Qalxanabənzər vəzi kiçikdir, cəmi 15-20 qram, amma bədənimizin çox vacib orqanıdır. Qalxanabənzər vəzi kəpənəyə oxşayan birləşdirici hissə ilə bir-birinə bağlanan iki bölmədən ibarətdir. Obrazlı şəkildə ifadə etsək, əgər bizim orqanizmimiz bir orkestrdirsə, qalxanabənzər vəzi onun dirijorudur. Bu orqanın sağlamlığını qoruyub saxlamaq üçün onun necə işlədiyini bilməliyik.
Orqanizmin idarəetmə sistemi
Qalxanabənzər vəzi bədənimizin idarəetmə – endokrin sisteminə aiddir. Bu sistemə həmçinin hipotalamus, hipofiz (mərkəzi sinir sisteminin bölmələri), gənc immun hüceyrələrinin “öyrədildiyi” və möhkəmləndirildiyi timus (çəngələbənzər vəzi), mədəaltı (pankreas), böyrəküstü, cinsiyyət vəziləri (kişi, qadın) aiddir. Onların hamısı birlikdə tək bir endokrin halqasını yaradaraq bir-birinə əlaqə və ya əks-əlaqə ilə bağlıdır.
Əgər həmin vəzilərdən birinin funksiyası azalıb pozulursa, bu, digərlərinin maddələr mübadiləsi prosesinə təsir göstərəcək, xəstəlik əlamətləri özünü büruzə verəcək. Buna görə də endokrin sisteminin işi bir qayda olaraq, ayrı-ayrılıqda nəzərdən keçirilmir.
Qalxanabənzər vəzinin funksiyaları çoxdur, ancaq orqanizm üçün ən əhəmiyyətlisi enerjinin sintezini (ifrazını), onun hüceyrələr tərəfindən mənimsənilməsini tənzimləməkdir. Bu orqan bütün orqanizmdə hüceyrələrin enerji mübadiləsinə cavabdehdir. Məlum olduğu kimi, hüceyrələr toxumaları, toxumalar orqanları və deməli, bütün orqanizmi formalaşdırır. Hamiləliyin 4-cü həftəsindən etibarən döldə qalxanabənzər vəzinin əsası qoyulur və 12-ci həftədən başlayaraq bu orqan artıq fəaliyyət göstərir. Qalxanabənzər vəzi qan təchizatı baxımından baş beyin, ürək, qaraciyər, böyrəklərlə bir sırada dayanır, qan təchizatı prosesində yaranan hər hansı bir problem onun fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bu faktın özü qalxanabənzər vəzinin orqanizm üçün nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Vəzinin toxumalarında qan dövranı əzələlərdən 50 dəfə daha sürətlə gedir. Mərkəzi sinir sistemi (baş beyin) ən çox enerji tələb edən sistemdir, onun fəaliyyəti birbaşa qalxanabənzər vəzi ilə əlaqəlidir.
Qalxanabənzər vəzi hansı hormonları ifraz edir?
Sinir sistemi xaricdən gələn reflekslərə (aclıq, təhlükə, qorxu) reaksiya verir ki, bu, hipotalamus tərəfindən təhlil edilir, o isə öz növbəsində Tiroid Stimullaşdırıcı Hormon (TSH) ifraz edən, qalxanabənzər vəzinin fəaliyyətinə birbaşa nəzarət edən hipofizlə qarşılıqlı əlaqə yaradır. Əgər vəzinin hipofunksiyası müşahidə olunarsa, TSH artacaq, ya da əksinə, hiperfunksiya zamanı TSH azalacaq.
Qalxanabənzər vəzi üç hormon ifraz edir: tiroksin (T4), triyodteronin (T3), kalsitonin. Eyni zamanda, bədənin homeostazını (özünütənzimləmə, ətraf mühitin dəyişməsinə qarşı sabitliyin qorunub saxlanılması) dəstəkləyir.
