Azadlıq abstrak anlayış olmasına baxmayaraq, insanın düşüncələrində, hislərində, davranışlarında öz təzahürünü göstərir. Azadlığın bir insan üçün ifadə etdiyi məna; insanın həyatının kontrolunun öz əlində olduğu və seçim etmək hüququna malik olmasıdır. Hər bir insan öz azadlığına qarşı həssas olduğu üçün ən kiçik təhdid qarşısında qarşı çıxmağa və agressivləşməyə yatqındır. Deyilən hər hansı bir sözün və ya rəftarın təhdid edici olaraq interpretasiyası insanda reaktiv müqavimət(reactance) yaradır.Reaktiv müqavimət sosial təzyiq altında insanda yaranan müqavimətdir və ya müqavimət göstərməkdir. Bu özünü deyilənin və ya tələb olunanın tam olaraq əksini icra etməklə göstərir. Ən çox yeniyetməlik dövründə müşahidə edilməsinin səbəbi bu dövrdə uşaqların daha emosional olmaları və deyilənləri və ya verilən məsləhətləri daha təhdid edici olaraq analiz etməyə yatqın olduqları üçündür.Hadisələri rasionallaşdıra bilmə, məntiqi analiz əlaqələri qura bilmək zamanla mümkün olduğu üçün yeniyetməlik dövründə reaktiv müqavimətin dərəcəsi də yüksək olur. Reaktiv müqavimətin yüksək səviyyədə olduğu insanların ümumi xarakterik xüsusiyyətləri bunlardır:
1)Zəif ailə əlaqələri. Buraya uşaq istismarı,valideyn baxımsızlığı(laqeydliyi), boşanma, ölüm, sevgisizlik və s. aiddir. Ailəiçi psixoloji iqlimin disfunksionallığı sosial faktor kimi uşağın düşüncələrində və davranışlarında öz negativ təsirini göstərir.
2)Emosional zəkanın (EQ) əksikliyi. İnsanın öz duyğularının fərqinə varıb onu kontrol edə bilməsi emosional zəkasının göstəricisidir. Emosional zəkanın əksikliyi insanlarda impulsiv davranışlara sövq edə bilir.
Ümumi götürdüyümüz zaman reaktiv müqavimətin hər bir insanda, yəni bariyerlər və ya məhdudiyyətlərlə qarşılaşan hər bir insanda olması mümkündür. Reaktiv müqavimətin yaranmasının iki əsas səbəbi bunlardır
-Öz azadlığını yenidən bərpa etməyə çalışmaq (azadlığının əlindən alındığı hislərinə qapılan insanlar reaktiv müqavimət göstərərk yenidən azadlıqlarına qovuşmaq üçün rasionallıqdan uzaqlaşa bilərlər)
-Məhdudiyyətlərin, qadağaların insan üçün daha cəlb edici olması. (hər bir insan üçün qadağan olunan hər şey daha cəlb edici olduğu üçün onu etməyə daha çox cəhd göstərirlər, məsələn, siqareti çəkmək olmaz deyildiyi üçün daha çox çəkilməsi, pandemiya şəraitində maskadan istifadə edilmə zərurətinin əksinə taxmamaq üçün müqavimət göstərmək və s.)
Hər bir insanda reaktiv müqavimət eyni səviyyədə olmadığı kimi , eyni zamanda eyni bir situasiya da hər bir insan üçün eyni səviyyədə reaktiv müqavimətə səbəb olmur. Belə ki, birincisi, insan üçün çox vacib olan hər hansı bir əşyanın və ya hərəkətin qadağası, məhdudiyyəti həmin insanda daha çox reaktiv müqavimətə səbəb olur. İkincisi, çox bariz formada təhdid edici danışıq tərzi də təhdidə bir cavab kimi reaktiv müqavimətin artmasına gətirib çıxardır.
Psixologiyada reaktiv müqavimət göstərən insanlara tətbiq edilən metodlardan biri tərs psixologiyadır(reverse psychology). Bu metod vasitəsilə qarşınızdakı insanın etməsini istədiyiniz hər hansı bir şeyin tam əksini söyləyərək dolaylı yollarla etməsinə səbəb olmaqdır. Ancaq bu metod hər insanda eyni effekte malik olmur və hər insan üzərində tətbiq edilə bilmir.
Digər bir metod isə reaktiv müqavimət göstərən insanlara tətbiq edilən İstəkləndirici Görüşdür(Motivational İnterviewing). Bu metodun əsas komponenti insanın spesifik baxış tərzini, hislərini, düşüncələrini müəyyən edərək ambivalansı (bir-birinə zidd düşüncələr, məsələn, həm istəyirəm, həm də istəmirəm kimi..) ortaya çıxarmaqdır. Ambivalans düşüncələr insanın müqavimət göstərməsinə səbəb olan düşüncələr deyildir, ancaq və ancaq hər hansı bir dəyişiklik etmək, hərəkətə keçmək üçün motivasiya çatışmazlığından qaynaqlanan düşüncələrdir.Bu metodun əsas 5 prinsipi vardır.
1)Empatiya göstərmək (danışmaqdan çox dinləmək, mühakimə etməməkdir)
2) Davranışlar ilə hədəflər arasında uyğunluğu inkişaf etdirmək
3) Mübahisədən uzaq durmaq
4) Birbaşa qarşı çıxmaq əvəzinə yeni fikirlər irəli sürərək düşünməsinə səbəb olmaq
5) Dəyişiklik edə bilməsi üçün dəstək göstərmək
Psixoloq İlahə Novruzova