Son dönəmlər şəhərdə şütüyən maşınlar arasında fərqli rənglərə və görünüşə sahib olanları çoxdur. Danılmaz faktdır ki, gözümüzün alışdığı ağ, qara, qırmızı və bozdan fərqli bir rəngdə avtomobil diqqətimizi daha çox cəlb edir. Məsələni bir az araşdırdıqda, bu fərqliliyin “tuninq” vasitəsilə əldə olunduğunu öyrənirik. Xüsusilə də gənclərin seçilən rəngdə və görüşdə avtomobilə olan marağını nəzərə alaraq, “AZART” avto-tuninq servisinə baş çəkib işləri ilə yaxından tanış olduq. Həmsöhbətimiz isə servisin rəhbəri Arif Zeynalovdur.
“Tuninq” nədir?
Arif bəylə ilk olaraq “tuninq”in nə olduğu və mahiyyəti haqqında danışırıq. Həmsöhbətim deyir ki, “tuninq” seçilmək, fərqlilikdir: “Hər insan daha gözəl görünmək, geyimi, imici ilə seçilmək istər. Xüsusilə də gənclərimiz hansısa aksesuarla öz geyimlərinə rəng qataraq fərqlilik yaradır. Bu, avtomobillər üçün də keçərlidir. Öz xarici görkəminə önəm verən şəxslər, maşınlarına da bu cür yanaşırlar və avtomobilləri ilə seçilməyi sevirlər. Məsələn, Avropada belə bir tendensiya yoxdur. Onlar maşını salondan və ya ikinci əldən hansı rəngdə, formada alırlarsa, o cür də sürürlər. Amma bizdə elə deyil. Müştəri maşını alıb bizim yanımıza gətirir və onu bəzəməyimizi, xarici görünüşünü dəyişməyimizi istəyir. Bazarda elə maşın var ki, tam şəkildə hər cür aksesuarı ilə yığılmış vəziyyətdə 100 minə satılır. Amma eləsi də var ki, natamamdır və 70 minə satılır. Müştəri həmin 70 minlik maşını alıb gətirir və ona “yaraşıq” verməyimizi, natamam olan hissələrini tamamlamağımızı istəyir. Biz də o maşını “tuninq” edib 100.000-lik avtomobil görünüşü qazandırırıq. Qarşılığında isə 3000, 2000, 1500 dollar alırıq. Yəni düşünün ki, biz estetik cərrahıq və maşınlara həm daxildən, həm də xaricdən, gözəl estetik görünüş qazandırırıq”.
“Tuninq” deyəndə çox adam elə anlayır ki…
Arif bəy deyir ki, “tuninq”in ən böyük üstünlüklərindən biri də avtomobilin rəngini istənilən vaxt çox rahat şəkildə dəyişməkdir: “Tuninq” zamanı maşını boyamağa ehtiyac yoxdur. Rəng dəyişimi üçün avtomobil vinillərindən istifadə edirik. Hansı ki, maşına heç bir ziyanı yoxdur. Altda maşının öz rəngi qalır və biz üstdən müştərinin istəyinə uyğun vinil çəkirik. Çünki maşınlar istehsal zamanı daha çox standart ağ, qara və bəzən də gümüşü rənglərdə olur. Amma təbii ki, fərqliliyi, seçilməyi sevən müştərilərimiz avtomobillərini gətirib rəngini dəyişdirirlər. Hazırda 120 çeşid vinil rənglərimiz var. Kimisi mat, kimisi parıltılı rəngləri seçir. Amma son dönəmlər daha çox mat rənglər dəbdədir deyə, müştərilərin çoxu seçimini bu istiqamətdə edir. “Tuninq” deyəndə çox adam elə anlayır ki, bura, sadəcə maşının xarici görkəminin dəyişməsi daxildir, amma elə deyil. Bizim elə müştərilərimiz var ki, maşını alıb, lakin daxili, yəni oturacaqları, çexolun rəngi xoşuna gəlmir. Yaxud da, maşının salonu tutaq ki, boz rəngdədir. Amma boz rəngi sevmir. Avtomobilini bizim servisə gətirir, biz də maşına və müştərinin istəyinə uyğun interyer dizayn edirik”.
