Koronavirus pandemiyası bir çox sahələrə mənfi təsir göstərdi. Həmin sahələrdən biri də xaricdə təhsildir. Belə ki, xaricdə təhsil alan yüzlərlə tələbəmiz ölkəmizə gətirildi. Nə zaman qayıdacaqları isə bəlli deyil. Oxuduqları universitetlər həmin tələbələrə müəyyən güzəştlər etsələr də, istənilən halda bu hadisə tələbələrin təhsil prosesinə zərbə vurdu. Bundan başqa, qeyd edək ki, mövcud vəziyyət xaricdə təhsil almaq istəyən gənclərin də hazırlıq prosesinə təsirsiz ötüşmədi. Belə ki, karantin şəraitinin elan edilməsi ilə ölkəmizdə fəaliyyət göstərən hazırlıq kurslarının da işi dayandırılıb.
Hər kəsə bəllidir ki, hazırda xaricdə təhsil imtahanlarına hazırlaşan xeyli gəncimiz var. Maraqlıdır, bu gənclər nə etməlidirlər, hazırlıqlar necə davam etdirilməlidir və imtahanlar nə vaxta gözlənilir? Digər tərəfdən, mövcud vəziyyət növbəti mərhələdə xaricdə təhsilə marağa necə təsir edəcək, xaricdə təhsil almaq istəyi əvvəlki tendensiya ilə davam edəcəkmi?
İlk olaraq xaricdə təhsil almaq istəyən Gülsüm Əliyeva ilə həmsöhbət oluruq. Gülsüm pandemiyanın bu həddə çatmağının onun xaricdə təhsil almaq istəyinə mane olmadığını, amma buna baxmayaraq, valideynlərində müəyyən olduğunu olduğunu qeyd edir: “Hazırda son semestrdə oxuyuram və xaricdə təhsil üçün hazırlaşıram. İstəyimi valideynlərimə bildirəndə məni dəstəkləmişdilər, amma son hadisələr, hiss edirəm ki, fikirlərinin dəyişməsinə səbəb olub. Artıq getməyimi istəmədiklərini deyirlər. Əslində, onları da anlayıram. Amma buna baxmayaraq, istəyimdən dönmək fikrim yoxdur. Təbii ki, onsuz da mövcud vəziyyətdə bütün ölkələrlə sərhədlərimiz bağlıdır deyə, heç yerə getmək imkanımız yoxdur. Amma bu mənim gələcək planlarıma təsir etmir. Düşünürəm ki, bu vəziyyət müvəqqətidir, bu günlər də keçəcək. Ona görə də onlayn da olsa, dərslərimə hazırlaşıram, müəllimlərimlə əlaqə saxlayıram”.
Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, karantin şəraiti məsafədən təhisilin mümkünlyünü də ortaya çıxardı: “Xarici ölkələrdə təhsil almağa hazırlaşan şagirdlər üçün daha ciddi problemlər meydana gəldi. Baxmayaraq ki onlar online sistem tətbiq etməklə bu boşluğu aradan qaldırmağa çalışırlar, amma humanitar fənlərdən fərqli olaraq YÖS, SAT imtahanlarında praktik bcarıqlar tələb olunduğu üçün bu üsul o qədər də effektiv olmur. Dərslərin təxirə salınması təkcə aprel ayında DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının təxirə salınması ilə nəticələnmədi, eyni zamanda beynəlxalq imtahanların keçirilməsi də qeyri-müəyyən vaxta qədər təxirə salındı. Düşünürəm ki, beynəlxaq imtahanların təxirə salınması xarici ölkələrə gedənlərin sayının azalmasına səbəb olacaq. Onların gedəcəkləri ölkələrdə təhsilin nə vaxt bərpa olunması da buna bilavasitə təsir göstərir. Belə ki, ölkəmizdə bu imtahanlar olsa belə, xarici ölkələrdə tədrisin bərpa olunmaması tələbələrin ora getməsini müəyyən müddətə təxirə salacaq. Amma düşnürəm ki, pandemiya distant – məsafədən təhisilin mümkünlyünü də ortaya çıxardı. Məncə, bundan sonra xarici universitetlər bu xidmətlərini daha çox aktiv edcəklər ki, bu da insanların ölkəni tərk etməsinin sayını azaldacaq”.
Günel Azadə