə bilər ki, əgər qışqırmaq, vurmaq pis bir hərəkətdirsə, mənim nümunəm-anam-atam nə üçün bunu edir? Uşaq çaşğınlıq və ziddiyyət içərisində qalır və doğru nəticə çıxara bilmir. Bu səbəbdən də valideynlər uşaqlarına hər hansı bir davranışı aşılamaq istəyirlərsə, bunu sözləri ilə deyil, davranışları ilə nümayiş etdirməlidirlər.

 

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir