İnsanları bir-birindən fərqləndirən düşüncələri, duyğuları və davranışlarının bütünü olan şəxsiyyətin dividuallığıdır. Normal bir şəxsiyyətin inkişafına təsir edən əsas iki faktor vardır:
1) Genetik yatqınlıq
2) Sosyal mühit
Şəxsiyyətin formalaşmasında genetik yatqınlığın rolunun böyük olduğu qədər sosial faktorlar da çox mühüm rol oynayır. Sosial mühit dedikdə, mikro(ailə mühiti) və makro(məktəb,universitet,iş) mühitləri misal göstərmək olar. İnsanın şəxsiyyətinin normal və ya patoloji səviyyədəki inkisafına həm genetik və həm də sosial faktorlar təsir göstərir. Əgər insanın davranış pozğunluğuna genetik olaraq yatqınlığı varsa, bu zaman sosial mühitin təsiri nisbətən daha həssas rol oynayır. Şəxsiyyətin formalaşmasının təməli uşaqlıqdan qoyulduğu üçün hər hansı negativ təsirlərə məruz qalmaq şəxsiyyətin inkişaf yönümünü dəyişdirə bilər. Negativ təsirlər dedikdə, bunlara uşaq istismarı, şiddət,boşanmalar, baxımsızlıq (valideynin uşağa qarşı laqeydliyi də demek olar) və s. aiddir. Belə təsirlərə məruz qalan uşaqlarda irəliləyən yaşlarda davranış pozğunluqları müşahidə edilə bilir. Ancaq uşaqlıqda baş verən davranış pozğunluqları(impulsivlik,destruktiv,repititiv hərəkətlər-conduct disorder) diqqət əksikliyi müşahidə edilən uşaqlarda yetişkinlik yaşlarında antisosial şəxsiyyət pozğunluğu ilə əvəz edilməsi yüksək bir ehtimaldır. Hər hansı bir şəxsiyyət pozğunluğu diaqnozunun qoyulması 18 yaşından etibarən mümkündür. Eyni bir insanda birdən daha çox şəxsiyyət pozğunluğu tipinə rastlamaq olar. Şəxsiyyət pozğunluqları bənzər düşüncə, duyğu və davranışlara görə üç əsas kateqoriyada birləşir.
A kateqoriyasına,
1) Şizoid
2) Şizotipal
3) Paranoid
B kateqoriyasına
1) Histroyonik
2) Narsisistik
3) Antisosial
C kateqoriyasına
1) Çəkingən
2) Asılı
3) Obsesis kompulsiv şəxsiyyət pozğunluğu
Bu gün danışacağımız mövzu bir-biri ilə səhv salınan iki şəxsiyyət pozğunluğu -Narsisistik və Sosiopat haqqında olacaq.
Hər ikisi də şəxsiyyət pozğunluğu olub DSM5-ə görə B kateqoriyasına aid edilir. Ancaq sosiopat adı altında şəxsiyyət pozğunluğu olmayıb antisosial şəxsiyyət pozğunluğu kimi DSM5də qeyd edilir.
Narsisistik şəxsiyyət pozğunluğu spesifik xüsusiyyətləri ilə fərqlənir.Bu xüsusiyyətlərə:
-Grandioz düşüncələr
-Egosentrik olma
-Bəyənilmək arzusu
-Özünə həddindən artıq dəyər vermək
-Qarşısındakı insanı devalvasiya etmək
-Empatiya əksikliyi
-Dərindüşüncəliliyin(insight) olmaması aiddir.
Narsisist insanların egosentrik olmaları və davamlı olaraq özlərini olduqlarından daha yüksək səviyyədə göstərmələri ilə özlərinə güvənmələri arasında hər hansı bir korrelasiya yoxdur. Belə ki, grandioz düçüncələri və egosentrik davranışları ilə qarşılarındakı insanı davamlı əksiltməyə və özlərini daha üstün göstərməyə çalışmaqlarının arxasında özgüvən yüksəkliyi dayanmır. Özünə güvənən insanların qarşılarındakı insanı əzməyə və ya onları öz sahib olduqları ilə əksiltmə cəhdləri olmur. Davamlı olaraq tərif eşitmək və bəyənilmək ehtiyacları narsisistləri daha çox asılı vəziyyətə salır. Narsisistlər eyni zamanda tez inciməyə meyilli olduqları üçün tənqidlərə qarşı tolerant ola bilmirlər. Uzun müddət təsirindən çıxa bilmirlər və ilk fürsətdə qisas almaq üçün təhqiramiz sözlərlə həmin insanı əksiltməyə çalışırlar.
Sosiopatlar isə antisosial şəxsiyyət pozğunluğu altında narsisist şəxsiyyət pozğunluğu ilə bəzən səhv salınır.Sosiopatlara məxsus xüsusiyyətlər:
-Sosial normalara qarşı çıxmaq
-Deviant davranışlardan çəkinməmək
-Hər hansı bir davranışa görə məsuliyyət almamaq
-Repititiv yalan danişmaq və buna görə heç bir narahatlıq hissi keçirtməmək
-İmpulsivlik
-Dərindüşüncəliliyin(insight) olmaması
-Empatiyanın olmaması
Bütün sosiopatlar narsisistlərə məxsus xüsusiyyətlərə malik ola bilər, ancaq narsisistlər tam olaraq antisosial şəxsiyyət pozğunluğuna malik xüsusiyyətlərə malik ola bilməz. Sosiopatlara bənzərlik göstərən ən çox maliqnant narsisistlərdir. Maliqnant narsisistlərlə sosopatların oxşar xüsusiyyətləri bunlardır:
-Empatiyanın olmaması
-Antisosial davranışlardan çəkinməmək
Eyni zamanda hər iki şəxsiyyət pozğunluğuna karizmatik,manipulativ, intelligent olmaqları aid edilə bilər.Ancaq fərqlərinə gəldikdə:
Narsistlər egosentrik olub davamlı olaraq bəyənilmək arzusunda olurlar. Manipulativ danışıqlardan qarşısındakı insanda özünə qarşı heyranlıq duyğusu yaratmaq məqsədi ilə istifadə edir. Sosiopatlar isə manipulativ danışıqlarından öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Eyni zamanda öz planlarını həyata keçirmək üçün üzr istəməyi də özlərinə əskiklik bilmirlər. Antisosial şəxsiyyət pozğunluğunun keçmişinə nəzər saldıqda 15 yaşından öncə hər hansı bir davranış pozğunluğunun əlamətlərini görmək olar.
Hər bir insan eyni anda birdən daha çox şəxsiyyət pozğunluğunun xüsusiyyətlərinə malik ola bilər. Şəxsiyyət pozğunluqlarının tam olaraq düzəlmə ehtimalı yoxdur. Buna görə də belə insanlarla münasibətdə həmin insanların xüsusiyyətlərini nəzərə alaraq ya bariyerlərinizi müəyyən etməyiniz ya da rəftarınızda dəyişiklik etməyiniz lazımdır.
Psixoloq İlahə Novruzova