valideyn

DİQQƏT! – Bu valideynləri 2 ildən 5 ilə kimi həbs cəzası gözləyir

Baxış sayı: 706

“Valideynin uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətməsi, valideynin öz vəzifələrini yerinə yetirməməsi onun valideynlik hüququndan məhrum olunmasına gətirib çıxara bilir”.

Bunu hüquqşünas Şamil Paşayev bildirir. O, son günlər bütün sosial şəbəkələrdə müzakirə olunan azyaşlının atası tərəfindən mütəmadi olaraq şiddətə məruz qalması məsələsinə aydınlıq gətirib. Şamil Paşayev deyir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

“Uşaqların qayğısına qalmaq, uşaqların tərbiyəsi ilə məşğul olmaq valideynin borcudur və onu yerinə yetirməlidir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Xəsarətin nəticəsindən asılı olaraq valideyn inzibati məsuliyyətə eyni zamanda əgər xəsarət yüngül, az ağır olsa cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Əgər ata  və ananın ikisinin bir yerdə uşağa işgəncə verməsi faktı təsdiq olunarsa, belə olan halda cinayət məcəlləsinin 133-cü maddəsi ilə əzab vermə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Çox təəssüf ki, təkcə bu yox, gün ərzində bir neçə belə hadisə ilə qarşılaşırıq. Bəs, uşaqlara qarşı şiddətin çoxalma səbəbi nədir?

 

Psixoloq İlhamə Musaqızı isə şiddətin yaranma səbəblərindən danışdı:

“Hər bir insanın uşaqlıqdan qalma travmaları olur. Elə valideynlər var ki, uşaq vaxtı onlara qarşı çox şiddət olub. Və insan uşaq vaxtı olan hər şeyi yaddaşına yazır, unutmur. Həmin insan böyüyəndə bu onun xarakterində özünü büruzə verir. Uşaqlıqda gördüyü şiddəti, aldığı travmanı istər-istəməz ətrafında olanlar üzərində tətbiq edir. Bu onun həyat yoldaşı, ailəsi, uşaqları, dostları ola bilər. Şiddət təkcə fiziki yox həm də mənəvi olur. Valideyn uşağı onun hər hərəkətinə görə qınayır, danlayır, onlara rəğbətlənmə hissi vermirlər. Uşaqların hər hansı bir uğuruna sevinmirlər, yaxud bunu uşağa göstərmirlər. Bu da şiddətin bir növüdür. Bundan əlavə sözlü şiddət də var ki, uşağa “sən heç nə bacarmırsan”, “səndə alınan deyil” kimi ifadələr deyirlər. Və hamımızın bildiyi fiziki şiddət var. Bunu da uşağa əl qaldırmaq, onu döymək, zədələməklə müşahidə edirik”.

 

Sual yaranır: Valideynlər nələri bilməlidir? Psixoloq deyir ki, bu elə ən asanıdır:

“Valideynlər uşaqlarının hər bir uğurunda onları ruhlandırmalı, afərin deməyi unutmamalıdırlar. Uşaqların ən kiçik səhvində belə şiddət göstərmək əvəzində, onlarla birlikdə bu problemin öhdəsindən necə gəlmək lazım olduğuna çalışsınlar. Belə olduqda uşaqlar böyüyüb şəxsiyyət kimi formalaşanda qarşılarına çıxan problemləri aqressiya ilə yox, daha sakit və təmkinli həll edib yoluna qoymağa çalışacaqlar. Bu təkcə onların şəxsi həyatında deyil, təhsilində, işində də özünü göstərəcək, böyük kömək olacaq. Bir sözlə valideyn tərbiyəsi bir uşağı insan kimi formalaşmasında böyük rol oynayır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir