AILE

Qadına şiddət: qadın hüquq müdafiəçiləri niyə susur?

Baxış sayı: 951

Azərbaycanda qadınlara qarşı zorakılıq faktları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik mərhələyə qədəm qoyduğunu desək, bəlkə də yanılmarıq. Təsadüfi deyil ki, mətbuatda az qala hər gün bu tip xəbərlərə rast gəlirik. Bəli, söhbət qadına qarşı şiddətdən gedir. Dünyada hər 3 qadından biri şiddətə, hər 5-dən 1-i təcavüzə məruz qalır, ya da təcavüzdən son anda qurtulur. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətinin məişət zorakılıqlarına və ailə münaqişəsi zəminində baş verən qətllərə, xüsusən qadın ölümlərinə etirazı demək olar ki, müşahidə olunmur. Halbuki qonşu Türkiyədə məişət zəminində baş verən hər bir qadın ölümü ciddi hadisəyə çevrilir, hüquq müdafiəçiləri ölkənin müxtəlif şəhərlərində bununla əlaqədar etiraz aksiyaları keçirirlər. Bunu son olaraq 20 yaşlı tələbə Özgəcan Aslanın qətlindən sonra baş verənlər də göstərdi. Maraqlıdır ki, onlarla həmrəylik nümayiş etdirən Azərbaycanın müxtəlif sahələrdə tanınmış kişiləri öz ölkəmizdə baş verən qadın qətllərinə, ümumiyyətlə, reaksiya vermirlər. Bəs bu vəziyyətdən çıxış yolu nədədir?

 aile

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, bu gün şiddətə məruz qalanlar qadınlar olsalar da, sonda ən çox ittiham olunanlar da məhz zərif cinsin nümayəndələridir. “Ailədə təzyiq bütün cəmiyyətlərdə ortaq problemdir” deyən hüquq müdafiəçisi vəziyyətdən çıxış yolunu paytaxtda və bölgələrdə xüsusi xidmət mərkəzlərinin yaradılmasında və qadın polislərinin sayının artırılmasında görür: “Regionlarda və Bakıda şiddətə məruz qalan insanlar üçün xidmət mərkəzləri açılmalıdır. Həmin mərkəzlər təkcə qadınlar üçün nəzərdə tutulmamalı, orada kişilərin aqressiyadan qurtulması məqsədilə psixoloji yardımlar göstərilməlidir. İnsanlar bu mərkəzlərdə həm də psixoloji testlərdən keçməlidir. Eyni zamanda zorakılığa məruz qalan qadınların müvəqqəti olaraq saxlanacağı sığınacaqlar olmalıdır. Bu gün qadın polislər yoxdur. Məişət zorakılığının qarşısının alınması məsələsində qadın polislərin rolu danılmazdır. Bu çox aktual məsələdir. Elə bu baxımdan Daxili İşlər Nazirliyi siyasətində bu məsələyə önəm verilməlidir. Qadınların problemlərini anlayacaq, dinləyə biləcək qadın polislər olmalıdır”.

aile davasi

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da deyir ki, qadına qarşı şiddət bütün dövrlərdə olub, amma indi bu halların statistikası artıb: “Ailədə qadına münasibət necədirsə, oğul, uşaq göz açanda necə görürsə, sonrakı həyatında məhz onu təkrarlayır. Yəni əvvəllər bunu uğursuz ailələr adlandırırdılar. Əslində bu ifadəni işlətməyə dilim gəlməsə də, belə ailələrdə böyümüş uşaqlar məişət zorakılığına meylli olur. O, göz açanda anasına, bacısına və yaxud ailənin böyüklərinə, atasına hansı münasibəti görürsə, o münasibəti də həyatında tətbiq edir. Çünki oğul üçün, övlad üçün ən dəyərli olan insanlardan bir anadır və yaxud bacıdır. Bu məsələni öncə nəslin böyüklərinin həll etməsi vacibdir. Ailə qapalı məkanda yaşamır ki? Açıq cəmiyyətdə yaşayır. Vaxtında bunun qarşısı ailədə alınmalıdır ki, ən azı uşağın psixolojisi ciddi şəkildə pozulmasın”.

Səadət Bənənyarlının fikrincə, bu kimi halların yaşanmaması üçün ilk növbədə məktəblərdə və ali təhsil ocaqlarında təbliğat-təşviqat işləri gücləndirilməlidir. Hüquq müdafiəçisi hesab edir ki, şiddətin aradan qaldırılması üçün cəmiyyətin diqqətini bu məsələyə yönəltmək vacibdir: “Zorakılığa son, qadına qarşı şiddətə son!” adlı aksiya keçirilməlidir. Aksiyanın keçirilməsi ona görə vacibdir ki, cəmiyyətin və dövlətin fikrini məhz bu məsləyə yönəldə biləsən. Düzdür, dövlət və güc strukturları buna nəzarət edirlər, amma onlar da bunu tək bacarmırlar. Çünki cəmiyyətin özünün bu məsələyə nəzarəti yoxdur. Ona görə bu aksiyalara cəmiyyətin cəlb olunması vacibdir ki, insanlar bir-biri vasitəsilə oyansınlar, biganə qalmasınlar. Susmayın, heç kim susmasın! Təkcə aidiyyəti qurumlar yox, qohumlar, qonşular, təhsil, ailə susmasın!”

Aile

Vəkil Şəfiqə Nağıyeva isə deyir ki, qadına qarşı zorakılıq hallarının artması bilavasitə qadınların təhsilsiz olması, öz hüquqlarını bilməməsi ucbatından baş verir: “Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulub ki, ailə qurmamışdan əvvəl tərəflər nikah müqaviləsi imzalasınlar. Təəssüflər olsun ki, bizim ailələrimiz , gənc oğlan və qızlar bu müqaviləyə müraciət etmirlər, nəticədə isə başlarına, dizlərinə döyürlər. Bu müqavilədə hər bir şey öz əksini tapıb. Mənzillə təminatdan başlayaraq alimentə qədər. Qadına qarşı yol verilən ən böyük kobudluqların törənməsinə daha çox rəsmi nikahların bağlanmaması səbəb olur”.

Şəfiqə Nağıyeva bu gün ailə dağılmasına və sonucda ölüm hallarının baş verməsinə daha çox qarşılıqlı xəyanətin də yol açdığını bildirir: “Qadın ölümü yaşananların son həddidir. Bütün bunların baş verməməsi üçün tərəflər bir-birini dərindən tanımalıdır. Erkən nikahlar da bu cür problemlərin yaşanmasına səbəb olur. Bəzi rayonlarda qızlar 13-15 yaş arası ailə qururlar. Qadın ölümlərinə, zorakılığına şərait yaradan amillərdən biri də xəyanət, qarşılıqlı xəyanətdir. Xəyanətə son qoymaq lazımdır. Ailə möhkəm təməl üzərində qurulmalıdır. Biz uşaqlarımızı, həyat yoldaşımızı, ailəmizi qorumalıyıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir