Dünyada yayılmış və həyati təhlükə yaradan koranovirus pandemiyasının insan fəaliyyətinin bütün sahələrinə, xüsusən də sağlamlıq, elm-tədris prosesinə, iqtisadiyyata və s. sahələrə etdiyi mənfi təsirlər göz önündədir. Yaranmış qlobal problemin həlli üçün müxtəlif alternativ yollar işlənir. Koronovirus pandemiyası xüsusilə 0-18 yaş və 60 yaşdan yuxarı əhalini əsarəti altında saxlamaqdadır. Belə ki, bu xəstəliyə ən həssas olanlar da elə həmin yaş dövrlərinə məxsus insanlardır. ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməlidir.Dünyada koronavirus xəstəliyinin yayılması (COVID-19) insanlarda qorxu, narahatlıq, stress və depressiyaya səbəb olduğu haqda məlumatlar artıq mövcuddur. Bu isə, baş vermiş hadisəyə hansı səviyyədə reaksiya verməkdən, keçmiş həyat təcrübələrindən, xarakterdən, temperamentdən və yaşadığınız cəmiyyətdən asılıdır.
Bəs xüsusi rejimdəstresin yaranmasına nə səbəb ola bilər? Cavablar müxtəlifdir. Belə ki, insanların öz sağlamlığı və yaxınlarının sağlamlığına görə qorxmasıı, yuxu və ya yemək rejimində dəyişikliklər, iş və digər məsələlərə fikrin yönəldilməsində çətinlik,mövcud sinir və somatik xəstəliklərin aqressivləşməsi, siqaret, energetik içkilər və digər asılılıq yaradan maddələrin istifadəsinin artırılması, günlərlə oturaq rejimin üstünlük təşkil etməsi və hipokineziya, gündəlik informasiya selinin artması və s.Psixoloji problemlərin ortaya çıxmasında başqa faktorlarda (fizioloji yaş,cins, evliliyi, intellektual səviyyə,evdə işləmək imkanı olması,ailədə uşaq və nəvələrin olması, dayanıqlı maddi təminat vəs.) müəyyən rol oynayır.
Qeyd etdiyimiz kimi, pandemiya zamanı həm xəstəliyə yoluxmaya meylliyə görə, həm də sosial izolyasiya şəraitində oturduğuna görə ən çox əziyyət çəkən 60 yaşdan yuxarı insanlardır. Nəzərə alsaq ki, bu qrupa daxil ola insanlarda ürək-damar xəstəlikləri, şəkərli diabet, oynaq xəstəlikləri və s. somatik xəstəliklərin rast gəlmə tezliyi yüksəkdir və bu fonda immunitetin zəif olması, ətraf mühitə adaptasiyanın çətinləşməsi aktual problemlərdən biridir. Pandemiya özü stresin yaranmasına səbəb olmaqla yanaşı, stresin simptomlarının inkişafına da şərait yaradır. Belə ki, sosial izolyasiya şəraitində yaşlı insanlar əsasən hərəkətsiz oturaraq ya televizora baxır, ya yatır və ya da qida qəbulu ilə məşğul olurlar. Adi günlərdə gün ərzində ən azı 2-3 dəfə evdən çıxaraq parkda, yaşıllıq zolaqlarında, sosial obyeklərdə gəzən, öz yaşıdları ilə fikir mübadiləsi aparan, nəvələrini gəzdirən və gücləri çatan qədər məişət problemlərində iştirak edən ahıl və qocalar öz aktiv vəziyyətləri ilə maddələr mübadiləsinin normal saxlanmasına, ürək-damar, dəri və sinir sistemi üçün vacib olan günəş vannaları və oksigen qəbuluna, gəzintilərin davamlı və təkrari olması ilə oynaqların hərəktliliyinin saxlanmasına, depressiya və sinir-psixi gərginlikdən uzaq olmağa və s. şərait yaratmış olurlar. Aparılmış tədqiqatların nəticəsində məlum olmuşdur ki, kənd yerlərində aktiv həyat keçirən uzunömürlülər şəhərdə yaşayan uzunğmürlülərə nisbətən daha yaxşı sağlamlıq göstəricilərinə malikdir. Hal-hazırki vəziyyətdə yenə də kənd və rayonlarda yaşayan yaşlı insanların sağlamlığı üçün elə bir təhlükə yoxdur. Onlar öyrəşdikləri və hər gün etdikləri həyat fəaliyyəti ilə yenə də məşğuldur, onların həyat yanı sahələrinin olması, kənd təsərrüfatı ilə məşğul olmaları, kənd şəraitində virusa yoluxma ehtimalının az olması, övladları və nəvələri ilə bir ortamda yaşaması, təbii qidalanma, yuxu rejimin sabit olması yaşlı insanlar üçün yaranmış pandemik stres vəziyyətindən təhlükəsiz çıxmağa imkan verir.
Şəhərdə yaşayan yaşlılar isə, xüsusi karantin rejimin artması fonunda sağlamlıq göstəricilərinin itirilməsi ilə üz-üzədir. Kiçik sahəli və hündür mərtəbəli evlərdə yaşamaq, hərəkət məhdudiyyəti, informasiya bolluğu, elektromaqnit şüalanma mənbələri ilə sıx kontaktların fasiləsizliyi, qəbul olunan qidaların qida dəyərinin aşağı düşməsi (vitamin, mineral və s. çatışmamazlığı) və kalorisinin yüksək olması nəticəsində bədən çəkisinin artması, yuxu və istirahət rejiminin pozulması, sosial izolyasiya və s. kimi faktorlar yaşlı insanlarda ürək-damar xəstəliklərinin yaranmasına və aqressivləşməsinə, sinir-psixi gərginliyə, endokrin xəstəliklərin inkişafına, sümük-oynaq xəstəliklərinin ağırlaşmasına, hipoksiya və depressiv vəziyyətlərə, anemiya, hipovitaminoz və beyin qan dövranı xəstəliklərinin artmasına səbəb ola bilər.
Pandemik stresin qarşısını almaq üçün isə profilaktik tədbirlər görmək, yaşlıların gün ərzində ən azı 2-3 saat evdən çıxaraq yaşıllıq zolaqlarında gəzməyinə imkan yaratmaq, həkim məsləhətlərinə əməl etmək, ehtiyac olduğu hallarda dərman müalicələrinin həyata keçirilməsinə çalışmaq lazımdır. Mütləq poliklinikaların gerontoloji kabinetlərində işləyən həkimlər yaşlı insanlar ilə konsultasiyalar keçirməli, hər hansı bir xəstəsliyin inkişafının qarşısının alınmasına çalışmalıdır. Dövlətimiz pandemiyanın ağır fəsadlarının alınmasında çox böyük işlər görmüşdür və bu tədbirlər nəticəsində faciəli vəziyyətlərə düşmədik,tələfat sayı az oldu. Bundan sonra da evdə qalmaq, sağlam qalmağa çalışmaq və dünyamızın üzərindəki bu bəlanın bitməsinədək səbrli olmaq lazımdır. Güc birlikdədir!
Kərəmova Natəvan, Qasımov Çingiz
AMEA, akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutunun
“Uzunömürlülüyün fiziologiyası” laboratoriyasının əməkdaşları