Müsahibimin danışığından aydın olur ki, çox maraqlı və zövqlü işləri var. Amma bunu da nəzərə almaq lazımdır ki, hər müştərini razı salmaq, kaprizinə dözmək asan məsələ deyil: “Əslində, işimizin çətinliyi də ondadır. Hər müştərinin öz psixologiyası var, hər biri ayrılıqda titizdir. Lakin bir müddətlik söhbətdən sonra onun nə istədiyini anlayırıq. Müştəri ilə qərara gəldikdən sonra hər xırda detal yazı şəkilinə salınır və plan qurulur”.
“Bu, müştərinin öz günahı olur”
Həmsöhbətim deyir ki, çox az müştəri olub ki, edilən dizaynı bəyənməsin: “Bəyənməmə ehtimalı çox aşağıdır, amma olur. Biz belə müştəri ilə az qarşılaşmışıq. Çünki əvvəlcədən hər nüansı danışırıq. Yəni maşını ilk olaraq kompüterdə xüsusi proqramla dizayn edirik, göstəririk ki, “tuninq”dən sonra belə olacaq. Əgər müştəri bəyənirsə, razılıq verirsə, işimizi görürük. Bununla da müştərinin bəyənməmə riskini minimuma endirmiş oluruq. Bəyənməmə ehtimalı olsa belə, bu, müştərinin öz günahı olur. Çünki biz estetik görünüş baxımından maşına yaraşmayacaq dizaynı heç vaxt etmərik. Hətta, elə müştərilər olur ki, özləri müəyyən rəng, aksesuar təklifi edirlər. Baxırıq ki, bu dizayn avtomobili gözəl göstərməyəcək. O zaman ya o işi götürmürük, ya da öz təklifimizi irəli sürüb daha yaxşı dizayn edirik. Yəni hər işin öz ustası var, ona görə də, işi bilən birinə həvalə etmək lazımdır”.
Əks cinsin nümayəndələri azlıq təşkil edir
“Tuninq”in nə qədər müddət çəkməsindən danışan Arif bəy qeyd edir ki, bu, avtomobildən və görüləcək işlərdən asılı olaraq dəyişir: “Maşına, sadəcə vinilin vurulması 1 həftə, 10 gün zaman alır. Amma ümumi “tuninq” isə 1 həftədən 3 aya qədər davam edə bilər. Yəni bu, prosesdən asılıdır. Əgər bir avtomobilinin həm interyeri, həm də eksteryeri dəyişiləcəksə, bu zaman çox vaxt gedir. Servisimizdə 34 nəfər şəxs çalışır və hər biri də öz işinin peşəkarıdır. Hətta, Amerikada, Rusiyada işləmiş ustalarımız belə var”.
Həmsöhbətim bildirdi ki, müştəriləri daha çox kişilərdir, amma xanımlarda da yavaş-yavaş “tuninq”ə maraq yaranıb: “Müştərilərimiz arasında xanımlar hələ ki, azdır. Servisə gələnlər isə daha çox rəng dəyişimi üçün müraciət edirlər. Xanımlar rəng seçimində hamelyon rənglərə üstünlük verirlər”.
Qiymət hansı aralıqda olur?
Həmsöhbətimdən vinilin, “tuninq”in qiymətindən də danışdı. Bildirir ki, bu, avtomobildən və görüləcək işdən asılı olaraq dəyişir: “Qiymətlər maşına uyğun müəyyənləşdirilir. Məsələn, bir avtomobilin vinillənməsinin 1400, 1500 manatdan, 3000 manata qədər xərci var. Bu qiymət, vurulacaq rəngdən və maşının ölçüsündən asılıdır. Amma “tuninq”də qiyməti əvvəlcədən bilmək olmur. Bəzən elə müştəri olur ki, maşınını həm daxildən, həm xaricdən dəyişdirmək istəyir. Təbii ki, bu zaman qiymət daha yüksək olur. Eləsi də var ki, sadəcə maşının buferində hansısa işlərin görülməsini istəyir. Yəni qiymət, görüləcək işə uyğun hesablanır”.
