oruc

Oruc kimlər üçün təhlükəlidir? – Həkimdən CAVAB

Baxış sayı: 810

On bir ayın sultanı olan müqəddəs Ramazan ayı artıq başlayıb. Müsəlmanlar Allahın əmriylə bu ayda oruc tutmağa niyyətlənirlər. Əlbəttə, biz həkimlərə bu ay başlamazdan əvvəl xəstələrimizdən suallar gəlməyə başlayır. Soruşurlar ki, oruc tuta bilərəmmi, dərmanlarımı necə qəbul edim ki, orucum pozulmasın?

Oruc tutmaq bir ibadət sayılırsa, Allahın bizə əmanət etdiyi orqanizmi qorumaq da bir ibadətdir. Oruc tutmağın insana olan həm mənəvi, həm də fiziki faydaları bəllidir. Amma Allah “Qurani-Kərim”də buyurub ki, xəstəliyi olan insan oruc tutmaya bilər. Xüsusən də əğər xəstəliyin kəskin formasıyla qarşı-qarşıyasınızsa, oruc tutmaq həm təhlükəlidir, həm də haramdır. Oruc zamanı bədən 16 saat qidasız və susuz qalır. Bədənin uzun müddət susuz qalması əsasən xroniki böyrək xəstələrinə mənfi təsir göstərə bilər. Xüsusən də hemodializə girən, orta və ağır dərəcəli böyrək çatışmazlığı olanlar, böyrək transplantasiyası əməliyyatı edilənlər, böyrək mənşəli hipertoniya, aktiv sidik yolları infeksiyası, hidronefroz və infeksiyaya səbəb olan böyrək daşı xəstələrinə oruc tutmaq məsləhət deyil.

Bu xəstələr gün ərzində ən azı 3 dəfə dərman və çoxlu miqdarda maye qəbul etməlidirlər. Oruc zamanı susuz, dərmansız və qidasız qalmaları maye elektrolit balansının pozulmasına, infeksiyanın və ağrıların artmasına, bununla da xəstəliyin daha fəsadlaşmasına gətirib çıxara bilər. Yuxarıda sadaladıqlarımdan savayı diğər durumlarda hər xəstəyə individual yanaşılmalıdır. Ramazan ayı başlamazdan əvvəl uroloji problemi olan xəstə oruc tutmaq niyyətindədirsə, həkimə gəlib müayinələrdən keçməyi məsləhətdir. Müayinələrdən sonra xəstənin vəziyyəti bəlli olur və həkimin tövsiyə verməsi daha da rahat olur. Qeyd etdiyim kimi hər xəstəyə individual yanaşmaq lazımdır. Əğər oruc tutmaq mövcud olan xroniki xəstəliyi aktivləşdirməyəcəksə, bəlli tövsiyələrə riayət etməklə oruc tutmaq olar.

Tövsiyələr hansılardır?

1) İftardan sonra sahura qədər ən azı 2 litr maye qəbul etmək.

2) İftar zamanı yeməklər rahat həzm ola bilən və duzsuz olmalıdır. Çalışıb az yemək lazımdır.

3) Gün ərzində isti yerlərdən uzaq durub tərləməməyə diqqət edilməlidir.

4) Həkimin məsləhəti ilə gündə bir dəfə içilən dərmanlara keçilməlidir.

5) Arterial təzyiq daha tez-tez yoxlanılmalıdır, vəziyyətə görə dərman dozası dəyişə bilər.

6) Böyrək xəstəliyi ilə birgə şəkər xəstəliyi də varsa və insulin istifadə olunursa, oruc tutulmamalıdır. Yüngül diabet xəstəliyi olanlar tez-tez şəkər kontrolu və qidalarına diqqət etmələri şərtiylə oruc tuta bilərlər.

7) Əğər vəziyyətinizdə bir dəyişiklik baş verərsə, mütləq həkiminizə müraciət edin və oruc tutmayın.

Unutmayın kı, Allah bizi daşıya biləcəyimiz qədər yükləyir. Allah hər kəsin öz niyyətinə görə versin, orucunuzun və niyyətinizin qəbul olması diləyi ilə sizlərə xeyirli Ramazan ayı və bol şəfa arzulayıram. Ramazan ayınız mübarək olsun.

Uroloq-cərrah, Uzman həkim Asif Cahangirov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir