AILE

Ailədaxili mübahisəni yaxşı münasibətə necə çevirməli?

Baxış sayı: 953

İdeal ailələrdən bəhs edərkən reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yoxdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik…

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə, ümidsizliyi bir kənara qoymalıyıq…

Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə, məsələni çox da uzatmamaqdır.

Hər kişi və ya hər xanım həyat yoldaşının xasiyyətini yaxşı bilir. Biz istəsək, xoşagəlməz hadisələri əvvəlcədən sezib tədbir görə bilərik. Bir də ki, mübahisələrdə aktiv tərəf kimi xanımların əlindən nə xilas olub ki, səadət də xilas olsun?

Qoy dava-dalaşlarınızın ” quyruğu qısa olsun “. Xüsusilə də o gün axşam olmamış mütləq barışın. Küsülü yatsanız, həyatınız da gecənin rənginə bürünər. Heç bir şeydən ləzzət ala bilməzsiniz.
aile

Mövzumuzla bağlı bir rəvayətə müraciət edək: Bütün şeytanlar hər axşam Qaf dağının arxasında görüşürlər. Hər biri yoldan çıxarmaq üçün məsul olduqları insana o gün nə iş gördürdüklərini danışırlar. Hamısının sözü bitdikdən sonra mükafat mərasimi keçirirlər. Ən böyük mükafatı kimə verirlər, bilirsinizmi? Ərlə arvadın arasını vuran şeytana… Ona görə də şeytanı sevindirməmək, məsələni böyütmədən barışmaq, şeytanı yormaq lazımdır ki, ümidini sizdən üzüb başqasını axtarsın…

O zaman siz bu işdən həmişə üzüağ çıxarsınız. Əgər haqlıdırsa, üzr istəmək, haqsızdırsa, üzrü qəbul etmək böyüklükdür. Bu böyüklüyü həm ailə səadətimiz, həm özümüz, həm də uşaqlarımız üçün göstərmək məcburiyyətindəyik.

Adi bir qürur üçün yuva yıxmağın, birə üçün yorğan yandırmağın nə mənası var, deyə bilərsinizmi? Ucu-bucağı görünməyən mübahisələrin uşağımızın ruhunda törətdiyi fəsadları gözlərimizlə görə bilsəydik, inanıram ki, heç bir ata-ana (ən azı uşaqların gözü qarşısında) mübahisə etməzdi.

Biz uşaqlarımızın qorxu ilə açılmış gözlərinə, ağlamağa hazır titrəyən dodaqlarına laqeyd qalacaq qədər amansız deyilik. Elə isə, dava-dalaşlara son qoyaq. Əvvəlki hadisələri yada salıb yeni mübahisələr yaratmayaq. Qoy keçmiş keçmişliyində qalsın. Biz ümudlə addımlayaq sabaha. Evlərimizdən dava-dalaş səsləri yox, uşaq gülüşləri eşidilsin. Cənnət baxçasına dönsün yuvamız. Bir-birini sevən, sayan, bir-birinin hüquqlarına hörmət edən ailələr səadəti hələ bu dünyada ikən yaşayarlar.

Söz-söhbətlərimiz sözdən-söhbətdən uzağa getməməli, sevərək evləndiyimiz həyat yoldaşımızın həm həyatı, həm yoldaşı olmalıyıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir