421858697

Ölkədə baş alıb gedən diskussiya nəyə xidmət edir?

Baxış sayı: 1. 107

Son dövrlərdə bir qayda olaraq ölkə mətbuatı və sosial mediada zorakılığın ən müxtəlif  forma və variantları qızğın diskussiya predmeti kimi qarşımıza çıxır. Hamı fikir bildirir, yadına gələn hər hansı bir əhvalatla bölüşür. Uşağına heç vaxt əl qaldırmadığı ilə öyünən kişilər, kişilərə “biqeyrət”, “binamus” deyən qadınların statusları ard-arası kəsilmədən sıraya düzülür.  Bu durumda isə xaricilərdə bəlkə də Azərbaycan barədə ailəsini daim təhqirə, zorakılığa məruz qoyan kişilərin ölkəsi təsəvvürü yaranar. Elə bil məişət zorakılığının vətənidir Azərbaycan, hər iki kişidən biri həyat yoldaşını döyməklə məşğuldur, uşağına qarşı isə ağlasığmaz işgəncə metodları tətbiq edir. Zora yol verməyən kişilər isə “Facebook”-da toplaşıb bunlara ağıl dərsi keçirlər.

 

Uşaq da var 11 yaşında hamilə qadını öldürüb

“Uşağa əl qaldırmaq olar, ya yox” sualı günümüzə hakim olub. Kimi deyir olar, kimi deyir olmaz. Hərə bir metodun tərəfdarıdır. Bu sualın birmənalı cavabı yoxdur, çünki heç bir dərdin universal dərmanı olmadığı kimi, universal cavab da ola bilməz. Uşaq var, bir gün dindirməsən danışmaz, uşaq da var 11 yaşında hamilə qadını öldürüb, dünyaya gələcək uşağın həyatına da son qoyub.

Cordan Braun atasının evlənmək istədiyi, 2 həftə sonra ana olmağa hazırlaşan 26 yaşlı Kenzi Xoyeki qətlə yetirdikdən sonra geyimini dəyişib, çantasını götürərək məktəbə yollanıb. Cordan heç bir vicdan əzabı çəkmədən törətdiyi cinayətin detallarını istintaqa bildirib. O, faktiki hələ anadan olmamış qardaşı və ya bacısını öldürüb, amma bundan peşman olmayıb.

12 yaşlı Kristian Fernandes 2 yaşlı qardaşını xüsusi qəddarlıqla, döyərək öldürüb. 2 yaşlı uşaq beyinə qan sızmasından keçinib. Bundan öncə Kristian qardaşının ayağını da qırıbmış. Yetkinlik yaşına çatmamış uşaqların törətdiyi qəddarlıq və cinayətlərin sayı-hesabı yoxdur. Hazırda yeniyetmə qızların yetkinlik dövrünə çatmamış ailə qurmaları yeni bir terminlə adlandırılıb: uşaq nikahı. Məsələn, 17 yaşında ailə quran gənc xanımlara uşaq deyilir. Hesab olunur, bu yaşda insan müstəqil qərar verə bilməz, yalnız ailənin təzyiqi ilə bunu edər. Halbuki, 11 yaşlı Meri Bell rəfiqəsi 13 yaşlı Norma ilə birgə iki aylıq fasilə ilə 3 və 4 yaşlı oğlan uşaqlarını boğub öldürüblər. Bu uşaqlara ölümdən öncə olmazın əziyyət də verilib. Bu cinayətə görə Meri 23 il həbsdə olub, hazırda başqa ad altında yaşayır. Ona uşaq deməyə insanın dili gəlmir.

 

Belə uşağı çırpmasan əgər, ya evdən bir kimsəni şikəst edəcək, ya da qonşuda

Hər xalqın öz tərbiyə sistemi, uşaq böyütmək qaydası var. Müxtəlif temperamentli xalqlara və fərqli mühitdə böyüyən uşaqlara eyni tərbiyə resepti tətbiq etmək olmur. Hazırda Finlandiya təhsil və tərbiyə sistemini tərifləmək bir dəbdir. Ümumiyyətlə, Skandinaviya ölkələrində olduqca maraqlı təhsil-tərbiyə praktikasına rast gəlirik. Heç bir zor yoxdur, yalnız uşağı maraqlandırmaq olar təhsillə.

Həmçinin də təhsil yükü olduqca aşağıdır. Heç bir artıq bilik təqdim edilmir, hesab olunur, uşaq gərək uşaqlığını yaşasın. Azad düşüncəli, istədiyini reallaşdıran, çoxlu orta səviyyəli insan yetişdirilir. Amma bu ölkələrdən nadir halda böyük alim və ya ixtiraçı ortaya çıxır. Riyaziyyat olimpiadalarını adətən Rusiya və Çin təmsilçiləri udur. Nəinki riyaziyyat, həm də fizika, kimya və sair fundamental elm istiqamətlərində də skandinavların uğuru duyulmur.

Dünya elminə kadr yetişdirmək üçün uşağı gərək elə kiçik yaşından yükləyəsən, bir dəqiqə boş vaxtı olmasın. Savadlı, bilikli, həm də düşünə bilən insan onda yetişir yalnız. Zor tətbiq etməsən, uşaq oxumaz, gərək nəzarət edəsən, çığırasan, lazım gəlsə, qulağını burasan, xoşladığı əyləncədən məhrum edəsən.

Uşaq var, bütün günü daşa-divara dırmaşır, ağacda oturur, neçə dəfə əl-ayağını sındırır, üstəlik, daha sakit bacı-qardaşının çənəsini qırır, burnunu dağıdır. Belə uşağı çırpmasan əgər, ya evdən bir kimsəni şikəst edəcək, ya da qonşuda. Uşaqlığı belə dəcəl olanlar artıq yetkinlik yaşında xeyli təmkinli və sakit olurlar. Enerjini tənzimləmək üçün idmana qoymaq olar. Belə uşaq evdə bir neçə televizor, planşet, smartfon qırmasa, sakitləşməz.

 

Valideyn uşağına heç nə demir, “qoy azad böyüsün” deyə düşünür

Bizdə uşağı başlı-başına buraxmaq ənənəsi yoxdur. Biz uşağa nəzarət etməyi sevirik. Amma ərəblərin heç vecinə deyil. Müəyyən yaşa kimi heç bir söz deməzlər. Sonra da söz deməyin mənası olmaz. Ölkəyə çoxsaylı uşaqları ilə gələn ərəb turistləri olduqları hər yerdə səliqəsizlik yaradırlar. Zibil atanların çoxu elə kiçikyaşlı uşaqlardır.

Harada yedi, oranı da zibilləyir. Valideyn uşağına heç nə demir, “qoy azad böyüsün” deyə düşünür. Belə ruhda böyüyən, heç bir təzyiqlə üzləşməyən uşaq tam məsuliyyətsiz bir şəxsiyyət kimi tərbiyə alır. Tələsdiyi yer də yoxdur, nə desən, deyər “Allah bilən məsləhətdir”. Elə uşaqlıqda necə yerə zibil atmağa adət edibsə, elə də davam edər.

Yaponlar da uşağa 7 yaşına kimi bir söz deməz. Amma ərəbdən fərqli olaraq bu yaşdan sonra sərt cəza da tətbiq edə bilərlər. Nəticədə bütün dünyanı texnologiya ilə təmin edə biliblər. Yapon heç yerə gecikməz, işini dəqiq, vaxtı-vaxtında görər. Qonşu İranda isə tərbiyə alan kişilər qadın üçün ideal kişi obrazını tam ehtiva edirlər. Danışıq tərzi yumşaq, qadına münasibət olduqca hörmətli olur. Ailədə qadına nəinki zor tətbiq etməyi düşünər, əksinə, bəlkə də onun istəyini reallaşdırmaq üçün əlindən gələni edər. Ötən əsrin 60-cı illərində istehsal olunmuş, bir vaxt Bakıda da məşhur olan “Avropalı gəlin” İran filminin özündən deyən qəhrəmanı Tormoz Hüseynin təbirincə desək, “bu gündən sənin nökərinəm” ifadəsi vəziyyətin tam göstəricisidir. Bu sözləri Hüseyn evləndiyi xanıma toy günü deyir.

 

Gərək ABŞ-ı cinayətkarlığın vətəni adlandıraq?

Azərbaycanda məişət zorakılığı, gender, təlim-tədris məsələlərində kifayət qədər həllini gözləyən problem var. Amma açığı, vəziyyət elə də pis deyil, məsələni şişirdirik bəlkə də. Əgər Azərbaycana zorakılığın məkanı desək, onda gərək ABŞ-ı cinayətkarlığın vətəni adlandıraq? Axı, orada ildə 13-15 min insan odlu silahdan qətlə yetirilir, 50 min insan yol qəzasında həlak olur, 2 milyonda artıq şəxs həbsdə yatır. Amma bütün dünya məhz ABŞ-da yaşamaq istəyir, “Qrin kart” üçün baş yarırlar. ABŞ ölkəyə miqrant axınını hər yolla məhdudlaşdırmaq istəyir, amma dünya buna görə Trampı qınayır. Deməli, elə də pis deyil.

Ölkəmizdə problem var, amma bunu isteriya halına gətirməyin də adı yoxdur. Əgər bu kişilər belə qəddar və zorakıdırlarsa, nə səbəbdən gecə-gündüz onun-bunun qapısında 10-15 manata çalışan minlərlə kişini müşahidə edirik? Ya ictimai nəqliyyatda hər səhər çörək dalınca evdən çıxıb, gecə yarısı qayıdan bu insanların kütləvi zorakılıq etməyə nə zaman imkanı çatır? Heç uşağının üzünü görə bilmir. Evdən gedəndə uşaq hələ yatır, qayıdanda isə artıq yatır.

Ümumi zorakılığın artmasının konkret səbəbləri var. İlk növbədə, internet və telekanallarla yayılan zorakılıq, ölüm səhnələrinin, hər cür ədəbsiz kontentin ard-arda nümayişi, geniş kütləyə əlçatan olması psixi pozuntuların sayını artırır. Əvvəl mümkünsüz görünən hərəkətlərin virtual məkanda açıq nümayişi, sonra bu onlayn layihənin həyatda reallaşmasına təkan verir. İnsan özü də bilmədən bunları təkrarlayır.

Daha bir problem təlim-tərbiyə və təhsil sistemində hər hansı bir konsepsiyanın olmamasına bağlıdır. Təhsil sistemində hələ də çoxlu eksperimentlə üzləşirik. Müxtəlif fikirli insanlar müxtəlif ruhlu dərslik istehsalı ilə məşğuldur. İnternetdə də öz məhsulumuzu ortaya qoya bilmirik. Xarici animasiyalar, xarici filmlər, xarici dşüncə-tərzi çox qarışıq kokteyl formasında beynimizə dolur.

Öz-özümüzü aşağılamaqdan uzaq durmalıyıq. Yoxsa, sabah “biqeyrət”, “binamus”, “qəddar”, “zorakı” dediyimiz, belə də gördüyümüz kişinin nə vətəni qorumaq, nə ailəsini saxlamaq istəyi olmayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir