“Sevdiyini söyləsə də, ona inanmağım gəlmir” və ya “Sanki onun üçün etdiklərimi görmür, əlimdən gələni edirəm, amma yenə də onu sevmədiyimi düşünür” düşüncəsinə tez-tez qapılırsınızmı?
Diqqət! Ola bilər ki, sevdiyiniz şəxslə eyni dildə danışmırsınız?
Sevginin 5 dili (The 5 Love Language) – haqqında danışmaq istədiyim növbəti kitab belə adlanır, kitab evli və ya birgə yaşayan cütlüklərdə münasibətlərin uzunömürlü və sevgidolu olmasına, yaranan nahamarlıqları aradan qaldırmağa istiqamətlənib. Qarşı tərəfin sevmək üslubunu – yəni sevgi dilini anlamağa kömək edir.
Müəllif Gary Chapman iddia edir ki, hər kəsin nitq üçün istifadə etdiyi bir dil olduğu kimi, sevgini ifadə etdiyi bir dil də vardır və onun təməli onun doğulduğu və böyüdüyü ailədən asılı olaraq qoyulur.
Qarşı tərəfi anlamaq üçün siz ilk növbədə öz sevgi dilinizi ayırd etməlisiniz, təbii ki, burada da iki dilli ola biləcək insanlar istisna deyil.
Kitab boyu sevgi dilinizi müəyyən etmək üçün testlər və partnyorla münasibətlərinizi inkişaf etdirmək üçün birgə edəcəyiniz tapşırıqlar var, ümumiyyətlə bu kitab bir kouçinq vəsaiti kimi istifadə oluna bilər.
5 sevgi dili
Təsdiq sözləri – “bu gün gözəl görünürsən”, “sən həmişə üzümü güldürürsən”, “sənə vurğunam”
Qulluğunda durma – ona yemək hazırlamaq, onun üçün hansısa bir işi görmək, qeydinə qalmaq
Keyfiyyət saatı – birlikdə keçirdiyiniz vaxt, teatra getmək, oyun oynamaq, birlikdə yemək hazırlamaq, birlikdə yaşanan macəra və ya sükut anları
Sevgi həddiyyəlləri – kiçik və ya böyük, diqqət əlaməti olan hədiyyələr
Fiziki təmas – toxunuşlar, qucaqlaşma, sığal çəkmə və s.
Yəni siz özünüz və ya partnyorunuz öz sevgisini hansı şəkildə büruzə verirsə, deməli daha çox həmin sevgi dilinə üstünlük verir və gözləntiləri də ondan yanadır.
Words of Affirmation – Sevgi kəlmələri, təqdir dili
Sizin üçün ən önəmli olan sözlərdirmi? Hər an sizi təqdir etməsini gölzəyirsiniz? Sizə rəğbətini ifadə etməsi sizin üçün nə qədər əhəmiyyətlidir? Bəs sevdiyniz şəxs üçün, sizin öz sevginizi sözlərlə ifadə etməyiniz nə dərəcə də vacibdir?
Gifts –Hədiyyələr
Sevdiyiniz şəxs sizə öz sevgisini hədiyyələr ilə göstərməyi xoşlayırmı? Bəs siz necə? Sizin üçün bu nə qədər önəmlidir? Yoxsa hədiyyələri xoşlamırsınız? Bəs o necə?
Acts of Service – Xidmət etmək, qulluğunda durmaq
Alış-verişdə sizə kömək etməsi, uşağı məktəbdən gətirməsi, arada çay dəmləməsi, sizə işinizlə bağlı köməklik etməsi sizə sevgisini sübut etməsi kimi görünürmü? Bəs sizin etdikləriniz necə?
Quality Time – Birlikdə keyfiyyətli zaman keçirmə
Baş-başa keçirdiyiniz anlar, telefonlara baxılmadan edilən uzun söhbətlər, bir-birinizi dinləməyiniz sizə görə sevgini göstərməyin ən gözəl yoludur? Bəs yarınız nə düşünür bu haqda?
Physical Touch – Fiziki təmas
“Bir dəfə qucaqlasam bütün dərdlərimi unuduram” – deyənlərdəndir partnyorunuz? Onda növbəti dəfə gərgin bir an yaşayanda, onu qucaqlayıb sevginizi ona bu yolla bildirin.
Əsas odur ki, daima müşahidə edəsiniz, həm öz davranışlarınızı, həm də sevdiyiniz şəxsi, o, öz sevgisini necə ifadə edirsə, qarşı tərəfdən də o cür sevgi təzahürləri gözləyir. Əgər sizə hədiyyə alırsa, ya kömək etməyə çalışırsa, deməli bu onun özünü ifadə dilidir. Siz də ona sevginizi bu yolla ifadə edin.