T3, T4 enerji mübadiləsi də daxil olmaqla, bütün maddələr mübadiləsi proseslərinə (yağ, zülal, vitamin, mineral) cavabdehdir. Tiroid hormonlarından başqa, peptid hormonu kalsitonin də sintez olunur.
Hərçənd onun orqanizmdəki rolu hələ tam olaraq başa düşülməyib, amma ümumilikdə əzələ-skelet sistemi üçün çox vacib olan qanda daimi kalsium konsentrasiyasını təmin etdiyi məlumdur.
Vacib fakt! Bədəndəki yod miqdarı qalxanabənzər vəzinin işinə çox təsir göstərir. Orqan özü yod ehtiyatı toplaya bilmir, odur ki, həmin maddənin qida ilə qəbulundan tamamilə asılı vəziyyətdəyik.
TSH hormonu yod qəbulunu tənzimləyir.
Qalxanabənzər vəzinin fəaliyyətinin pozulma səbəbləri
1.Stress. Uzunmüddətli, xroniki stresslər baş beynin işinə öz təsirini göstərir. Nəticədə o, qalxanabənzər vəzinin işini düzgün yönləndirməyə bilər. Qalxanabənzər vəzi isə hər hansı bir amilin təsiri ilə funksiyasının pozulması nəticəsində baş beyinə təsir göstərərək stressə, insanın emosional vəziyyətinin dəyişməsinə səbəb ola bilər.
2.Qida. Qalxanabənzər vəzi istənilən toksiki yüklənməyə qarşı çox həssas olduğundan konservantlar, nitratlar, pestisidlər, həmçinin hər hansı digər toksiki maddə ilə zəngin qidalar onun fəaliyyətinin pozulmasına səbəb ola bilər. Eləcə də, vitamin-mineral kompleks, zülallar, yağlar, karbohidratlarla zəngin olmayan qidalar qalxanabənzər vəzinin normal şəkildə hormon ifraz etməsinə mane olur. İstənilən hormonun ifrazı üçün zülal çox vacibdir. Hormonlar özü də, əslində zülaldan ibarətdir. Bununla belə, hormon ifrazı çox enerji tələb edən proses olduğundan, yağlar, karbohidratlar qalxanabənzər vəzinin normal fəaliyyəti üçün az əhəmiyyət daşımır.
Vacib fakt! Qalxanabənzər vəzinin yaxşı işləməsi üçün insan bir gündə 150-220 mikroqram yod qəbul etməlidir. Biz yodu yalnız qida vasitəsilə əldə edirik. Qəbul etdiyimiz yodun təbii olması çox vacibdir, çünki başqa formada olanda maddə orqanizm tərəfindən mənimsənilmir. Qida məhsullarından dəniz kələmi və digər bütün yosun növləri, şor su balığı, dəniz məhsulları, xurma, feyxoa, qoz yodla zəngindir. Duzdakı yod orqanizm tərəfindən mənimsənilmir, qızdıranda isə buxarlanır. Yaddan çıxartmayaq ki, selen, sink maddələri olmadan da yodun mənimsənilməsi çətinləşir. Buna görə də ən yaxşısı, dəniz məhsullarına üstünlük verməkdir. Onların tərkibində Mendeleyevin dövri cədvəlindəki faydalı elementlərin çoxu var. Bundan başqa, xaççiçəklilər fəsiləsindən olan əksər bitkilərin (kələmin müxtəlif növləri) tərkibində yod mövcuddur.
3. İçkilər. Müxtəlif növ sintetik enerji içkiləri beyin, böyrəküstü vəzilərin işini pozur, bunlar isə endokrin sisteminə aid orqanlardır və əks-əlaqə sistemi ilə bir-birinə bağlıdır. Odur ki, qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasına, ilkin xəstəlik əlamətlərinin yaranmasına gətirib çıxarır.
4. Virus, parazitlərin hücumu. Virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə (toksokarlar) yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir. Bunun sadə anatomik səbəbi var. Qalxanabənzər vəzi boğazdakı badamcıqların yaxınlığında yerləşir, onlarla eyni limfatik hovuza malikdir, ümumi qan damarları ilə əhatə olunub. Odur ki, traxeit, angina, haymorit, faringit, tonzillit kimi iltihablı xəstəliklərin törədiciləri qalxanabənzər vəziyə də daxil olur. Bu isə vəzinin şişməsinə, autoimmun terioditə gətirib çıxarır. Sonuncunun yaranıb-yaranmadığını müəyyənləşdirmək üçün qan analizi vermək olar.
5. Oksigen və qidalı maddələr. Baş beyin birbaşa qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir, odur ki, onun qan təchizatı adekvat olmalıdır. Bunun üçün isə damarlar elastik olmalı, qan laxtalanması ilə bağlı problem yaranmamalıdır ki, venalarda tıxanma əmələ gəlməsin. Belə qan toksinlər, karbon dioksidlə zəngin olur ki, bu da birbaşa beynin və qalxanabənzər vəzinin funksiyalarının pozulmasına gətirib çıxarır. Necə deyərlər, “baş komandanın qərargahı” rəvan işləməlidir.
6.Zərərli vərdişlər. Alkoqol, aktiv, passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün çox təhlükəlidir.
7. Cinsi hormonlar. 45 yaşdan yuxarı qadınlarda estrogen səviyyəsindəki sıçramalar, ya da azalmalar səbəbindən qalxanabənzər vəzinin quruluşunda dəyişikliklər baş verə bilər. Bu, TSH hormonuna həssaslığı artırır, həmçinin vəzinin ölçüsünə, quruluşuna, hormonların ifrazına təsir göstərir. Buna görə də 45 yaşdan yuxarı qadınların vaxtaşırı hormonal analiz vermələri lazımdır.
8. Güclü şüalanma, ya da radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq.
9. Kifayət qədər fiziki fəallığın olmaması. Birbaşa göstərici sayılmasa da, dolayı yolla qalxanabənzər vəziyə öz təsirini göstərir. Belə ki, yalnız fiziki aktivlik effektli qan dövranına səbəb olur. Nəticədə qan durulur, oksigenlə zənginləşir və deməli, oksidləşmə-reduksiya proseslərinin normallaşmasına gətirib çıxarır. İstənilən fiziki hərəkət – bədən tərbiyəsi, Skandinaviya yerişindən tutmuş hovuzda üzmə və idman zalında məşqlərə kimi – orqanizmi toksinlərdən təmizləyərək qalxanabənzər vəzinin normal işini təmin edir.
Qalxanabənzər vəzinin xəstəliklərindən xəbər verən simptomlar
Orqanizmimizin göndərdiyi xəbərdarlıq siqnallarına heç də həmişə qulaq vermirik. Qalxanabənzər vəzinin narahatlığını göstərən 15 simptom var ki, xəstəliyin ilkin mərhələsində onlara diqqət yetirməklə vəziyyəti düzəltmək olar.
1-ci simptom: emosional vəziyyətin pisləşməsi. Qalxanabənzər vəzinin hipofunksiyası vaxtı seratonin hormonunun ifrazı azalır ki, nəticədə də səbəbsiz qüssə, laqeydlik hissi, yorğunluq, əzginlik yaranır. Hiperfunksiya vaxtı isə əksinə, əsəbilik, yüngül aqressiya, gözlərdə parıltı, yüksək fəallıq müşahidə olunur.
2-ci simptom: termorequlyasiyanın pozulması. Qalxanabənzər vəzinin ifraz etdiyi hormonlardakı dəyişiklik termorequlyasiya prosesinin pozulmasına gətirib çıxarır. Qalxanabənzər vəzinin hipofunksiyası vaxtı titrəmə, soyuğa qarşı dözümsüzlük, əllərin, ayaqların üşüməsi müşahidə olunur. Hiperfunksiyada isə əksinə, istilik basması, səbəbsiz tərləmə baş verir.
3-cü simptom: fiziki yük, qida rasionu dəyişməsə də, çəkinin dəyişməsi – qalxanabənzər vəzinin funksiyasının pozulmasına xarakterik olan əlamətdir. Hipofunksiya – səbəbsiz yerə kökəlmək; hiperfunksiya – kəskin şəkildə arıqlamaq və 4-5 kiloqramdan artıq çəki itirməyə səbəb olur.
4-cü simptom: həzm prosesinin, əzələ tonusunun pozulması. Hipofunksiya zamanı əzələlər zəiflədiyindən qəbizlik, köp əmələ gəlir. Öd kisəsinin fəaliyyətinin pozulması da müşahidə olunur. Ödün qatılaşması sonradan orada daşların yaranmasına gətirib çıxarır. Hiperfunksiya zamanı isə əzələ tonusu artdığından ishal halı baş verir.
5-ci simptom: saç tökülməsi, dərinin, dırnaqların strukturunun dəyişməsi. Hipofunksiya vaxtı dəridə, xüsusilə də, baldır hissədə güclü quruluq, qabıqlanma müşahidə olunur, dırnaqlar tez qırılır, dərinin rəngi bəzən sarıya çalır. Hiperfunksiyada dirsəklərdə və dabanlarda dəri qalınlaşır, göz qapağının ətrafında piqmentasiya yaranır.
6-cı simptom: bədənin temperaturunun uzun müddətlik aşağı düşməsi, ya da yüksəlməsi. Hipofunksiya hərarətin aşağı düşməsi ilə əlaqəlidir, hiperfunksiyada isə 37,1-37,5 dərəcə selsilik rəqəmlər müşahidə olunur.
7-ci simptom: oftalmoloji problemlər. Hiperfunksiya zamanı nadir gözqırpma yaranır, selikli qişasının quruması isə gözdən yaş gəlməsinə səbəb olur. Eləcə də, işıqdanqorxma, gözlərin bərəlməsi kimi hallar (ekzoftalm, ya da Bazedov xəstəliyi) yarana bilər. Qabarıqlıq göz almacığının arxasındakı yağ toxumasının sıxılması, böyüməsi səbəbindən meydana gəlir.
8-ci simptom: qeyri-sabit menstrual sikl. Hipofunskiya zamanı menstrual axıntı azalır, hiperfunksiyada isə ardıcıllığın pozulması müşahidə olunur. Hər iki halda hamilə qalmaq çətinləşir, hamiləliyin gedişatında problemlər yaranır.
9-cu simptom: libidonun azalması, potensiyanın pozulması
10-cu simptom: boğazda diskomfort hissi, boynun şişməsi. Ən çox rast gəlinən hal – qidanı yaxşı uda bilməmək, səbəbsiz yerə səsin tembrinin dəyişməsi, xırıltı, boğazda sanki nəyinsə qalması hissi, boynun gözgörəsi asimmetriyasıdır. Qeyd olunan simptomlar qalxanabənzər vəzinin böyüməsindən, ya da içində düyünlərin əmələ gəlməsindən xəbər verir.
11-ci simptom: ürəyin fəaliyyətinin pozulması. Hipofunksiya zamanı bradikardiya, arterial təzyiqin aşağı düşməsi, azacıq fiziki hərəkət etdikdə belə təngnəfəsliyin yaranması müşahidə olunur. Hiperfunksiyada isə əksinə, ürək döyüntüsü artır, dəqiqədə 80 dəfədən çox vurur, arterial təzyiq yüksəlir, sinədə ağrı yaranır, ürəyin sıxılması, boyun damarlarının açıq-aşkar pulsasiyası baş verir.
12-ci simptom: göz qapaqlarının və üzün şişməsi. Əsasən, gecələr müşahidə olunur, yuxudan oyanandan sonra şiş çəkilir. Hipofunksiya nəticəsində ürək əzələsində dəyişikliklər baş verir, qan axını yavaşlayır, maddələr mübadiləsi pozulur, bu da şişkinliyə səbəb olur.