Avtosalondan birbaşa servisə gələn maşın
“Elə avtomobillər olur ki, salondan alınıb və birbaşa bizim servisimizə gətirilib” deyən Arif bəy, bunun səbəbini də izah etdi: “Bizim avtoservisə salondan birbaşa gələn maşınlar da olub. Təzə avtomobillərin gətirilməsinin ən əsas səbəbi qoruyucu vinilin vurulmasıdır. Həmin vinil maşını xarici təsirlərdən qoruyur. Məncə, bahalı hər bir avtomobilə mütləq şəkildə qoruyucu vinil vurulmalıdır. Düşünün, yeni telefon alanda, necə ki, ekranına qoruyucu vurdururuq, eynən də yeni maşına qoruyucu vinil çəkilir. Həmin vinil 5 ilə yaxın avtomobili cızıqdan, yağışdan, qardan qoruyur. Burada da qiymət avtomobilin ölçüsündən və vurulacaq vinilin materialından asılı olaraq dəyişir. 2500 manatdan başlayıb, 6-7 min manata qədər dəyişir”.
“Maşın ikinci arvad” kimidir
“Tuniniq” işi ilə tanındıqlarını deyən Arif bəy qeyd edir ki, ölkəmizdə bu işi ilk görənlərdəndirlər: “Tərifləmək kimi olmasın, amma həqiqətən işimizlə tanınırıq. Çünki illər əvvəl bu sahədə fəaliyyətə başlayan ilk servislərdən biri, hətta birincisi olduğumuzu deyə bilərəm. Servisimizdə 34 işçi var və avtomobilə aid 34 növ iş görülür. Yəni maşına aid hər bir xidməti göstəririk. Artıq daimi gələn müştərilərimiz belə var. Hər ay avtomobillərini yoxlanışdan keçirirlər. Bu, bir növ, insanın “Check-up”dan keçməsi kimidir. Elə insanlar var ki, avtomobilinə çox dəyər verir. Onunla yaşayır, nəfəs alır. Bir az loru dildə desək, maşın “ikinci arvad” kimidir (gülür). Gərək onun nazını çəkəsən, gözəl görünməyi üçün çalışasan. Hətta, elə kişilər var ki, avtomobilində nəsə problem olanda gecə yata bilmir”.
20 minlik maşın 30-35 minlik qiymətə olur
Müsahibimlə söhbət edə-edə servisi gəzirik və ustaların maşınları necə “yaraşığa” saldığını izləyirik. Həmsöhbətim bəzi maşınlar haqqında məlumat verir. İlk olaraq “Mercedes-Benz W212 E-class” markalı avtomobilin üzərində görülən işlərdən danışır: “Bu maşın 2010-cu il modeldir. Biz bunu yığıb 2016-cı ilin “Mercedes-Benz E-63 class AMG” modeli halına gətirdik. Maşının həm arxa, həm də qabaq hissəsində ciddi dəyişiklik olub. Buferləri, kapotu, faraları yenidən işlənib. Bu maşının hazırda bazarda ikinci əl olaraq qiyməti 20 min manatdır. Biz 3500 dollara başa gələn “tuninq” işi ilə onu 30-35 min dollarlıq avtomobil halına gətiririk”.
Beləcə, bir neçə maşın üzərində görüləcək “tuninq” işi ilə tanış oluruq. Aydın olur ki, “Gözəllik ondur, doqquzu dondur” atalar sözünü maşınlar üçün də istifadə edib “Gözəllik ondur, doqquzu “tuninq”dir” deyə bilərik.
Günel Azadə