Pandemiya dövrünü iş başında keçirən peşə sahibləri çoxdur. Onlardan biri də jurnalistlərdir. Yazılı mediada bəzən evdən iş imkanı yaradılsa da, televiziya işində çalışanların belə lüksü olmur. İşi görmək üçün iş başında olmaq vacibdir. O da pandemiya dövrünü iş başında olub, virusa yoluxana qədər. Virusla mübarizədə qalib gələnlərdəndir. Müalicəsi yekunlaşıb, karantin müddəti isə bir neçə günə bitəcək. Xəstəliyə qalib gələr-gəlməz işə çıxmaq haqqında düşünən müsahibimiz İdman TV kanalının direktor əvəzi Rövşən Binnətlidir.
– Rövşən müəllim, virusa yoluxana qədər pandemiya dövrünü iş başında keçirdiniz. Bu müddətdə narahatlıq, qorxu olurdumu?
– Normal vaxtlarda necə işləyirdimsə, pandemiya dövründə də o cür işimə davam etmişəm. İş vaxtı nəinki virusu, özümü də unuduram. Bu, virusa etinasız yanaşmağım demək deyil. Virusla mübarizədə vacib olan qaydalara riayət edirdim. Üstəlik, işlədiyim yerdə kontingent çox böyükdür, 2000-dən çox əməkdaş var. Ona görə xüsusilə ehtiyatlı davranmaq tələb olunurdu. Gigiyenik qaydalara riayət edirdik, maskadan istifadə olunurdu, məsafə gözləyirdik və s. Qaydalara riayət etməklə işləyirdik. Hər hansı qorxu, təlaş, narahatlıq yox idi.
– 2000-dən çox əməkdaş olan yerdə, təbii ki, risk də böyükdür. Eyni vaxta ofisdə daha çox işçi olur, məkan da qapalı.
– Pandemiya dövründə ofisdə şərtlər başqa idi. Qapalı mühitdə insanların sayı çox olduqca xəstəliyin yayılma dinamikası sürətlənə bilir. Ona görə də rəhbərliyin tapşırığı ilə işi elə qurmuşduq ki, kimin işi hansı saatdadırsa, həmin vaxt gəlib görüb gedirdi. Bütün gün ofisdə qalmırdı. Ona görə ofisdə eyni vaxtda elə çox işçi olmurdu. Adətən jurnalistikada işin başlama və bitmə saatı olmur. Amma şərti olaraq pandemiya dövrü üçün bunu müəyyənləşdirmişdik.
– Pandemiya işin keyfiyyətinə necə təsir etdi?
– İdman sahəsi olduğu üçün öz sektorumuzdan danışım. Pandemiyaya görə ən böyük yarışlardan tutmuş xırda beynəlxalq turnirlərə qədər hamısı təxirə salındı. İndi-indi tamaşaçısız da olsa, bəzi yarışlar keçirilir. Bir ara məlumatsızlıq, xəbərsizlik özünü göstərə bildi. Yarışlar, idman tədbirləri yoxdursa, yeknəsəklik yarana bilir. Onun olmaması üçün arxivlərə baş vurduq, bəzən yaxın keçmişə nəzər saldıq, ölkə idmanında baş verən ən önəmli hadisələri tamaşaçılara çatdırdıq. Düzdür, bizi qınayanlar oldu ki, köhnə kadrları çox verirlər və s. Amma başqa variant yox idi. 24 saatlıq efirdir, bunlara getməyə məcbur qalmışdıq. Bundan başqa, bir sıra variantlara əl atdıq. “Geri dönüş” verilişi təşkil etdik. Demək olar ki, Azərbaycanda populyar olan bütün idman növləri ilə bağlı veriliş hazırladıq, həmin idman növləri üzrə məsul şəxslər o görüşdə iştirak etdilər. Həftədə iki dəfə onu yayımladıq. 30-a yaxın buraxılışı oldu. Həmin idman növü üzrə mövcud vəziyyət və problemlərdən çıxış yolları peşəkar şəkildə araşdırıldı. Futbolçular arasında “Ulduzların yarışı” adlı bilik yarışı təşkil etdik. Bir neçə belə verilişin adını çəkə bilərəm. Vəziyyətdən dolayı məcbur olub bu addımı atdıq, amma tamaşaçıların münasibətindən belə hiss etdim ki, effektli alındı. Mövcud durum bunu diqtə etdi, biz də zamanın nəbzini tutmağa çalışdıq. Tutduğumuz anlar da oldu, alınmayan məqamlar da. Hər halda, İdman TV olaraq çətin vəziyyətdən məqbul çıxdığımızı düşünürəm.
– Müxbirlər, aparıcılar pandemiya dövründə iş başında olmaqdan narazı deyildilər?
– Hər kəs öz vəzifəsini yerinə yetirmək üçün əlindən gələni edirdi. Tapşırıq hər zaman necə icra olunubsa, pandemiya dövründə də elə davam edib. Yarış və tədbirlər çox olmadığı üçün tapşırıqlarımız da əvvəlki qədər olmurdu. Amma biz əlavə verilişlər etdik, onlar üçün süjetlər hazırlamaq, müsahibə götürmək lazım gəldi. O məqamlarda da verilən tapşırıq həm texniki, həm də yaradıcı heyət tərəfdən qəti surətdə narazılıqla qarşılanmadı. İşgüzar kollektivdən nə tələb olunursa, etməyə çalışırdı.