13-cü simptom: əzələ ağrısı, uyuşma, əllərdə, ayaqlarda sancmalar. Bu zülal mübadiləsində baş vermiş dəyişiklik, hiperfunksiya zamanı əzələ həcminin azalması ilə əlaqədardır. Hormonal tarazlığın pozulması sinir impulslarının keçiriciliyinin azalmasına gətirib çıxarır ki, bu da sanki əllərə, ayaqlara iynə batması kimi hiss yaradır.
14-cü simptom: sümüklərdə dəyişiklik, osteoporoz. Kalsiotonin sintezindəki pozulmalar kalsium-fosfor mübadiləsində dəyişikliklərə səbəb olur, kalsiumun qandakı konsentrasiyası, ya da onun mənimsənilməsi azalır. Sümük kövrəkliyi, oynaq ağrısı, deformasiya müşahidə olunur.
15-ci simptom: tez-tez baş ağrısı, başgicəllənməsi. Bunun səbəbi arterial təzyiqin dalğalanmalarıdır. Hormonal tarazlığın pozulması vegetativ-damar xəstəliklərinə gətirib çıxarır.
Yuxarıda sadalanan simptomlardan hər hansı biri müşahidə olunarsa, TSH göstəricisi üzrə qan analizi vermək, onun nəticəsi əsasında həkimə müraciət etmək tövsiyə olunur.
Zob xəstəliyinin olub-olmadığını adi termometr vasitəsilə necə yoxlaya bilərik?
Çox sadə prosedurdur və apteklərdə satılan adi civə termometri vasitəsilə sınaqdan çıxarmaq olar. Termometr 35 dərəcə selsini göstərməlidir. Səhər yuxudan oyanıb yataqdan qalxmadan termometri qoltuğunuzun altına qoyun və 10 dəqiqə gözləyin. Əgər nəticə 36,5-36,8 dərəcə Selsi arasında dəyişərsə, deməli, sizin qalxanabənzər vəziniz normal işləyir və zob xəstəliyiniz yoxdur. Amma əgər termometr 36,5 dərəcədən aşağı hərarətdən xəbər verərsə, deməli, sizdə hipotireoz, yəni qalxanabənzər vəzinin funksiyasının aşağı düşməsi halı müşahidə olunur. Civə sütunu 36,8 dərəcədən yuxarını göstərərsə, bu, hipertireozdan – qalxanabənzər vəzinin funksiyasının artmasından xəbər verə bilər. Bu isə artıq zob xəstəliyinin başlanğıcı hesab olunur.
Qalxanabənzər vəzinin xəstəliyi – zob
Qalxanabənzər vəzidə düyünlərin, yəni zobun əmələ gəlməsi geniş yayılmış xəstəlikdir, təxminən hər üç nəfərdən birində müşahidə olunur. Bəzən düyünlər boğaza toxunanda hiss olunur, bəzən də USM zamanı üzə çıxır. Belə düyünlərin yalnız 10 faizi bədxassəli olur. Amma hər bir halda qalxanabənzər vəzidə düyün müəyyən olunarsa, TSH hormonu üzrə qan analizi vermək vacibdir. Əgər hormonun miqdarı aşağı çıxarsa, sizi heç bir təhlükə gözləmir. Əgər TSH normadan yuxarı olarsa, bu zaman düyündən nümunə götürülərək biopsiya aparılır. Biopsiyaya yalnız o halda ehtiyac yaranır ki, zobun ölçüsü 1 santimetrdən böyük olsun və get-gedə artsın. Əgər qalxanabənzər vəzinin orqanizminizə uğurla “dirijorluq” etməsini istəyirsinizsə, zərərli vərdişləri yaşamınızdan çıxarıb sağlam həyat tərzinə keçməlisiniz.