– Pandemiya dövründə işə çıxan şəxslərə görə özlərindən çox onların yaxınları narahatdır. Sizdə də belə olub yəqin ki.
– Pandemiyaya rəğmən mən iş başında olmalıydım. Bu səbəbdən yoldaşım və övladlarım mənə görə narahat olurdular. Bunu hiss edirdim. Maska, spirt məsələsini xüsusilə nəzarətdə saxlayırdılar. Övladlarım tez-tez “Birdən atamın spirti qurtarar” deyirdilər. Evə çatan kimi əllərimi yuyurdum, spirtləyirdim. Evin havasını tez-tez dəyişirdik. Hər zaman virusdan qorunmaq üçün tələb olunan qaydalara maksimum şəkildə riayət edirdim. Ola bilər ki hansısa məqamda ehtiyatsızlıq etmişəm ki, virusdan qaça bilmədim.
– Xəstəliyi necə keçirdiniz?
– Vəziyyətimi həkimlər orta-ağır qiymətləndirdilər. Mənim səhvim ilk günlər xəstəliyi qrip bilməyim oldu. Elə düşündüm ki, qripdir, müəyyən prosedurlarla özümü yaxşı edib, işə çıxdım. Eyni vəziyyət təkrarlandı və bu səbəbdən xəstəlik məndə daha dərinə işlədi. 13 gün xəstəxanada yatandan sonra 2 həftə karantin rejiminə əməl etmək şərtilə evə buraxdılar. Evdə olan müalicəm də artıq başa çatdı.
– Koronavirusla ölüm-qalım mübarizəsi aparanlarla bağlı xəbərləri oxuyandan, həyatını itirənləri görəndən sonra virusla psixoloji mübarizə aparmaq çətin olar yəqin ki…
– Bu xəstəliyi dəf etməyin ən böyük məsələlərindən biri də psixoloji baryeri aşmaqdır. Virusla mübarizədə psixoloji baryeri aşmaq çox çətin olur. Həkimlərin xoş münasibətini, ümidverici danışıqlarını gördüm. Ürək-dirək verirdilər ki, sizdən də ağır vəziyyətdə olub sağalanlar olub.
Bir də adamın öz vəziyyətini analiz etməyi var. Qonşu palatalardakı xəstələrin durumuna, necə öskürdüyünə fikir verirdim. Deyirdim ki, onunla müqayisədə mən daha rahat keçirirəm. Belə şeylər vəziyyətdən çıxmaqda adama kömək edir, içində bir ümidin olur. Bu, “mən başqasına baxıb özümə şükür edirəm” kimi yanlış anlaşılmasın. Özüm qədər ordakı hər kəsin yaxşı olmağını istəyirdim. Amma klinikada öz vəziyyətini qiymətləndirmək üçün belə müqayisələri aparırsan.
Həyat mübarizədir, bu da onun bir parçasıdır. Yasa batmaqla heç nəyə nail olmaq mümkün deyil.
– Əsas odur ki, siz virusa qalib gəldiniz…
– Göydə Allaha, yerdə həkimlərimizə minnətdaram. Həkimlərlə bağlı deyilən ifadələr bir az bəlağətli görünə bilir, ancaq gedib işin içinə düşəndə görürsən ki, bu işlə məşğul olan həkimlər həqiqətən də fədakar insanlardır. Bir ay evə getmirlər, 8-12 saat xəstələrlə işləyirlər, sonra da mehmanxanaya gedirlər. Nə ailə görürlər, nə də uşaq. Yoluxma riski də böyükdür. Geyimlərini görəndə düşünürsən ki, bu vəziyyətdə adam bir dəqiqə tab gətirməz, amma 10-12 saat o geyimdə xəstələrə qulluq edirlər. Həkimləri ayaq üstə alqışlamaq azdır.
– İndi vəziyyətiniz necədir?
– Bu gün müalicəm yekunlaşır. Həkimlə əlaqə saxladım, artıq hər şey bitdi. Müalicələrdən sonra adaptasiya üçün də bir az zaman lazımdır. Bu qədər dərmanlar, sistemlər olub. Virus yoxdur, amma hələ gümrahlıq istənilən həddə gəlməyib. Yəqin ki 10-15 gün də buna lazım olacaq. 10-15 gün sonra müəyyən analizlər də verməliyəm ki, bir daha əmin olsunlar ki, orqanizmim üçün hər hansı problem yoxdur. Amma ümumilikdə, virus bitib.
– Rövşən müəllim, xəstəxanada olanda, heç düşünürdünüzmü ki, başqa sahədə çalışsaydım, evdən işləmək imkanım olsaydı, virusa da yoluxmazdım.
– Ən böyük problemim odur ki, işləməyəndə, məhv oluram. İş mənim üçün həyatın özüdür. İnsan işləməyəndə, psixoloji yüklənmə başlayır, lazım olan-olmayan bir çox şeylər barədə fikirləşir, yekunda sistematik pessimist ruha aparır çıxarır. İşimdən həmişə razı olmuşam, sevərək bu işi görənlərdənəm. Təmənnasız da olsa, mən bu işin içində olmağı arzulamışam. Ona görə heç o haqda düşünmədim.
– Pandemiya ilə hələ mübarizə aparırıq, amma sizin müalicəniz bitib. İşə çıxmaq haqqına düşünürsünüz?
– 5-ci gün mənim karantin müddətim bitir. Heç bir problem yaşanmasa, 1-ci gündən böyük ehtimalla işə çıxmağı düşünürəm.
Aygün Əhmədova